Qədim xalq sənətimiz:
Cecim: inkişaf xüsusiyyəti və
məişətdə yeri
Ənənəvi
toxuculuq sənətimizdə ipək məmulatı xüsusi
yer tutur. Onun emalının ölkəmizdə tarixən iki
üsulu (əyirmə və çəkmə-sarıma)
mövcud olub. Bu qədim xalq sənətinin maraqlı
xüsusiyyətləri var. Bu barədə danışmaq
üçün Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elm
fond şöbəsinin müdiri, tarix elmləri namizədi
Gülzadə Axundovaya müraciət etdik.
- Qədimdə ipəkdən kustar
üsulla hazırlanan məmulatlardan biri də cecim olub. Cecim -
xalça məmulatlarının daha arxaik növü hesab
olunur. Cecim sadə üfüqi və ya şaquli dəzgahlarda
hazırlanırdı. Texniki nöqteyi nəzərdən cecim
və palaz eynidir. Fərq yalnız ondan ibarətdir ki,
palazlardakı rəngli zolaqlar üfüqi, cecimlərdə isə
şaquli yerləşir. Toxuculuğun ilkin inkişaf dövrlərində
cecim məişətdə geniş istifadə olunurdu. Ondan
yastıqlar, örtüklər, süfrələr,
qoltuqaltılar, həmçinin aşırma heybə, toqqa,
dağarcıq, duz torbası, çuval
hazırlayırdılar. Yun cecimlərlə yanaşı
bahalı ipək cecimlər də toxunurdu. Firavanlıq əlaməti
hesab olunan ipək cecimlər evin içərisinin bəzədilməsi
üçün istifadə olunurdu.
Keçmişdə
kümdarlıqla məşğul olan kəndlərdə demək
olar ki, bütün qadınlar cecim toxumağı bacarıb. Cecimi,
adətən, qadınlar tək toxuyublar. Lakin ikiqat və
mürəkkəb ornamentli cecim növlərinin istehsalında
toxucunun yanında ipək tellərini aralamaqla məşğul
olan daha bir nəfər köməkçi -
"yançı" olub. Cecim
istehsalçılarının əsas hissəsini bilavasitə
öz xammalı ilə iş görən kümdar qadınlar
təşkil edib. Lakin əmtəə-pul münasibətlərinin
inkişafı ilə əlaqədar olaraq, şəhər
qadınları arasında satınalma ipəkdən cecim
toxuyanlar da az olmayıb.
- Bu məmulatın ərsəyə
gəlməsi prosesi necədir?
- Bu proses bir sıra mərhələlərdən
keçir: baramanın açılması, ipək telinin ilkin
emalı, xam ipəyin bişirilməsi, çillə və
ara ipəyinin hazırlanması, toxuma texnologiyası, boyama və
naxışlama üsulu və s. Onun əldə olunması
üçün barama ilk növbədə kül və sabun
məhlulunda bişirilib pilə halına salınır. Bu
istehsal prosesində əsasən çıxdaş baramadan
(tonpal, çatal, kəpənəkləmiş) istifadə
olunur.
Əyirmə üsulu ilə pilədən
keci sap hasil edilir. Əl iyi (teşi, əyircək, tağalaq)
vasitəsilə pilədən əyrilən keci sap əvvəlcə
ikiqat, üçqat, dördqat və s. olmaqla, kələflənir
və yumaq halına salınır. Daha sonra cəhrə vasitəsi
ilə bükdərilir. İpəkçilik sənətində
bu əməliyyat "tovvermə" adlanır. Teşi vasitəsilə
keci sapa tovvermə üsulu xüsusilə kümdarlar
arasında geniş yayılıb. Bunun üçün ələk
və ya qazana salınmış sarıqlı teşilərin
hərəsindən bir tel götürülməklə, onlar
birləşdirilib başqa bir boş teşi üzərinə
sarınır. Bunun üçün baş və şəhadət
barmağının köməyi ilə əl iyinin yuxarı
ucundan burub fırlatmaqla tellərə birgə "tov"
verilir.
Keçmiş məişətdə
cecimə tələbat xüsusilə böyük olub. Şəhər
və kənd evlərində ən münasib toxuma məmulatı
cecim parçalar sayılıb. Cecim toxunuşlu ipək məmulatından,
həmçinin, bir sıra geyim növləri (köynək,
şalvar, çuxa, arxalıq, qurşaq, dolaq və s.)
hazırlanıb. Bundan əlavə heybə, yəhər
qaşı (zimquş, ladı çörək torbası, duz
torbası, qaşıqlıq və s. kimi zəruri məişət
ləvazimatı cecimdən düzəldilib. Bütün
bunlarla yanaşı, qeyd etdiyim kimi, xalis ipəkdən
toxunmuş cecim keçmiş məişətdə cah-cəlal,
qiymətli ev əşyası hesab edilib.
- Cecimçiliyin ixtisaslaşmasında
yardımçı peşələr haqqında nə deyərdiniz?
- Bu sənətin başlıca sahəsini
xam ipəkdən mütəhərrik dəzgahlarda toxunan zərif
ipək parça təşkil edir. Karxana şərbaflığında
ixtisaslaşmanın dərinləşməsi nəticəsində
istehsal prosesində bir sıra yardımçı peşə
növləri yaranır. Baramanın açılıb kələf
çarxı üzərinə sarınması
mancılıqçı, xam ipək tellərinin seçilib
yenidən güpü üzərinə sarınması ilə
nəqqat, ipək tellərin tovlanması ilə tovçu, ara
ipəyinin sarınması ilə sarıyıcı (lüləvəkil)
və s. məşğul olur.
- Bu sənətdə
naxışları, ornamental xüsusiyyətləri necə səciyyələndirmək
olar?
- Cecim naxışları ornamental
xüsusiyyətlərinə görə palaz bəzəkləri
ilə oxşarlıq təşkil edir. Bu oxşarlıq,
xüsusilə zolaqlı cecimlərdə daha qabarıq şəkildə
görsənir. Cecim naxışlarının tipik növü
olan ala-bəzək zolaqlar dar və enli xətlərdən,
yaxud bunların müxtəlif şəkilli ovuşmasından
əmələ gətirilib. Bunun üçün, əsasən,
əriş düzümünün çeşidli tərtibatından
istifadə olunub. Bununla yanaşı, cecim toxuculuğunda həndəsi
və nəbati məzmunlu naxış nümunələrinə
də geniş yer verilib. Ornamental rəsm və fiqurlar isə
məmulatın naxış, bəzək xüsusiyyətini
-çeşni əlamətini qabarıq şəkildə təzahür
etdirib. Məhz bu səbəbdən də naxışlı
cecim çeşniləri zolaqların səciyyəsinə
görə deyil, həmin bəzəklərin növünə
(dırnaqlı, gül, yarpağı, tovuz quşu və s.)
görə fərqlənib. Cecim məmulatı təkcə bəzək
xüsusiyyətinə görə deyil, istehsal texnologiyası
cəhətdən də qruplara ayrılır. Bundan
asılı olaraq, cecimlərin bir qismi ikiüzlü, müəyyən
hissəsi isə birüzlü toxunub.
Savalan
Fərəcov
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 15.