Bir aktyorun üç möhtəşəm rolu

 

   Biri həyatda, ikisi sənətdə

  

   Möhsün Sənani (!) və üçcə rol? Belə bir sənət ampluasına - bu qədər uzun fiziki (1900-1981) və yaradıcılıq ömrünə (60 il), sənət məhsuldarlığına malik bir aktyor haqda belə bir süftə təqdimatı normal qarşılamayacaq hörmətli oxucular sırasında mən özüm də varam.

 

   Bəli, mən onun haqqında oxuduqlarıma, eşitdiklərimə, səhnədə və kinofilmlərdə gördüklərimə istinadən “Möhsün Sənani, tire, üç rol” deyirəm; Əzabkeşlık, Qəhrəmanlıq, Qoçuluq rolları...

  

   Əzabkeş həyat “rol”u

  

   Hə, onun 12 yaşınadək oynadığı bu “rol”u hələ indi “yazılır”. Daha doğrusu, o haqq “alın yazısı”nı mən “nahaq” qələmə alıram.

   Onun bu ilk baş roluna “daldan atılan daş” remarkası kimi baxmağa tələsməyin. Yazımın bu ilk yarımbaşlıq “pərdə”sini tək elə oxumaqla kifayətlənməyib, həm də tamaşa edə bilsəniz, görəcəksiz ki, Möhsün Sənaninin sənət səhnəsinə gələnədək yaşadığı məhrumiyyətlər, sanki, mərhəmətsiz bir dramaturq və rejissor cütlüyü tərəfindən hazırlanmış fəci həyat tamaşasıdır. Sanki bu həyat o dövr afişalarında tez-tez görünən “Bir aktyorun teatrı” benefislərinə adekvat olan “bir körpənin dramı” idi. Və sanki bütün bunlar o balaca Möhsünü heç hara yox, məhz səhnəyə, sənətə, Möhsün Sənaniliyə gətirmək üçün bir həyat vodevili imiş. Və əgər, möhtərəm oxucular, siz də onun oğlunu - istedadlı jurnalist, gözəl insan, “qırğıgöz redaktə ustası”, uzun illər AzTV-də baş redaktor və sədr müavini işləmiş Valid Sənani ilə tanış və onun söhbətlərinə qulaq asmış olsaydınız, bu xəyallayıcı “sanki”ləri təsdiqedici “halki” reallığında qəbul edər, özünüzü bitkin bir tamaşaya baxmış kimi hiss edərdiniz…

   Belə: 1900-cü ilin 19 iyununda Tiflisin məşhur “Şeytanbazar” məhəlləsində sadə bir ruhani ailəsində anadan olmuş Möhsün 4 yaşında ikən ata-anadan yetim qalıb, nənəsinin himayəsinə düşür. Nəvəsini də oğlu kimi mərsiyəxan görmək istəyən nənə Möhsünü mollalıq mədrəsəsinə qoyur. Lakin 8 yaşında ikən bu uşaq daha iki zərbə alır; nənəsi dünyasını dəyişir, təhsili yarımçıq qalır. “Əldən ələ keçən vəfasız həyat” bu dəfə ona daha vəfalı bir himayədar yetirir. Bu, sonralar Xalq artisti olacaq Əli Qurbanovun anası Zinyət xanım idi. Molla Zinyəti “daha vəfalı” kimi sifətləndirməyimin bir damarı da bununla bağlıdır ki, o, Möhsünün digər doğmalarından, simsarlarından fərqli olaraq çox yaşayır və onu öz çoxsaylı övladlarından da çox istəyib qayğısına qalır.

