Sevgi
və sənət dünyanı yaşadacaq
Azərbaycan həmişə
öz sənətkarları, rəssamları, musiqiçiləri
ilə nəinki Şərqdə, ümumiyyətlə
bütün dünyada tanınıb, sevilib. Elə bir sənət
sahəsi yoxdur ki, millətimizin adı, ünvanı orada səslənməsin.
Musiqi sahəsində uğurlarımız isə daha önəmlidir.
Haqqında söhbət açacağım insan isə gəncliyimdən
vurğunu olduğum, sənətinə pərəstiş
etdiyim Fidan xanım Qasımovadır.
Düzü, Fidan xanımın adını tək çəkmək bir qədər qəribə səslənir. Çünki biz görkəmli sənətkarımızın adını həmişə bacısı, sevimli müğənnimiz Xuraman Qasımova ilə qoşa çəkməyə, qoşa eşitməyə alışmışıq. Odur ki, hər zaman onların adlarını qoşa yazır, uğurlarına ürəkdən sevinirik. Bir dinləyici, musiqisevər, Fidan və Xuraman Qasımova bacılarının sənətinin vurğunu kimi deyə bilərəm ki, onların sənət aləmində qazandıqları uğurlar mədəniyyətimizin təəssübünü çəkən hər bir kəsdə böyük qürur hissi doğurur. Bu nailiyyətlər sırasına İtaliyada keçirilən Viotti adına (I yer), Afinada Maria Kallas adına (I yer və «Qran-Pri» - qızıl medal), Moskvada P.İ.Çaykovski adına (II yer) müsabiqələrdəki böyük uğurlarını qeyd etmək olar. Onların çoxşaxəli yaradıcılığında Avropa, Rusiya və Azərbaycan klassik bəstəkarlarının əsərləri geniş yer tutur. Hər ikisi bir sıra opera tamaşalarında qadın obrazlarının bənzərsiz ifaçısı kimi böyük rəğbət qazanıblar.
İyunun 17-si
Fidan Qasımovanın doğum günüdür. İstedadlı, tanınan
bir ailədə anadan olub. Soruşanda ki, bu qədər
gözəl səs diapazonu, misilsiz istedad sizdə haradandı,
gülümsünərək deyir: “Bilirsiniz, mənim rəhmətlik
atam Ənvər Qasımzadənin gəncliyində gözəl
səsi olub. O, respublikamızda tanınan energetik olub. Gəncliyi
müharibə illərinə düşdüyündən atam
musiqi ilə məşğul olmağı kənara qoyub, lakin
bu sənətə, sənət adamlarına qəlbində həmişə
xüsusi yer ayırıb. Anamın da gözəl səsi
olub. Görünür, tale onların sənət
arzularını, istəklərini həyata keçirməyi
bizə həvalə edib”.
Fidan xanım hər zaman bir fikri
vurğulayır ki, sənətdə
qazandığımız uğurlara görə valideynlərimizə
və ulu öndər Heydər Əliyevə borcluyuq: “Elə
bir konsertimiz olmazdı ki, Heydər Əliyev zalda olmasın. Bu
bizim həm məsuliyyətimizi artırır, həm də sənətimizə
olan böyük məhəbbəti hiss etmək bizi daha da
ruhlandırırdı. Heç unutmadığım bir hadisə
2002-ci il dekabrın 20-də indiki Heydər Əliyev
Sarayında bizim yaradıcılığımızın 25
illiyi münasibətilə keçirilən yubiley tədbiri
idi. Bu tədbirin də təşəbbüsçüsü
ulu öndər olmuşdu. O bizim hər ikimizi dönə-dönə
təbrik etdi”.
Ümummilli lider Heydər Əliyev
Azərbaycan musiqi mədəniyyətinin inkişafına
verdikləri töhfələrə görə Fidan və
Xuraman Qasımova bacılarını «Şöhrət» ordeni
ilə təltif etmişdi. Yubiley tədbirində böyük
öndər Qasımova bacılarının səslərini
qızılla, brilyantla müqayisə etmişdi. «Belə
insanlar əsl ziyalılardır. Belə adamları qoruyun, belə
adamlar bizim xalqımıza çox lazımdır».
