«Mədəniyyətinizin zənginliyi məni heyran etdi»

 

  

   Aralıq dənizinin şərq sahilində, strateji coğrafiyada yerləşən Fələstin tarixən Asiya və Afrika qitəl   Nasser Kareem: “Burada ilk gündən hiss etdim ki, azərbaycanlılar Fələstin barədə daha çox məlumatlıdır. Çalışmalıyıq ki, fələstinlilərdə Azərbaycan barədə belə geniş məlumata malik olsunlar”

əri arasında olan keçid bölgə olub. Fələstin Muxtariyyətinin Azərbaycanda səfirliyi yeni fəaliyyətə başlayıb. Səfir Nasser A.Kareem ilə söhbət zamanı o, Fələstinin Azərbaycanla tarixi əlaqələrindən danışdı. Otağındakı müxtəlif naxışlı toxumaları, yaylıqları nümunə göstərən səfir, bu xalq sənətinin Azərbaycanda da tarixən inkişaf etməsindən xəbərdar olduğunu dedi. Söhbət əsnasında səfir bir sıra belə maraqlı məqamları faktların dili ilə izah etdi. Söhbətimizə də ölkələrimiz arasındakı münasibətlərdən başladıq.

  

   - Cənab səfir, Fələstinlə Azərbaycan arasında münasibətləri necə xarakterizə edərdiniz?

   - Fələstində Azərbaycanın səfirliyi bir neçə ay öncə açılıb. Amma bizim əlaqələrimizin qədim tarixi var. Ölkələrimizi din, adət-ənənə və tarix birləşdirir. Biz indi bu münasibətləri dərinləşdirmək istəyirik. Bunun üçün yaxşı bünövrə də var. Azərbaycan həmişə Fələstini beynəlxalq qurumlarda, o cümlədən BMT-də müdafiə edib. Bu siyasət indi də davam edir. Fələstin isə, öz növbəsində, Azərbaycanı Qarabağ məsələsində müdafiə edir. Bizi birləşdirən həm də o cəhətdir ki, Azərbaycan və Fələstin müsəlman ölkələri olsalar da, dünyəvi cəmiyyətlərdir. Fikrimcə, iki ölkə arasında iqtisadi-ticarət, həmçinin elmi və humanitar münasibətlərin böyük potensialı var. Biz indi iqtisadi münasibətləri yeni səviyyəyə çıxarmalıyıq. Hazırda Bakıda Fələstindən olan tələbələr təhsil alır. Bizim tibbi kadrlara, mühəndislərə və digər ixtisas sahiblərinə ehtiyacımız var. Azərbaycan bu sahələrdə böyük elmi potensiala malikdir. Məmnuniyyətlə etiraf edim ki, vaxtilə mənim bəzi qohumlarım da Bakıda təhsil alıblar. Bundan savayı, mədəniyyət, turizm və informasiya mübadiləsi sahəsində əlaqələrimizin yaxşı perspektivi var. Burada ilk gündən onu da hiss etdim ki, azərbaycanlılar Fələstin barədə daha çox məlumatlıdır və bu, daha çox beynəlxalq media qurumlarının Fələstin probleminə diqqəti sayəsində mümkün olur. Amma fələstinlilər Azərbaycan barədə bir o qədər də geniş məlumata malik deyillər. Bunu da aradan qaldırmaq lazımdır. Çalışmalıyıq ki, fələstinlilər Azərbaycan barədə geniş məlumata malik olsunlar.

   - Ölkələrimiz arasında mədəni münasibətlərin səviyyəsini necə qiymətləndirmək olar?

