Azərbaycanı xaricdə
turizm ölkəsi kimi tanıtmaq üçün çox
işlər görməliyik
Son
vaxtlar Azərbaycanda turizm şirkətləri ilə hotellər
və istirahət mərkəzləri arasında
qarşılıqlı əməkdaşlıq diqqət
çəkir. Artıq turizmin inkişaf etdiyi ölkələrdə
olduğu kimi, Azərbaycanda da bu istiqamətdə münasibətlər
normallaşmağa başlayıb. Bugünkü statistikaya
görə, ölkəmizdə 210 turizm şirkəti Mədəniyyət
və Turizm Nazirliyinin rəsmi lisenziyası ilə fəaliyyət
göstərir. Bunlardan biri də «a La CarteTravel»dir. Şirkətin
rəhbəri Nəsib Usubovla söhbətimizdə bir sıra
məqamlara toxunduq.
- Şirkətinizin maraqlı
adı var. «a La Carte» sözünün mənası nədir?
- «a La CarteTravel» adı ilə bir ildir ki, fəaliyyət
göstəririk. Bundan əvvəl «Adven tur» turizm şirkətinə
rəhbərlik etmişəm. «a La Carte» sözü fərdi
turistlərlə məşğul olmaq anlamını verir.
Xarici ölkələrin əksər istirahət məkanlarında
“a La Carte” adlı restoranlar var. İstirahət yerlərində
ümumi mətbəx menyüləri hər nə qədər
rəngarəng olsa da, insanlar bəzən bundan yorulur və nə
isə bir fərqlilik, individual mətbəx istəyir. Bu,
Meksika mətbəxi də ola bilər, italyan mətbəxi də,
başqası da. Hələlik xarici məkanlarda Azərbaycan
mətbəxi yoxdur, amma inşallah olar.
Biz də individual turizmlə, a La
Carte sistemi ilə məşğul oluruq. Əsas fəaliyyətimiz
xarici ölkələrdən Azərbaycana turist cəlb etmək
istiqamətində qurulub. İşimizin əsas məğzi
Azərbaycanı dünya turizm bazarında tanıtmaq, təmsil
etmək, əlaqələr yaratmaqdır. Hazırda bir
çox ölkələrlə əlaqələrimiz, turizm
sahəsi üzrə inkişaf etmiş əksər ölkələrin
qabaqcıl şirkətləri ilə müqavilələrimiz
var. Amma onlar bizə lazımi sayda turist göndərə
bilmirlər. Əsasən biznes məqsədilə gələnlər
çox olur. Turist kimi isə gələnlər azdır. Bizim
məqsədimiz də onları cəlb etməkdir. Bunun
üçün Azərbaycanın xaricdə
tanıdılması istiqamətində çox işlər
görmək lazımdır. Biz də bu işə töhfə
verməyə çalışırıq.
Bir məqamı da qeyd edim ki, xaricdə
Azərbaycanın tanıdılmasında bizə diaspor təşkilatlarımız
yaxından köməklik edir. Bu məsələdə diasporun
gücündən istifadə etmək lazımdır. Məncə,
onları lazımi reklam-çap məhsulları ilə təmin
etmək kifayətdir. Hətta yaxşı olardı ki, diaspor
təşkilatlarımızın nəzdində ayrıca
turizm fəaliyyəti ilə məşğul olan şöbələr
yaransın və həmin şöbələr Azərbaycanın
turizm potensialının tanıdılması istiqamətində
fəaliyyət göstərsin.
- Ölkə daxilində fəaliyyətiniz
nədən ibarətdir?
- Azərbaycanın yerli turizm məkanlarını
öz vətəndaşlarımıza tanıtmaq istiqamətində
işlər görürük. Bir məqamı xüsusi qeyd
etmək istərdim ki, turizm sahəsində yüksək nəticə
əldə etmək üçün hər şeydən əvvəl
vətənpərvər olmalıyıq. Çünki
qarşımıza qoyduğumuz məqsədlərə
yalnız bu yolla nail olmaq mümkündür. Bir sıra
hallarda Azərbaycanın istirahət məkanlarından turistlər
narazı qayıdır. Bu ya xidmətlə, ya qiymətlərlə,
yaxud da başqa səbəblərlə bağlı olur.
Fikrimcə, belə səbəbləri aradan qaldırmaq
üçün çalışmalıyıq. Məsələn,
ötən il Nabranın turizm mərkəzlərindən
birində insanlar dənizdə natəmizlik səbəbindən
istirahətlərini yarımçıq qoyaraq evlərinə
dönmüşdülər. Amma bu il mövsümdən əvvəl
ora səfər etdim və gördüm ki, hər şey
qaydasındadır. Rayon tamamilə mövsümə
hazırdır. Vətəndaşlarımız özləri də
səliqə-sahmana diqqətli olmalıdırlar.
- Turizm şirkətləri hotellər
və istirahət mərkəzləri ilə
qarşılıqlı əməkdaşlıq şəraitində
işləyirlər. Bu baxımdan sizin əlaqələriniz
necə qurulub?
- Sevindirici hal kimi qeyd edə bilərəm
ki, artıq turizm şirkətləri ilə hotellər
arasında əməkdaşlıq yaranıb. Bunu Azərbaycanın
turizm sektorunda yaxşıya doğru yenilik kimi qiymətləndirmək
olar. Artıq hotellər turizm şirkətlərinə müəyyən
endirimlər etməyə başlayıblar. Bu, neçə
vaxt idi ki, müzakirə mövzusu idi. Əvvəllər
hotellərdə qiymətlər yüksək, xidmətin səviyyəsi
isə yetərli deyildi. İndi bu istiqamətdə də irəliləyiş
var. Hotellərdə qiymətlər düşür, servis isə
yaxşılaşır. Biz bir məsələni də
anlamalıyıq ki, ölkəyə turist axını qiymətləri
endirə, xidmətin keyfiyyətini yüksəldə bilər.
