Şəmşir
ocağının şöləsində
Gözlərimin ürəyimə
çəkdiyi misralar
Şeirlərində
dağların ucalığı, çəmənlərin ətri,
bulaqların təravəti duyulan aşıq Şəmşir
mənəvi dərs aldığı ustadların -
Qurbanın, Abbasın, Əmrahın, Alının, Ələsgərin
ləyaqətli varisi sayılıb. Bütün ömrü
boyu Dədə Ələsgərdən gələn mərifət
elmini daha da zənginləşdirib. Bununla bahəm Şəmşirin
qoşmaları, gəraylı və təcnisləri məzmununa,
bədii xüsusiyyətlərinə görə həmişə
müasir, mənalı və
düşündürücüdür. Aşıq Şəmşir
sadəcə saz çalıb söz demirdi. Dünyanın
bilməcəsini açan elə fikirlərə həyat
verirdi ki, bu gün də dillər əzbəridir. İllərdir
ki, xəyalımdan çəkilməyən, tez-tez
düşüncələrimə hakim kəsilən
aşağıdakı məna dolu misraları kimi:
Bir kəsə qalmadı
dünyanın varı,
Hanı xan xaqanlar, getdimi, getdi.
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar, getdimi, getdi...
Gəlimli-gedimli, son
ucu ölümlü dünya haqqında Dədə Qorquddan
üzü bəri aqillərimiz çox hikmət söyləyiblər.
Amma nədənsə mənim yaddaşımda Dədə
Şəmşirin başqa yeri var. Bəlkə də
aşığı gördüyümdən, şəxsən
tanıdığımdan irəli gəlir bu doğmalıq,
bilmirəm.
Duyduğum odur ki,
dağlar qoynu Kəlbəcərdə Aşıq Şəmşir
atası Qurbanın yandırdığı ocağı daha da
alovlandırdı. İndi Kəlbəcər
yadlar tapdağında viran olsa da, Aşıq Şəmşirdən
yadigar qalan bu poetik ocağın şöləsi sönməyib.
Şəmşir irsinin ləyaqətli varisi
Cavid Qənbəroğlunun «Dünya qəmli nağıl
imiş» adlı şeirlər kitabını oxuyanda mənə
elə gəldi ki, yenidən bu unudulmaz el aşığı
ilə üz-üzə dayanmışam. Gözlərimin
ürəyimə çəkdiyi misralar da sanki Cavidin deyil, ulu
Şəmşirin nəfəsindən qopurdu:
Gəlişiylə, gedişiylə,
Yalan-yalan gülüşüylə,
Zaman adlı gərdişiylə -
Dünya qəmli
nağıl imiş.
Bu qəmli nağılı əvvəlindən
sonuna kimi dinləməyə çalışsam da, ahəngindəki
hicran çırpıntısı duyğularıma od vurdu. Hər misranın, hər
beytin arxasında böyük, lakin nakam bir eşqin
parça-parça olmuş naləsini eşitmək zorunda
qaldım. Bu sevginin ünvanı vətəndən
başlayıb bir gözəlin yoxluğunda sona yetir. «Bu dünyanı görə-görə gəlmişəm,
insanların biri acdı, biri tox» deyən müəllif nə
qədər təcrübəli, nə qədər görə-görə
gəlsə belə, yenə də Yaradanın möcüzəsi
qarşısında aciz və heyrətlidir. Hərdən də etiraz edərək üsyana
qalxır. «Yazan belə yazdı, pozusu niyə tapılmadı»
sualı ilə özünü çox bərkə-boşa
salan müəllifin gileyində böyük bir məhəbbətin
yaşantısı - sevinc və ağrı-acısı
duyulur:
Dəyişər dünyanın
qışı, baharı,
Uçar
sarayımın daşı, divarı.
Sənə nəğmə
qoşan bu nəğməkarı,
Odlara yandırıb
yaxmamalıydın.
Hər şey də insandan
asılı deyil ki... Tikanlı səhrada
gül bitir, çəmənlərdə tikan göyərir,
göyərçinlə ilan bir səmanın altında
dolaşır, torpağın üstə gəzir.
Dünyanın gözəlliyi də bəlkə bu əks
münasibətlərin varlığındadır, kim bilir. Bəzən də müəllifin
çəkdiyi əzablarda başqa bir xiffətli etirafın
yarpaqları göyərir: «Həsəd apardılar, göz
yıxdı səni». Bunun da nəticəsində
bir aşiqin ömrü tez açılıb vaxtsız solan bənövşəyə
çevrildi.
Unudulmaz Bəxtiyar
Vahabzadə deyərdi ki, əsl şeir qəlb hıçqırtısıdır.
Onu harayla, qışqırıqla demək olmaz.
Çünki şeir dərddən doğulan
ürək pıçıltısıdır. «Dünya qəmli nağıl imiş»
kitabını vərəqlədikcə duyulur ki, müəllifi
də dilə gətirən, onu şair edən çox erkən
üzləşdiyi dərdlər, qəmlər olub. Doğma ocağın itkisi, həyat
yoldaşının əbədi ayrılığı -
bütün bunlar həssas ürəyin şeirlə
döyünməsinə, şeirlə danışmasına təkan
verib.