   Bəs, bu güzəran “rejissor”unun - xalasının hədsiz qayğısı, canfəşanlığı müqabilində “ailə truppası”nın bu tifil üzvü neyləyir? Gümanınız heç bir ənənəvi novella, təzad epizodlarına getməsin. O, sadəcə, xalasına bir yük olmasından xəcalət çəkir və 9 yaşında ikən işləməyə başlayır və qoynunda çox tarixi dramlar oynanılmış “Şeytanbazar”da hər cür əzab-əziyyətə qatlaşmalı olur. O “Şeytanbazar” ki, təkcə alver meydanı yox, həm də gör-götür mərkəzi, ictimai-sosial teatr “müəssisəsi” idi. Burada çox xəlqi dialoqlar, canlı monoloqlar eşidən, təbii səhnələr görən bu “bezbilet”, ayaqüstü tamaşaçıda bütün bunları alovlu yamsılamaq eşqi yaranır. Bu eşqini vüsala yetirmək üçün hərdən gündəlik qidasını belə ödəməyən çörəkpuluna haram qatıb, yerlı teatrların, Tiflisə qastrola gələn ünlü teatr truppalarının tamaşalarına baxmağa gedir. Tezliklə səhnə aktyorlarının, meydan dərvişlərinin ecazkar təqlidçisi kimi, “Şeytanbazar” çevrəli “dünya şöhrəti” qazanır.

   11 yaşında birinci dəfə geniş izdiham qarşısına çıxır. 12 yaşında həvəskarlar dərnəyinə qoşulur, birpərdəli oyunlarda sınanır. İlk rejissoru - “Tiflis müsəlman artistləri dəstəsi”nin müqtədir aktyoru Mirzəxan Quliyevin, Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi məşhurların diqqətinə düşür. Uşaqlıq dostlarından birinin atası - “Vano dayı” dediyi bir gürcü 13 yaşlı Möhsünü tramvay parkında işə düzəldəndən sonra isə işləri tamam düzəlir; aldığı maaşla özünü və bacısını təmin etməklə yanaşı, əzabkeş xalasına da əl tutur. 15 yaşından - 1915-ci ildən 1921-ci ilədək böyük şöhrət çəkisi olan Tiflis teatr truppasının məşhur aktyorları arasında yetərli ad-san qazanan Möhsün Sənani Gavənin oğlu (“Dəmirçi Gavə”), Vəli (“Arşın mal alan”), Hambal (“O olmasın, bu olsun”), Rzaqulu (“Nadir şah”), Kasio (“Otello”) kimi məşhur obrazlar yaradır, doğulduğu Tiflis şəhəriylə bir şöhrət qazanır. Bakıda isə onu daha çox, daha böyür rollar, daha genişmiqyaslı şan-şöhrət gözləyirdi ki, yuxarıda dediyim kimi, mən onlardan ikisini vurğulayacağam.  

 

   Qəhrəmanınızın Qəhrəmanlıq rolu

  

   1921-ci ildə o dövr Qafqaz sivilizasiyasının Tiflis nəhrindən köçüb, çoxmillətli Bakı şəhrinə düşən Möhsün Sənaninin və artıq püxtələşmiş qabiliyyəti qarşısında geniş üfüqlər açılır. Afişalarda yeni, təxəllüs baxımından isə bir qədər qəribə görünən bu ad səhnədən-səhnəyə daha gur parlamağa, yerli nəhənglər arasında özünə yer tapıb ulduzlaşmağa başlayır. Səhnədə Kassio, Laert, Serqo, Həsənağa, Sadiq, Mixaylo kimi seçmə obrazlar yaradır. Lakin mən onun oynadığı obrazlar arasında yalnız biri, dilimdən (əslində qələmimdən) çıxan rolu - “Vaqif” pyesindəki Eldarın üzərində dayanmaq qəsdindəyəm. Bir də ona görə ki, bu rol Möhsün Sənaninin şəxsi, mənəvi, psixoloji, yumoristik, hazırcavablıq və digər keyfiyyətlərini də göstərməyin ən qısa və bələd yolu, ən yığcam mənbəyidir. Böyük sənətkarımızın oğlu (Valid Sənani) danışırdı ki, həmişə bizi sakitliyə, dava-dalaş salmamağa çalışan, bir küçə insidentimizi eşidəndə zəhmli-zəhmli göz ağardan atam, bir gün mənə qayıtdı ki: “Sənin ağıllılığın, əlaçılığın haqda eşitdiklərim qulaqlarımı yağır edib, bəs nə vaxt bir qoçaqlıq edəcək, ov ovlayıb, quş quşlayacaqsan? Bu dəyqə dur, get, kür-küçəmizdə nə qədər davakar, xatakar uşaqlar var, hamısını yığ gətir bu məhəlləyə”. Mən son aylar atamın “Koroğlu”, “Qaçaq Nəbi” və s. dastanları oxuduğundan, bəzən mənə oxutdurduğundan “şübhələnmiş”dim; bilirdim ki, o, “Vaqif” pyesindəki xalq qəhrəmanı Eldarı oynamağa hazırlaşır. Onun dediyi kimi etdim. Məhəlləmizin ən cigid, savaşqan uşaqlarını pəncərəmiz önünə yığıb aralarına bir “lo” saldım ki, gəl görəsən! Uşaqlar mənə “Qoçu Əsgər”in oğlu kimi güzəşt edir, bəzən hətta mənim balaca yumruqlarımın “qurbanına” çevrilirdilər. Onlardan Tofiq adlı birisinin əmranə səsi, ətrafındakıların diqqətini cəzbetmə jestləri isə, atamın özünün də etiraf etdiyinə görə, sabahısı gün premyerası olan “Vaqif”dəki qəhrəman Eldara - Möhsün Sənaniyə çox elementlər təlqin etmişdi.

