Mingəçevir Turizm Kollecinin 5 yaşı qeyd
olundu
Kollecdə 12 ixtisas üzrə 2100-dən çox tələbə
təhsil alır, onların təlim-tərbiyəsi ilə
170-dən çox müəllim məşğul olur
2006-cı ildən fəaliyyət göstərən və
ölkədə turizm üzrə orta texniki ixtisas təmayüllü
yeganə təhsil ocağı olan Mingəçevir Turizm
Kollecinin 5 illik yubileyi təntənəli şəkildə
qeyd olunub. İyunun 14-də keçirilən mərasimdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Təhsil ocağı əlamətdar
yubileyə ötən zaman kəsiyində əldə etdiyi
nailiyyətlərlə gəlib. Bu nailiyyətlər yubiley
öncəsi nəfis şəkildə çap olunmuş
xüsusi məcmuədə, bukletlərdə, tədbirdə
nümayiş olunan sənədli filmdə öz təcəssümünü
tapmışdı.
Bir sözlə, yubiley tədbirində
12 ixtisas üzrə təhsil alan 2111 tələbənin
yüksək təhsil aldığı, elmlər doktoru,
professor, elmlər namizədlərinin və digər təcrübəli
müəllimlərin daxil olduğu 173 nəfərlik pedaqoji
heyətin çalışdığı kollecin 5 illik nailiyyətlərini
daha dolğun formada ictimaiyyətə çatdırmaq
üçün gözəl fürsət
yaranmışdı.
Yubileyin bir özəlliyi də
ondan ibarət idi ki, təntənələr Azərbaycan
xalqının taleyində xüsusi önəmi olan 15 iyun
Milli Qurtuluş Günü ərəfəsinə təsadüf
edirdi. Tədbirin ümummilli lider Heydər Əliyevin Azərbaycanda
ikinci dəfə siyasi hakimiyyətə gəlişinin
növbəti ildönümü ilə üst-üstə
düşməsi bayrama və şadyanalığa ikiqat sevinc
qatdı.
Yubiley tədbirləri ümummilli
lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə
başlandı. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin
başçısı Mübariz Ağayev, Azərbaycan Turizm
İnstitutunun rektoru, professor Cəfər Cəfərov, Mingəçevir
Turizm Kollecinin direktoru, iqtisad elmlər doktoru, professor Əyyub Əyyubov,
şəhərin müxtəlif dövlət idarələrinin
rəhbərləri və digər qonaqlar böyük öndərin
abidəsi önünə tər çiçəklər
qoydular.
Kollecin tədris korpusuna daxil olan mədəniyyət
və turizm naziri və digər qonaqlar Azərbaycanda turizmin
inkişafı perspektivlərini əks etdirən rəsm sərgisinə
tamaşa etdilər. Sərgi maraqla qarşılandı,
qonaqlar xoş təəssüratlarını ifadə etdilər.
Kollecin mərtəbələrini bəzəyən
stendlər də qonaqlar tərəfindən təqdirlə
qarşılandı. Ümummilli lider Heydər Əliyevin
siyasi fəaliyyəti, prezident İlham Əliyevin Mingəçevirə
səfərləri, kollecin beynəlxalq əlaqələrini əks
etdirən fotolarda dəyərli məlumatlar yer alırdı.
Burada mədəniyyət və turizm nazirinin kollecə ilk səfərini
xatırladan fotostend də yer almışdı.
Nazir informatika kabinəsinə,
auditoriyalara və digər tədris bölmələrinə də
baş çəkdi. Kollecin internet saytı, test imtahan
suallarının hazırlanma prosesi ilə yaxından
tanış olaraq görülən işlərdən məmnun
qaldığını ifadə etdi.
Sonra tədbir kollecdə, Heydər
Əliyev adına İdeoloji mərkəzdə davam etdi. Tədbiri
açan kollecin direktoru, professor Əyyub Əyyubov mədəniyyət
və turizm naziri başda olmaqla çoxsaylı qonaqların
yubiley tədbirində iştirakını təhsil
ocağının kollektivinə göstərilən
böyük hörmət, diqqət və qayğı
nümunəsi kimi dəyərləndirdi. Direktor rəhbərlik
etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, fəaliyyətindən
və ötən beş ildə qazanılan uğurlardan
danışdı.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev kollecin 5 illik yubileyinin 15 iyun
Milli Qurtuluş gününə təsadüf etməsini
sevinc doğuran hadisə adlandırdı. O ümummilli lider
Heydər Əliyevin Azərbaycan dövləti və xalqı
qarşısında unudulmaz xidmətlər göstərdiyini,
bu siyasətin prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirdi.
