“Silahlı
münaqişələr zamanı
mədəni sərvətlərin qorunması”
Xalça Muzeyində beynəlxalq təlim keçirildi
İyunun
13-də Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı
nümayəndəliyi və Beynəlxalq Muzeylər
Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin
birgə təşəbbüsü ilə “Silahlı
münaqişələr zamanı mədəni sərvətlərin
qorunması” adlı beynəlxalq təlimlər keçirildi.
«Silahlı münaqişələr
zamanı mədəni sərvətlərin qorunması
haqqında» 1954-cü il Haaqa Konvensiyasının II protokolunun
yerinə yetirilməsinin praktiki təlimatı müzakirəsinə
həsr olunan təlimdə silahlı münaqişələr
zamanı zərər çəkən mədəni irs
haqqında çıxışlar dinlənildi.
Tədbiri Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayev açaraq bildirdi ki, münaqişələr
zamanı mədəni sərvətlərin qorunması ən
aktual mövzudur: «Ermənistanın ölkəmizə hərbi
təcavüzü nəticəsində Azərbaycanın maddi
və qeyri-maddi sərvətlərinin
dağıdılması faktdır. Talan edilmiş mədəni
irs nümunələrimizin geri qaytarılması, bərpası
işində bizə beynəlxalq təşkilatların
köməyi lazımdır. Hər bir xalqın sərvəti
o xalqa məxsus olmalıdır. Biz UNESCO ilə əməkdaşlıq
edirik. Bu işlərin intensivləşməsinə ehtiyac var.
Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə
də bu kimi tədbirlərin keçirilməsinə dəstək
verəcək».
Daha sonra BQXK-nın Azərbaycandakı
nümayəndəliyinin başçısı Şerin
Pollini «Rəqabət aparan prioritetlər: mədəni sərvətlərin
humanitar qanunlar əsasında qorunması və BQXK-nın Azərbaycan
fəaliyyəti» mövzusunda çıxış etdi. Bildirdi
ki, hazırda əsas məsələ bu sahədə səmərəli
sistemin yaradılmasıdır: «Belə münaqişələrdə
Beynəlxalq Qızıl Xaç Komitəsinin əsas
mandatı insanların və mədəni sərvətlərin
qorunmasıdır. Münaqişələr zamanı mədəni
sərvətin qorunması üçün səmərəli
sistemin yaradılmasını düşünməliyik. Çünki
hər xalqın mədəni sərvəti dünya mədəni
sərvətinin bir hissəsidir. Bu həm də münaqişədə
olan dövlətlər arasında kəskin düşmənçilik
hissinin qarşısının alınması
üçündür”.
BQXK-nın hüquqi qaydalar üzrə
regional məsləhətçisi Maria Teresa Dutli isə
«Silahlı münaqişələr zamanı mədəni sərvətlərin
qorunması qaydaları və 1954-cü il Haaqa
Konvensiyasının II protokolunun əhəmiyyəti»
mövzusunda çıxış etdi: «Təəssüflə
qeyd etmək istəyirik ki, münaqişələr zamanı
mədəni sərvətlərin dağıdılması
halları davam edir». Beynəlxalq Muzeylər Şurası
(İCOM) Azərbaycan Milli Komitəsinin sədri Röya
Tağıyeva isə bildirdi ki, milli mədəni irs nümunələri
inventarlaşmalıdır, onların fotoları
olmalıdır. Hər bir konfliktdə milli-mədəni dəyərlər
qorunmalıdır.
Tədbir çərçivəsində
daha sonra «Azərbaycanda silahlı münaqişə zamanı
mədəni sərvətlərin qorunması: hazırkı vəziyyət
və perspektivlər» mövzusunda dəyirmi masa keçirildi.
Qeyd edək ki, «Silahlı
münaqişələr zamanı mədəni sərvətlərin
qorunması haqqında» Haaqa Konvensiyasının II protokolu Azərbaycan
Respublikası tərəfindən 17 aprel 2001-ci il tarixində
ratifikasiya edilib.
Gülər
Mədəniyyət.-
2011.- 15 iyun.- S. 3.