Turistlər
Azərbaycana hansı
məqsədlərlə gəlir?
BMT-nin İnkişaf Proqramı yeni sorğunun nəticələrini
açıqlayıb
BMT-nin
İnkişaf Proqramının (UNDP) Azərbaycanda «Turizmin
inkişaf layihəsi» çərçivəsində
keçirilən «Xarici vətəndaşların Azərbaycana
dair təəssüratlarının öyrənilməsi»
adlı növbəti sorğunun nəticələri
açıqlanıb. Müxtəlif istiqamətlər üzrə
aparılan tədqiqatlar maraqlı nəticələr ortaya
qoyur.
Məlum olub ki, əcnəbi vətəndaşların
böyük əksəriyyəti Azərbaycana məqsədyönlü
səfər edirlər (97%). Qalan 3 % turist isə ölkəmizin
ərazisindən tranzit olaraq istifadə edənlərdir. Tədqiqata
əsasən, təxminən 70 faiz turist Azərbaycana
işgüzar məqsədlərlə (biznes, tədbirlərdə
iştirak), əlaqələr yaratmaq üçün gəlir.
Əcnəbilərin Azərbaycana səfər etmələrinin
ikinci əsas səbəbi isə əyləncə, maraq və
istirahətdir (14,5%). İkincilərin əksəriyyətini
Rusiya (38%) və Türkiyə (19%) vətəndaşları təşkil
edir.
Nəticələr onu deməyə
əsas verir ki, hələlik Azərbaycana xaricdən turist
axınına təkan verən faktorlardan biri ölkəmizdə
təşkil olunan müxtəlif beynəlxalq tədbirlər,
digəri isə əlverişli investisiya mühitidir.
Sorğu nəticələri
göstərir ki, Azərbaycanda hər bir turist orta hesabla 9,8
gün qalır. Əksəriyyət isə 1-6 gün
qalmağa üstünlük verir (52,8%). Turistlərin əksəriyyəti
Bakı şəhərində qalır. Regionlara isə 18 faiz
əcnəbi turist səfər edir. Rayonlar turistləri əyləncə,
istirahət, maraq yeri kimi (35%) cəlb edir. Azərbaycanda həm
ənənəvi, həm də müasir müalicə
imkanlarının mövcud olduğunu nəzərə alsaq,
sağlamlıq turizmi üçün gələnlər
ümumi respondentlərin 6 faizini təşkil edir.
Azərbaycan
haqqında ən çox internetdən məlumat alınır
Tədqiqat nəticəsində məlum
olub ki, Azərbaycana səfər edən xarici vətəndaşların
böyük hissəsi (46%) ölkəmiz haqqında məlumatı
internetdən əldə edir. 40 faiz respondent Azərbaycan
haqqında məlumatları dost-tanışdan
aldığını qeyd edib. Sorğu nəticəsində o
da məlum olub ki, İçərişəhər Bakıda
turistlər tərəfindən ən çox ziyarət edilən
yerdir (66%). Araşdırma nəticələrindən də
görünür ki, ənənəvi Azərbaycan mətbəxi
xarici turistlər üçün əvvəlki tək öz
cəlbediciliyini saxlayır. Restoranlar Azərbaycan mətbəxini
xarici turistlərə yaxşı tərəfdən
tanıdıb və sevdirə bilib (53.2%).
Turizm
xidmətləri məmnunluq doğurur, qiymətlər isə...
Turizm sosial-mədəni xidmət
sahəsinə aid olduğundan bu sahədə insanın mənəvi,
intellektual tələbatları təmin olunmalıdır. Araşdırmanın
nəticələri göstərir ki, bu amilə ölkəmizdə
əksər hallarda əməl olunur. Belə ki turistlərin əksəriyyəti
(84%) onların qarşılanmasından tutmuş, öz
ölkələrinə yola salınmasına qədər xidmətlərdən
və turizm yerlərində onlara göstərilən xidmətlərdən
məmnundurlar. Xidmətlərdən məmnun qalmayanlar əsasən
qeyri-peşəkarlıqdan şikayətləniblər. Turizm
yerlərindəki xidmətlərin keyfiyyətindən məmnun
qalmayan turistlərin əksər hissəsi hesab edir ki, xidmət
yerlərindəki personal peşəkar deyil (57%). Onlar əsasən
turizm obyektlərindəki səliqəsizlikdən (15%), kommunal
xidmətlərdəki problemlərdən (13%), keyfiyyətsiz
yeməklərdən (11%) şikayətlənirlər.
Rəyi soruşulanlar qiymətlərdən
o qədər də məmnun qalmadıqlarını bildiriblər
(56%). Bu üzdən əcnəbilər Azərbaycanı turizm
üçün bahalı ölkə sayırlar. Respondentlərin
çoxu (90%) qiymətlərin 50 faizədək
ucuzlaşdırılmasını tövsiyə edir.
Hər xarici
turist Azərbaycanda orta hesabla 893 manat xərcləyir
Respondentlərin “Azərbaycanda olduğunuz
müddət ərzində
orta hesabla nə qədər vəsait xərclədiniz”
sualına verdikləri
cavablar da maraq doğurur. Məlum olur ki, xarici
turistlər Azərbaycanda
olduqları vaxt ərzində adambaşına
orta hesabla 893 manat pul xərcləyirlər.
Bir gün ərzində onların xərclədiyi
vəsait 96 manatdır.
Sorğuda iştirak edən
turistlərin əksəriyyəti
Azərbaycana yenidən
səfər edəcəyini
də deyib (57%).
Respondentlər əminliklə vurğulayırlar
ki, verilən tövsiyələr nəzərə
alınarsa, ölkədə
turizm sektorunda müşahidə edilə
biləcək müsbət
meyllər bu sektorun potensial imkanlarını artıracaq,
həmçinin turizmi
iqtisadiyyatın öncül
sahələrindən birinə
çevirəcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 5.