“Barı
yada sal məni, xatırla məni...”
Dönə-dönə
xatırladığımız, nəğmələri ilə
neçə-neçə könülləri ovunduran, qəlblərdə
yaşayan Bəhram Nəsibov... Onun zəngin, rəngarəng
musiqi və poetik dünyası var idi. Nadir istedad sahibi, bəstəkar,
ifaçı, şair kimi tanınırdı, mahnıları
dildən-dilə gəzərdi. Bu gün həyatda olmasa da, əsərləri
ilə yaddaşlarda yaşayır. B.Nəsibovun oğlu Adillə
söhbət edirəm, sənətkarın tərcümeyi-halına,
keçdiyi həyat və yaradıcılıq yoluna nəzər
salıram...
Bəhram Nəsibov Qarabağda -
Füzulinin Aşağı Rəfədinli kəndində
dünyaya gəlmişdi. Uşaqlıqdan musiqiyə, şeirə,
sənətə maraq göstərərdi. Atası Paşa Nəsibov
tanınmış el xanəndəsi idi. Görkəmli xanəndəmiz
S.Şuşinskiylə tez-tez el şənliklərində
olardı.
B.Nəsibov ötən əsrin
70-ci illərinin əvvəllərindən, tələbəlik
illərindən mahnı, şeir
yaradıcılığına başlamışdı.
“Qarabağ”, “Sən də həmdəm, mən də həmdəm”,
“Var gülüşündə”, “Bacılar”, “Ay dəli
ceyran”, “Eşqimin baharı” və başqa mahnıları həmin
illərin yadigarlarıdır və bu gün də müğənnilər
tərəfindən sevilə-sevilə oxunmaqdadır. Oğlu
Adil Nəsibin dediyinə görə, atasının hələ
neçə-neçə mahnısı oxunmayıb. Dedi ki, həmin
mahnıları, arzusunda olan hər hansı müğənniyə
təmənnasız verə bilərik. Ümumiyyətlə, Bəhram
Nəsibov 200-ə yaxın mahnının müəllifidir.
Mahnı yaradıcılığı ilə yanaşı,
şeirləri (bir çox mahnıların sözlərini də
özü yazıb), satirik və yumoristik yazıları, bəhri-təvilləri
onun yaradıcılığının çoxşaxəli
olduğunu göstərir.
Bəhram Nəsibovun həyatdan, bu
dünyadan heç bir təmənnası yox idi. Sadə bir sənətkar
ömrü yaşadı. Ailəsini
ifaçılığı ilə, toy məclislərində
gitara çalmaqla dolandırırdı. Onun yalnız bir istəyi
var idi - müəllifi olduğu mahnılar səslənəndə
“musiqisi Bəhram Nəsibovundur” desinlər. Bunun
üçün o neçə-neçə məmur
qapısı döymüşdü. Hər dəfə də
bu qapılar onun üzünə bağlanmışdı.
Lakin ruhdan düşmürdü, yazıb-yaradırdı. Həmişə
yumorla deyərdi ki, məni ruhdan sala bilməzlər. Ancaq xəstəxanaya
sala bilərlər. Həqiqətən də çəkdiyi mənəvi
əziyyət onu tez-tez xəstəxanaya salırdı.
Müstəqilliyimizin ilk
vaxtlarında Azərbaycanın tanınmış
ziyalıları, elm və mədəniyyət xadimləri B.Nəsibovun
mənəvi haqqını özünə qaytarmaq
üçün onun müdafiəsinə qalxdılar. Məmməd
Araz, Sabir Rüstəmxanlı, Nəbi Xəzri, Ələviyyə
Babayeva, Sara Qədimova, İslam Rzayev və
başqalarının respublikanın əlaqədar
qurumlarına ünvanladıqları məktubda deyilirdi:
“...Sizdən soruşmaq istəyirik, əgər sizin bəstələdiyiniz
bir mahnını, yazdığınız bir şeiri başqa
bir müəllifin adına çıxsalar, ona dözə bilərsinizmi?
Yəqin ki, yox. Amma B.Nəsibov dözür. Özü də
düz 25 il... B.Nəsibov nə üçün Bəstəkarlar
İttifaqına üzv qəbul olunmur?.. Nə
üçün televiziyada ifa olunan mahnıların müəllifinin
adı çəkilmir? Bəhram Nəsibov evsiz-eşiksiz bir
ömür yaşayır. Gəlin, belə istedadlı adamlara
mənəvi dayaq olaq”.
Artıq 10 ildən çoxdur ki, Bəhram
Nəsibovun bu dünyanı tərk edib. Onun incə, zərif
musiqisi, könül oxşayan, həmişəyaşar
mahnıları qədirbilən xalqımız və sənət
adamlarımız tərəfindən daim seviləcək və
unudulmayacaq.
Elmin
İdrisli,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 12.