   - Azərbaycanda Fələstin səfirliyinin açılmasının başlıca məqsədi ikitərəfli əlaqələri, o cümlədən mədəniyyət sahəsində münasibətləri daha da inkişaf etdirməkdir. Mədəniyyətlərarası mübadilədən danışanda bu gündən deyil, 100 illər əvvəllərdən bəhs edirəm. Biz mədəni baxımdan bir-birimizə çox yaxınıq. Mən «Azərbaycan-Fələstin münasibətləri yeni inkişaf etməyə başlayıb» fikri ilə razı deyiləm. «Yeni» sözü yalnız diplomatik əlaqələrə şamil oluna bilər. Biz eyni dəyərləri, tarixi məqamları bölüşürük. Çünki bu yaxınlıqdır və mədəniyyətlərarası mübadilədir. Düzdür, Azərbaycanla Fələstin arasında 1500 km yol var. Bu, böyük məsafədir. Lakin biz bir-birimizə rəğbət bəsləyirik, tarixi bağlarımız var. Münasibətlərin daha da yaxınlaşması üçün mədəni əlaqələrin gücləndirilməsi lazımdır. Fələstin mədəniyyəti Azərbaycan mədəniyyətinə çox oxşayır. Əgər siz Fələstinə getsəniz və azərbaycanlı olduğunuzu desəniz, sizi qucaqlayacaqlar. Çünki onlar Azərbaycana böyük sevgi bəsləyirlər.

   Bu yaxınlarda Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşümüzdə mədəni əməkdaşlıq sahəsində söhbətimiz oldu. Bu gün mədəniyyət müxtəlif aspektlərdən maraqlıdır. Ola bilsin ki, Azərbaycanın folklor qrupu Fələstinə, bizim folklor qrupumuz isə Azərbaycana səfər etsin.

   - Ölkələrimiz arasında tarixi və mədəni əlaqələrdən bəhs etdiniz. Maraqlıdır, Azərbaycana gələnə qədər Azərbaycanın tarixi və mədəniyyəti haqqında nə bilirdiniz?

   - Əvvəlcə onu deyim ki, Azərbaycana səfir təyin olunduğumu eşidəndə çox sevindim. Məlumata gəlincə, diplomat kimi ancaq əsas informasiyalara malik idim. Cəmi 6 aydır ki, Bakıdayam və ölkənizlə bağlı bir çox məlumatları öyrənmişəm. Amma hələ də tam deyil. Görürəm ki, hələ ölkənizlə bağlı çox məqamları öyrənməliyəm. İlk baxışdan isə Bakıda diqqətimi cəlb edən əsas məqam mədəniyyətinizin zənginliyidir. Bakıda 2-3 milyon əhali yaşayır, amma o qədər teatr var. Bunun özü mədəniyyətin zənginliyini təsdiqləyir. Bu zənginlik məni çox heyrətləndirdi. İçərişəhər və oradakı tarixi memarlıq üslubu məni xüsusilə özünə cəlb edir. Gələcəkdə turizm əlaqələrimizin də inkişaf etməsini istərdim. Çünki bu sahənin inkişafı həm də mədəniyyətlərarası mübadilənin genişlənməsi deməkdir.

   - Cənab səfir, bəs xalqlarımız arasında hansı oxşarlığı «kəşf» edə bildiniz?

   - Düşünürəm ki, xalqlarımız zahiri baxımdan da bir-birinə çox bənzəyir.

   Bundan başqa insanlarımızın həyat tərzində də oxşarlıqlar mövcuddur. Məsələn, Fələstində toxuculuq, xüsusilə də, yun xalça toxuculuğu geniş yayılıb. Mən görürəm ki, xalçaçılıq sənətinin tarixi Azərbaycanda da qədim dövrə gedib çıxır və bu sahə ölkənizdə çox zəngindir. Bu mənada oxşarlıqlarımız çoxdur. Fələstin də qədim tarixə malik ölkədir. Xristianlıq və İslam dinləri bizim yerləşdiyimiz coğrafiyada meydana gəlib. Bəzi fərqli detalları çıxmaq şərti ilə mətbəxlərimiz, yeməklərimiz bir-birinə kifayət qədər bənzəyir. Doğrudur, biz sizə nisbətən mətbəxdə ədviyyatdan daha çox istifadə edirik.

   - Azərbaycanda olduğunuz müddətdə bölgələrimizə getməyə vaxt tapmısınızmı?

