“Muğam televiziya müsabiqəsi - 2011” başa
çatıb
Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti
Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı
ilə dörd ay davam edən “Muğam televiziya müsabiqəsi
- 2011” başa çatıb. İyunun 10-da Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında müsabiqənin final
mərhələsi və qaliblərin
mükafatlandırılması mərasimi keçirilib.
Final axşamı bu möhtəşəm
musiqi layihəsinin gerçəkləşməsində, Azərbaycan
muğam sənətinin qorunub saxlanılmasında, təbliğində
və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun
prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz
xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki,
muğam sənəti sahəsində yeni istedadların üzə
çıxarılmasında Heydər Əliyev Fondunun
böyük rolu olub. Bundan əvvəlki televiziya muğam
müsabiqəsinin iştirakçılarının sədası
indi təkcə Azərbaycanın deyil, dünyanın möhtəşəm
səhnələrindən, beynəlxalq musiqi məclislərindən
gəlir.
Diqqətə
çatdırılıb ki, “Muğam müsabiqəsi - 2011”-ə
bu il fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində
startı verilib. Həmin gün “Azərbaycan Televiziya və
Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin
bazasında yeni “Mədəniyyət” telekanalının da
açılışı, sözün əsl mənasında
bayramı bayrama qatıb.
Müsabiqənin münsiflər
heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov,
Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum
İbrahimov, sənətşünaslıq doktoru, professor Ramiz
Zöhrabov və Əməkdar incəsənət xadimi Nadir
Axundov iştirakçılara təqdim olunduqdan sonra söz
muğama verilib.
Müsabiqənin final mərhələsinə
çıxmış 6 gənc ifaçı - Nigar
Şabanova, Ariz Hüseynov, Kamilə Nəbiyeva, Məmməd
Nəcəfov, Səbinə Ərəbli və Mirələm
Mirələmov tamaşaçılar və münsiflər
heyəti qarşısında bir daha imtahan veriblər. Onların
bir-birindən gözəl ifalarını
tamaşaçılar heyranlıqla qarşılayıb.
Sonra müsabiqənin qaliblərinin
adları elan olunub və mükafatlandırma mərasimi
keçirilib. “Muğam müsabiqəsi - 2011”-in
iştirakçılarından 14 nəfərə diplomlar təqdim
edilib. İştirakçılardan Mustafa Mustafayev
“Tamaşaçıların rəğbəti”
mükafatına layiq görülüb və ona üzərində
müsabiqə təşkilatçılarının emblemi
olan qaval hədiyyə olunub.
Müsabiqənin münsiflər
heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov
və Səbinə Ərəbli birinci, Məmməd Nəcəfov,
Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar
Şabanova üçüncü yerləri tutublar. Qaliblərə
diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi
simvolları olan qiymətli xatirə hədiyyələri təqdim
olunub.
Münsiflər heyəti adından
Xalq artisti Əlibaba Məmmədov çıxış edərək
bildirib ki, bu müsabiqə təkcə musiqi
yarışması deyil: “Bu müsabiqə Azərbaycan
muğamlarına yeni nəfəslər, yeni ifalar gətirir. Belə
bir nəcib layihənin reallaşdırılmasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xalqımız
qarşısındakı xidmətlərini xüsusi qeyd etmək
istəyirəm”.
Sonra qaliblər və diplomantlar
birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər. Muğam
müsabiqəsinin finalı bütün
iştirakçıların ifasında Azərbaycanın
dövlət himninin səslənməsi ilə başa
çatıb.
Mədəniyyət.- 2011.- 15 iyun.-
S. 5.