Əlbəttə,
min illərdir ki, məhəbbət haqqında deyilir. Xüsusilə də nakam məhəbbət barəsində
dastanlar, poemalar yazılıb. Dünya
köhnə dünya olsa da, sevgiləri həmişə təzə
səslənib. Sevənə elə gəlib
ki, o, birincidir, ona kimi dünyada belə möhtəşəm
məhəbbət baş verməyib. Sevgidən
zərbə alanlara, itkilərlə üzləşənlərə
də elə gəlib ki, onlar da dərd sarıdan birincidirlər.
Amma həyat var olduqca bu köhnə libasdakı
təzə sevgilər doğulur, bəzən də
vaxtından çox tez solur. Təəssüf
ki, yeni kitabın müəllifi Cavid də bu sarsıntıdan
kənar düşməyib. Çox
ülvi məhəbbətin yiyəsi olan şair sevdiyini itirsə
də, müvazinətini məhz bu böyük eşqin
uğrunda çəkdiyi həsrətlə saxlamağa
çalışıb. Çünki bu həsrət
də, kədər də, xiffət də çox əziz,
unudulmaz bir insanın xatirəsi ilə bağlıdır.
Bu da məhəbbətin öz qüdrətidir
ki, bəzən xatirələr də insana yaşamaq, yaratmaq
gücü verə bilir. Onu ölməyə
qoymur.
Bir vaxtlar babası
Şəmşir dağlara müqayisəsi tapılmayan
şeirlər qoşardı. İndi bu ənənəni
özünəməxsus şəkildə davam etdirən Cavid
də dağların əzəmətinə biganə qala
bilmir:
Qayalar açılmaz qıfılbənd
kimi,
Hər daşında
bir sirr yatır dağların.
Baxırsan ki, başı qarla
örtülüb,
Duruşunda fikir
yatır dağların.
Vətən haqqında da
özünəməxsus poetik münasibəti olan şairin Kəlbəcərə
ünvanladığı şeirlərində bir nisgil xəfifcə
dil açır:
Tufan qopdu, çadır qaldı
çətənsiz,
Ruha dönüb
dolaşırıq bədənsiz.
Oba köçdü, ellər
qaldı Vətənsiz,
Dilim gəlmir, deyim yoxsan,
Vətən! Ox!..
Nədənsə, Cavidin «Vətən,
ox...» şeirini oxuyarkən yurd həsrəti ilə
cızdağı çıxmış
Sənsiz bu dünyanın dadı,
duzu yox,
Sənsiz fəsillərin
qışı, yazı yox.
Sənsiz həyatımın inan,
özü yox,
Qaytar bu
dünyamı, nolar, qayıt gəl.
Bu
yalvarışın, bu çağırışın ahəngindəki
həyəcan qarışıq nisgil adamın ruhunu tərpədir.
Kitabı vərəqlədikcə mənə elə gəlirdi
ki, bu sarı cildli - alov rəngli toplu sevən, həsrətdən
üzülən bir ürəyin od
içindəki əks-sədasıdır. Sadəcə kitab
şəklində oxucularla görüşə gəlib ki,
xiffət qarışıq bir həzinliklə desin:
Eşqimi, sevgimi yellər
apardı,
Qəfil gələn
boran, sellər apardı.
Sənli aylar, illər
nə tez qurtardı?
Təkcə yuxulara gəlirsən,
gülüm.
Uzun illər bundan
öncə Dədə Şəmşir ocağından tərpənən
bu poetik karvanın söz yükü rəngbərəngdir.
Burada Vətən həsrəti, doğma
el-obanın nisgili və bir də ömür-gün
yoldaşının vaxtsız itkisi çiçəkləyib,
ləçəklənib. Oxuduqca nə
yorulursan, nə doyursan. Böyük bir eşqdən
yoğurulmuş qəm dolu nağıla qulaq asırsan: biri
varmış, biri yoxmuş, dağlar gözəli Kəlbəcərin
Ağdaban kəndində Aşıq Şəmşir adlı
bir söz, saz xiridarı yaşayırmış. Şöhrəti elləri dolaşmış bu el
aşığının ocağında bir oğul nəvə
də dünyaya gəlib. Adına türk
dünyasının azman şairi Hüseyn Cavidin ismini veriblər.
Bu məşhur adı ona görə seçiblər
ki, Cavid böyüyəndə elin, obanın fəxrinə
çevrilsin. Əslində bu arzu baş
tutub. Cavid Qənbəroğlu həyatda
da, cəmiyyətdə də nüfuzu olan, seçilən
hörmətli bir insandır. Xeyirxahlığından,
mərdliyindən, xalqa, dövlətə
bağlılığından çox danışmaq olar.
Bizim qələm qismətimizə isə
şair Cavid düşüb. Ona görə
də şeirlərindən - daha doğrusu, təzə
kitabından söz açdıq. Xoşbəxtlik
həmişə tək gəlmir ki? Onda həyatın
heç mənası da bilinməzdi. Dərdlər,
qəmlər, itkilər varlığın, olumun gözəlliyini,
əvəzsizliyini təsdiqləmək
üçündür. Bəlkə də
bu ağır dərdlə üz-üzə gəlməsəydi,
Şəmşir nəvəsi Cavid bəlkə də heç
şair olmayacaqdı. Şairliksə əbədilikdir.
Sənət eşqi bütün dərdlərin
açarıdır. Onun sayəsində
insan həmişə əbədiyaşarlığa imza
atır. Elə bizim haqqında
danışdığımız şair Cavid kimi!..
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 13.