Təhsil müəssisəsinin
beşillik fəaliyyətini yüksək qiymətləndirən
nazir kollecin ölkəmizdə turizm sektorunun inkişafına
verdiyi töhfələrdən danışdı, təhsil
ocağının kollektivini yubiley münasibətilə təbrik
etdi. Bildirdi ki, prezident İlham Əliyev tərəfindən
2011-ci ilin “Turizm ili” elan olunması turizm sektorunun
inkişafını daha da sürətləndirib. Bu sahənin
inkişafı üçün peşəkar kadrların
hazırlanmasının önəmini qeyd edən nazir Mingəçevir
Turizm Kollecinin uğurla fəaliyyət göstərdiyini dedi.
Nazir kollecin beynəlxalq əlaqələrinə də
toxunaraq Şotlandiya, Rumıniya, Rusiya təcrübəsinin ən
yaxşı tərəflərinin mənimsənilərək
kollecdə tətbiq olunmasının əhəmiyyətini
vurğuladı.
Kollecin kollektivi adından nazir Əbülfəs
Qarayevə müəllimlər üçün mantiya dəsti
hədiyyə edildi. Sonra mədəniyyət və turizm naziri
və Mingəçevir Şəhər İcra Hakimiyyətinin
başçısı Mübariz Ağayev kollecin 4 əlaçı
tələbəsinə - Elvir İsayevə, Rəna
İsmayılzadəyə, Mahmud İbrahimova və Etibar
Babayevə fəxri fərmanlar təqdim etdilər. Pedaqoji heyət
qarşısında çıxış edən Mübariz
Ağayev kollecin uğurlarından və yubiley təəssüratlarından
məmnun qaldığını bildirərək kollektivə
uğurlar arzuladı.
Turizm Kollecinin yubiley tədbirləri
“River Side” otelində davam etdirildi. Burada kütləvi
informasiya vasitələri üçün mətbuat
konfransı keçirən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin
inkişafı və perspektivləri və Mingəçevir
Turizm Kollecinin 5 illik fəaliyyəti barədə
danışdı, media təmsilçilərinin
suallarını cavablandırdı.
Sonra yubiley tədbiri otelin geniş
salonunda davam etdirildi. Çoxsaylı qonaqları salamlayan
Turizm Kollecinin direktoru Əyyub Əyyubov onları Milli
Qurtuluş Günü və kollecin 5 illik yubileyi münasibəti
ilə təbrik etdi. Kollecin 5 illik fəaliyyətinə həsr
olunmuş sənədli film nümayiş olundu.
Ardınca növbəti dəfə
yubiley iştirakçılarına müraciət edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ikiqat bayram münasibətilə
hər kəsə ən xoş arzularını
çatdırdı. O, turizmin perspektivlərinə toxunaraq
kollecin üzərinə böyük missiya
düşdüyünü qeyd etdi. Mingəçevir Turizm Kollecinin
bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə
əminliyini vurğuladı. Çıxışının
yekununda nazir kollecin kollektivinin 8 üzvünə uğurlu fəaliyyətinə
görə fəxri fərmanlar təqdim etdi.
Şəhər İcra Hakimiyyətinin
başçısı Mübariz Ağayev də təbriklərə
qoşularaq Turizm Kollecinin ünvanına xoş sözlərini
çatdırdı. Kollecin təhsildə əldə etdiyi
nailiyyətlərlə yanaşı, şəhərin ictimai
həyatında da daim fəallıq nümayiş etdirdiyini
bildirdi. Ardınca şəhər İcra Hakimiyyətinin fəxri
fərmanları kollektiv üzvlərinə təqdim olundu. Azərbaycan
Politexnik İnstitutu, Azərbaycan Müəllimlər
İnstitutunun Mingəçevir filialı, şəhər Təhsil
şöbəsi, EL TV kanalı və digər təşkilat
rəhbərləri təbriklərini çatdırdılar,
kollektivə bayram hədiyyələri təqdim olundu.
Mingəçevir Turizm Kollecinin 5
illik yubiley tədbiri bayram ziyafəti ilə yekunlaşdı.
Kollec tələbələri və şəhər incəsənət
xadimləri konsert proqramı ilə çıxış edərək
yubiley iştirakçılarının qəlbində xoş
ovqat oyatdılar.
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 8.