   Həmin obrazla bağlı daha bir etüd. Bir gün M.Sənani xəstələnir və həmin rolu sonralar məşhur “Qaynana” operettasının müəllifi Məcid Şamxalov oynamalı olur.

   Lakin o, kütləvi səhnə məqamı çıxıb qəhrəmanlıq monoloqu söylədiyi maili “tribuna”nın 2 metrliyindən yox, 1 metrliyindən yerə atlanır. Ertəsi gün rejissor bunu Məcid Şamxalova irad tutur, onu işdən çıxara biləcəyilə hədələyir. Məsələyə qarışan M.Sənani bu səhnə “kriminal”ına özünəməxsus münasibət bildirir; “Qardaş, mənim maaşım 200 manatdır, Məcidinki 100 manat. Yazıq uşaqdan nə istəyirsiz, fağır yarımştat tullanıb də”, - deyə qızmış əsəblərə su səpir…

  

   Kinomuzun Qoçusu

  

   Bu böyük sənətkar haqda danışanda da, göründüyü kimi, yazanda da baş alıb getməmək mümkün deyil. Lakin həcm əndazəsi baxımından onun filmoqrafiyasındakı 28 faktdan yalnız biri - “O olmasın, bu olsun”dakı Qoçu Əsgəri haqda, özü də çox qısaca söz açmalı oluram.

   Üzeyir bəy Hacıbəyli abidə-əsərindəki bu obrazı ilə XIX əsrin axırları, XX əsrin əvvəllərində tüğyan edən Bakı qoçularını 1910-cu ildən etibarən, necə deyərlər, yerlərində oturtmağa başlamışdı. Lakin dahi bəstəkar və ədibin sözünə, məncə, Möhsün Sənani qədər qüvvət verən ikinci bir sənətkarın, onun bu kino hadisəsinin adını çəkmək mümkün deyil. Siz onun “zər tutma” səhnəsindəki yalançı qoqazlanmanı, qonaqlıqdakı muğam anında yalanpış huş-guş özünügorkü, “Tarixi-Nadiri yarıyacan oxumuşları” idarəetmə yekəxanalığı, “Adə, Baloğlan, sür geriyə” jarqonunu ifadə tərzi, bazarda digər qoçu qarşısındakı xəcilliyi, Məşədi İbada pul istəyi xitablarında 2 min manatdan 10 manata düşmə deqradasiyalarını necə yaratdığının fərqindəsinizmi? Belədirsə, daha başqa sözə nə ehtiyac deyib, bu görkəmli Xalq artistimizə rəhmət oxumaqla kifayətlənməyəkmi?..

  

 

   Tahir Abbaslı

 

    Mədəniyyət.- 2011.- 17 iyun.- S. 11.