Hotellər də öz tərəflərindən lazımi
addımı atıblar. Qalıb turizm şirkətlərinin
üzərinə düşən vəzifə, o da hotellərimizə
turist göndərməkdir. Son vaxtlar medianın da
iştirakı ilə hotel rəhbərləri ilə müxtəlif
görüşlərimiz, müzakirələrimiz olur. Bu
dialoqlarımız bəzən polemika yaradır və qəzet
səhifələrinə, televiziya ekranlarına
çıxır. Bunun özünün də əhəmiyyəti
böyükdür, çünki müzakirə olunan məsələyə
ictimai diqqəti artırır.
- «a La CarteTravel»in təşkilatçılığı
ilə bələdçilər üçün təcrübə
kursları həyata keçirilir. Bu kursları hansı məqsədlə
təşkil edirsiniz?
- Əslində belə bir fikrimiz
çoxdan var idi. Qeyd etdiyim kimi, bizim əsas işimiz xarici
turistləri ölkəyə cəlb etmək və onlara xidmət
göstərməkdir. Hər bir turist ilk növbədə gəldiyi
ölkə haqqında geniş məlumat əldə etmək
istəyir. Bu məlumatları isə onlara ölkəsinin
tarixini, mədəniyyətini, irsini, eyni zamanda xarici dili
yüksək səviyyədə bilən bələdçilər
çatdırmalıdırlar. Turizm şirkətləri bu
baxımdan bir çox problemlərlə
qarşılaşır. Çünki hazırda Azərbaycanda
peşəkar, bacarıqlı bələdçilər
azdır. Dil bilən insanlar çoxdur. Amma tarixi və dili
bilmək, bunu ortaya çıxarmaq, ölkəni tanıtmaq hər
kəsin işi deyil. Ona görə də bələdçilər
üçün təcrübə kursları təşkil etmək
qərarına gəldik. «Eurovision» musiqi
yarışmasının 2012-ci ildə Azərbaycanda
keçirilməsi bu məsələni daha da aktuallaşdırıb.
İndi 20-30 turist gələndə bələdçilərin
yoxluğu hiss edilirsə, görün, minlərlə turist gələndə
hansı vəziyyət yarana bilər. Bu baxımdan qərara gəldik
ki, hazırda işlədiyimiz bələdçiləri
müsabiqədən keçirək. Bələdçi ilk
növbədə öz işini sevməlidir. Əgər bu sənətin
sahibi hansısa bir yerdə işləmək üçün
müraciət edəndə birinci maaşını
soruşursa, deməli, ondan bələdçi olmaz.
Düzdür, maliyyə tərəfi də mühüm məsələdir.
Amma bələdçi ilk növbədə öz sənətini
sevməlidir. Buna görə də bu işlə məşğul
olmaq arzusunda olanların təcrübəli, sovet
dövründən bu sənətlə məşğul olan
peşəkar yanında təcrübə keçməsini təmin
edirik. Təcrübə keçəndən sonra oxumaq
asandır. İnsan bu işin çətinliklərini, incəliklərini
görəndən sonra bəlkə düşünəcək
ki, bu onun yolu deyil.
- Təcrübə müddəti nə
qədərdir?
- Bu, insandan asılıdır. Arzu
edənlər əvvəlcədən bizim tərəfimizdən
tərtib edilmiş proqram əsasında təcrübə
müddətində olurlar. Müraciət edənlərin
qabiliyyətindən asılı olaraq, kursun müddəti 1-3
aydır.
- Yəqin məlumatınız var
ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
Azərbaycan Turizm İnstitutunun Milli Təlim Mərkəzi də
bələdçi kursları təşkil edib. Kursun sonunda
dinləyicilər turizm mütəxəssislərindən ibarət
attestasiya komissiyası tərəfindən imtahan edilir.
İmtahandan uğurla keçənlərə bələdçi
fəaliyyəti ilə məşğul olmaq üçün
müvafiq sertifikat verilir. Sizin kursların
iştirakçıları bu komissiyadan keçəcəklərmi?
- Biz bu qaydanı dəstəkləyirik.
Hər bir bələdçinin onun bu fəaliyyət
növü ilə məşğul olmasını təsdiqləyən
rəsmi sənədi olmalıdır. Təbii ki, bizim
kursların iştirakçıları da attestasiya
komissiyasından keçəcəklər. Kurslarımız
ödənişsizdir. Xarici turistlər ölkəyə gəldikləri
zaman onların ilk dəfə ünsiyyətdə olduğu
insan bələdçi olur. Bəzən olur ki, turist ölkədə
bir neçə gün qaldıqdan sonra onunla dostlaşır və
sonradan bu münasibətlər illərlə davam edir. Bir
çox hallarda turist bələdçiyə görə illərlə
öz istirahətini o ölkədə keçirir. Bu
baxımdan hesab etmək olar ki, bələdçi işinin
normal təşkil olunması turizm sektorunun ən vacib amillərindən
biridir.
Azərbaycanda turizm doğrudan da
ildən-ilə inkişaf edir. Ötən il mövcud olan
nöqsanlar bu il aradan qaldırılır. Biz də bu istiqamətdə
imkanımız çatan qədər öz töhfəmizi
verməliyik.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 10.