Ada və çay turizminin Azərbaycanda perspektivləri

 

   Mütəxəssislərin fikrincə, bu sahəyə diqqət yetirilməsi ölkənin sosial-iqtisadi inkişafı baxımından da əhəmiyyətli olardı

  

   İtaliya, İspaniya, Yunanıstan, Türkiyə və s. okean və dəniz sahilində yerləşən ölkələr turizmin inkişafında sahilboyu adalardan da geniş istifadə edərək, böyük miqdarda gəlir əldə edirlər. Bu ölkələrin adalarına turist axını ildən-ilə artır. Bu isə insanların öz istirahətini nisbətən səs-küylü şəhərlərdən uzaq, sakit bir guşədə keçirmək istəyindən irəli gəlir. Mütəxəssislərin fikrincə, əlverişli təbii-coğrafi mövqedə yerləşən Azərbaycanda ada və çay turizminin inkişafı üçün də imkanlar böyükdür.

  

   Xəzərdə turizm üçün əlverişli olan 5-6 ada var

  

   Bu barədə fikirlərini bizimlə bölüşən Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılovun sözlərinə görə, Azərbaycanın sahilə yaxın olan 19 adası var. Ümumilikdə belə adaların sayı 30-dan çoxdur. Bunlardan 5-6-sı turizm baxımından mənimsənilmə imkanı yüksək olan adalardır. Həmsöhbətimiz deyir ki, bir neçə il əvvəl Nargin və Böyük Zirə adalarında turizm infrastrukturunun yaradılması məsələsi gündəmə gəlib: «Amma görünür, təbliğat yaxşı qurulmadığından hələlik bu istiqamətdə investisiya yatıran yoxdur. Ada turizminin inkişaf etdirilməsi Azərbaycan üçün çox vacibdir. Əvvəla, bu, ekoloji tərəfdən çox təmizdir. Digər yandan, Azərbaycanın turizm imkanlarının tanıdılması baxımından vacibdir. Hesab edirəm ki, bu sahədə bir proqram tərtib olunmalıdır. Adalarda yaşayış binaları da tikmək mümkündür. Çünki burada açıq okean olmadığına görə sunami təhlükəsi də yoxdur. Xəzərdə dalğaların bu binalara elə bir təhlükəsi olmaz».

   Mütəxəssisin fikrincə, Azərbaycanda çay turizmini yaradıb buradan da gəlir götürmək olar: «Ölkəmizin düz mərkəzindən Kür çayı keçir. Avropa ölkələrində bu turizm növünə maraq böyükdür. Əlbəttə ki, bunun üçün də vəsait lazımdır. Əvvəlcə Kürün mənsəbi təmizlənməlidir. Səyahət katerləri ilə Kür boyunca gəzinti təşkil etmək olar. Bunun özü də Kür çayı sahili boyunca yerləşən yaşayış məntəqələrinin inkişafına təkan verər. Vaxtilə biz tələbə olarkən Volqa çayına gəzintiyə gedərdik. Çay boyunca həm yaşıl dayanacaqlar vardı, burada 3-4 saatlıq təbiət qoynuna gəzintiyə çıxmaq olurdu, həm də yaşayış məntəqələrinə gedirdik. Burada bələdçilər olurdu, yaşayış məntəqələrinin tarixi, mədəniyyəti və s. haqda turistlərə məlumatlar verirdilər. Bununla eyni zamanda əhaliyə yeni iş yerləri də açılmış olar. Kür çayının ölkəmizin ərazisindən keçən hissəsi 906 km-dır. Çay turizminin inkişaf etdirilməsi çayın sahili boyunca subasmaların da qarşısını qismən alar. Çünki qazma işləri aparılsa və gəmilər burada daimi hərəkət etsə, su axını güclənər. Bu həm sosial-iqtisadi inkişaf, həm də turizm baxımından əhəmiyyətlidir. İnanıram ki, müvafiq dövlət qurumları bu təkliflə maraqlanacaq».

  

   Adaların turizm məqsədilə istifadəsi iqtisadi baxımdan da önəmlidir

  

   Bakı Dövlət Universitetinin müəllimi, coğrafiya elmləri namizədi Səkinə Zülfüqarova da həmkarının fikirlərini təsdiqləyərək bildirir ki, Xəzər dənizinin adalarından bu günə qədər istifadə edilməyib. Onun sözlərinə görə, Abşeron yarımadasının şərqində Xəzər dənizində Pirallahı (Artyom), Çilov, Nargin, Böyük Tava, Kiçik Tava, Neft Daşları, Darvin, Balaxanı, Andreyevsk və s. adalar var: «Sahəsinə görə adalardan ən böyüyü Pirallahı, Çilov, Bulla və Nargindir. Adları sadalanan adalardan yalnız Pirallahı və Çilovda daimi məskunlaşma mövcuddur. Neft Daşlarının daimi yaşayan əhalisi yoxdur».

   Z.Zülfüqarova deyir ki, böyük imkanları olan Xəzərin Azərbaycan sektorunda yerləşən adalardan turizm məqsədləri üçün istifadə edilməsi məsələsi hələlik diqqət mərkəzində deyil. Halbuki adaların turizm mərkəzinə çevrilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynaya bilər. 

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 17 iyun.- S. 9.