“Bu yüksək qiymət yer
üzündə bizə deyilən ən səmimi, ən qiymətli,
qəlbimizin dərinliyinə işləyən ən gözəl
kəlamlardır”, - deyə Fidan xanım bildirir.
Fidan xanım sənət yolundan
danışanda bir məqamı da fərəhlə qeyd edir
ki, onlara hər zaman böyük bəstəkarlarla işləmək,
onlardan dərs almaq qismət olub: “Dahi Niyazi kimi, Rauf Abdullayev
kimi dirijorlarla, Fikrət Əmirov, Cövdət Hacıyev,
Sultan Hacıbəyov, Fikrət Əmirov, T.Quliyev kimi görkəmli
bəstəkarlarla işləmək bizə qismət olan sənət
xoşbəxtliyi, qürur duyduğumuz gözəl xatirələrdir”.
Bu yerdə Fidan xanımın sənət
yoluna qısa nəzər salaq. O, 1971-ci ildə Azərbaycan
Dövlət Konservatoriyasını, 1974-cü ildə Moskva
Konservatoriyasının aspiranturasını bitirib. 1973-cü
ildə İsveçrə (Cenevrə) və 1975-ci ildə
Niderlandda (Hertogentes) keçirilən beynəlxalq müsabiqələrin
iştirakçısı olub, 1977-ci ildə İtaliyada
musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci
mükafatına layiq görülüb. Bu çox
böyük uğur idi. Fidan xanım beynəlxalq müsabiqələr
laureatı adına layiq görülmüş ilk azərbaycanlı
qadın müğənnidir.
1974-cü ildən Azərbaycan
Opera və Balet Teatrının solistidir. Onun Nigar («Koroğlu»,
Ü.Hacıbəyli), Mikaela («Karmen», J.Bize), Marqarita («Faust»,
Ş.Quno), Mimi, Çio-Çio-san («Bohema»,
«Çio-Çio-san», C.Puççini), Tatyana («Yevgeni
Onegin», P.Çaykovski), Dezdemona, Aida («Otello», «Aida», C.Verdi),
Sevil («Sevil», F.Əmirov) və s. partiyaları xüsusən
seçilir. Fidan xanımın repertuarına Azərbaycan bəstəkarlarından
Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi,
rus bəstəkarlarından M.Qlinka, P.Çaykovski, S.Raxmaninov,
Qərbi Avropa bəstəkarlarından A.Stradella, İ.S.Bax,
G.F.Hendel və başqalarının kamera-vokal əsərləri,
eləcə də xalq mahnılarımız «Laçın»,
«Qubanın ağ alması», «Girdim yarın
bağçasına», «Evləri var xana-xana» və s. daxildir.
Sevimli müğənnimiz
1974-cü ildən Azərbaycan Dövlət
Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs
deyir. 1990-cı ildən bu təhsil ocağının, 1992-ci
ildən isə İstanbul Dövlət
Konservatoriyasının professorudur.
Dünya şöhrətli
müğənnilərimizdən olan Fidan və Xuraman
Qasımova bacılarının 2011-ci il martın 4-də Heydər
Əliyev Sarayın səhnəsində verdikləri möhtəşəm
konserti, yəqin ki, sənətsevərlər uzun müddət
unutmayacaq. Bu konsertdə bacılar özlərinin gözəl
ifaları ilə yanaşı, tələbələrinin də
hazırladıqları rəngarəng konsert proqramı Fidan və
Xuraman xanımın pedaqoji fəaliyyətdə də
böyük uğurlarının gözəl nümunəsi
idi. Möhtəşəm sarayın səhnəsində verilən
konsert öz təmtərağı, unudulmazlığı ilə
həm iştirakçıları, həm də
tamaşaçıları sevginin varlığına,
böyüklüyünə inandırdı, sərhədlər
tanımayan sənətin, musiqinin dünyanı xilas edəcəyinə
inamı bir daha artırdı.
Biz də bu gün ad
gününü qeyd edən Fidanı ürəkdən təbrik
edir, ona həyatda sağlamlıqla dolu günlər,
qazandığı uğurların həmişə
axarıncı olmasını arzulayır, gözəl
balası, onun davamçısı olan oğlu Fəridin toyunu
görməsini arzulayırıq.
Elmira
Musaqızı
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 12.