Ürəyim qələbə sevinci istəyir

 

   17 iyun Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günüdür. Bəlkə də ikinci belə bir peşə, sənət yoxdur ki, ona bu qədər şeirlər qoşulsun, mahnılar bəstələnsin. Həkimlik şərəfli iş olduğu qədər də məsuliyyətlidir.

  

   Bu əlamətdar gün münasibətilə ömrünü həkimlik peşəsi ilə bağlamış 85 yaşlı cərrah Simuzər Xasayevanın ürək sözlərini oxucularla bölüşürük:

   - Böyük Vətən müharibəsi dövründə Tibb İnstitutunda təhsil alırdım. Günümüzün çoxu hospitallarda keçirdi. Bizə tapşırılan işləri fədakarlıqla yerinə yetirirdik, gecəmiz-gündüzümüz yox idi. Arada bir-iki gün evə - Qazaxa gedəndə də oradakı hospitalda çalışırdım. 1946-cı ildə ali təhsili başa vurub ailə həyatı qurdum. Həyat yoldaşım Ziyəddin Çəndirli də tibb sahəsində çalışırdı, farmakoloq idi. Tovuza işləməyə getdik. Bir müddət sonra fəaliyyətimizi Qazaxda davam etdirdik.

   Bir cərrah kimi o bölgənin sakinlərinin hörmətini qazandım, onlar üçün həm həkim, həm də “elqızı” idim. İnsanların vəziyyəti ağır olanda kömək üçün gecəyarısı da qapımız döyülürdü. Bir dəfə Salahlıdan olan bir xəstənin Gürcüstanda ayağını amputasiya etmək istəmişdilər. O, razılıq verməyib evinə qayıtmışdı. Həmin xəstənin yanına gedəndə vəziyyətinin həqiqətən də ağır olduğunu gördüm. Amma onun ümidini qırmamaq üçün əlimdən gələni əsirgəmədim. Bəzən gecələr də xəstənin yanında qalırdım. Həqiqətən də möcüzə baş verdi - o, sağaldı. Bir gün Gürcüstandan Qazaxın səhiyyə şöbəsinə zəng vurub həmin pasiyentin nə vaxt dünyasını dəyişdiyini soruşurlar. Onun salamat olduğunu biləndə bu xəbərə inanmayıb faktı yoxlamaq üçün durub bizim rayona gəlirlər. Hər şeyin həqiqət olduğunu görəndə burada bir şadlıq məclisi qurulur ki, gəl görəsən!.. Bu söhbət nazirliyə də gedib çıxmışdı. Az sonra “Əməkdə fərqlənməyə görə” medalıyla təltif olundum. Belə xəstələrim az olmayıb.

   Sonralar Bakıda - universitetin nəzdində olan 55 saylı poliklinikada işlədim, eyni zamanda “təcili yardım”da fəaliyyətimi davam etdirirdim. Ziyəddin erkən vəfat etdiyindən 36 yaşımdan övladlarımı tək böyütmüşəm, çətin günlərim az olmayıb. 1975-ci ildən indiki MTN-in poliklinikasında cərrah kimi çalışmağa başladım və təqaüdə çıxanadək orada işlədim.

   Ümumilikdə 56 il həkimlik stajım var. Ömrün 85-ci baharında arxaya dönüb baxarkən fəxr etməyə çox şey olduğunu görürəm. O vaxtkı həmkarlarım, dostlarım məni indi də unutmur, hər bayram zəng vurub təbrik edir, ötən günlərin xoş xatirələrini yada salırlar. Xoşbəxtəm ki, məni tanıyanların yadında belə qala bilmişəm. Mənim həkimlik işimi indi qızım Nailə, oğlum Rafael davam etdirirlər. Övladlarımla və əməyimə verilən qiymətlə (“Səhiyyə əlaçısı”, “Əmək zərbəçisi” və s. nişan və medallarım var) qürur hissi keçirirəm. Fərəhlənirəm ki, mən də Xasayevlər soyadını uca tuta, ona şərəf gətirə, insanların hörmətini qazana bilmişəm. Çox ölkələrə, şəhərlərə səfər etmişəm. Amma harda olmağıma baxmayaraq həmişə doğma Azərbaycan üçün darıxmışam.

   Sevinirəm ki, indi mədəniyyətimizin səs-sorağı UNESCO-dan gəlir, ölkəmizdə böyük quruculuq işləri gedir. Tez-tez nəvələrim məndən “ürəyin nə istəyir, nənə?” deyə soruşurlar. Mənim cavabım isə birdir: “Ürəyim qələbə sevincini duymaq, bu xoşbəxtliyi yaşamaq istəyir”. Arzum budur ki, Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunduğu günü görmək də bizə tezliklə qismət olsun.

  

 

   İradə

 

   Mədəniyyət.- 2011.- 17 iyun.- S. 14.