   - Burada olduğum qısa müddətdə hələlik Quba və Qəbələyə səfər etmək imkanım olub. Bu bölgələri çox bəyəndim və zövq aldım. İndi isə Şəkiyə getmək istəyirəm.

   Məni bölgələrdə daha çox insanlar cəlb etdi. Onlar çox gözəl, səmimi və xeyirxahdırlar. Bundan başqa, bölgələrinizin gözəl memarlıq üslubu, təbiəti də diqqətimi cəlb etdi. Məsələn, mən Qubanın təbiətini Fələstinə bənzətdim. Fələstin dağlıq ölkədir və meyvə ilə zəngindir. Qubada da çoxlu meyvə var. Mən bilirəm ki, Azərbaycan zeytun istehsal edir. Fələstin də zeytun istehsalı ilə məşğuldur.

   - Azərbaycanda yerli mərasimlərdə, məsələn toylarımızda necə, olmusunuz?

   - Xoşbəxtlikdən mənim və xanımım sizin toy mərasiminizdə iştirak etmək imkanım olub. Bilirsiniz, toyu seyr etdikcə, düşünürdüm ki, bizim toylarımız çox oxşardır. Yeməkləriniz də rəngarəngdir. Biz həmin toydan böyük zövq aldıq.

   - Yeməklərdən söz düşmüşkən, bizim milli mətbəximizi bəyənirsiniz?

   - Qeyd etdiyim kimi, mətbəxlərimiz çox oxşardır. Mən sizin mətbəxdə balıq kababını, kababı, dolmanı çox bəyəndim. Sac yeməkləriniz isə məni həddindən artıq valeh etdi. Doğrudur, dolma Fələstində də hazırlanır, amma sizdə bir qədər fərqli olur. Şirniyyatlarınız da çox dadlıdır. Onu da deyim ki, bu şirniyyatdan bəzisi, məsələn, paxlava Fələstində də bişirilir.

   - Cənab səfir, teatrlarımız, musiqimizlə bağlı fikirlərinizi də bilmək maraqlı olardı...

   - Mən uşaqlıq illərimi İraqda keçirmişəm. Orada da muğam musiqisi geniş yayılıb. Odur ki, mən muğam musiqisini hələ uşaq vaxtımdan eşitmişdim. Azərbaycanda da muğamın qədim və zəngin tarixi var. Bu musiqini burada müxtəlif yerlərdə dinləmişəm və çox bəyənmişəm. Bakıda konsertə getmək, teatrlara baxmaq həqiqətən çox maraqlıdır.

   - Boş vaxtlarınızda Bakının hansı hissəsində olursunuz?

   - Ailəmizlə birlikdə Dənizkənarı parka, Fəvvarələr bağında gəzməyi sevirik. Bu məkanlar çox gözəldir. Bundan başqa, Şəhidlər xiyabanına gedirəm. Sonra yuxarı qalxıb Bakının bütün gözəlliyini seyr edirəm və bu da mənə zövq verir. Mədəniyyətlərin kəsişməsində yerləşən Bakı doğrudan da gözəl şəhərdir.

   Bilirsiniz, Fələstin də tarixi və mədəni baxımdan zəngin, dünyanın ən qədim mədəniyyətə malik ölkələrindən biridir. Son arxeoloji qazıntılar göstərir ki, Fələstin ərazisi insanın köçəri həyatdan oturaq həyata keçdiyi və əkinçiliyə başladığı ilk yerlərdəndir. Burada eramızdan 8000 il qabaq dünyanın ən qədim şəhəri olan Ariha şəhəri salınıb. Fələstin müxtəlif mədəniyyətlərin bir-biri ilə qaynayıb-qarışdığı bir ölkədir.

   Hər bir müsəlmanın qəlbində Fələstinin böyük yeri var. Qurani-Kərimdə buyurulduğu kimi, bura müqəddəs və mübarək yerdir. Burada müsəlmanların ilk qibləsi olmuş Əqsa məscidi yerləşir. Bu, Yer üzündə tikilmiş ikinci məsciddir. İslam dinində müqəddəs sayılan məscidlər arasında üçüncü yerdədir. Bura İsra (Merac) ərazisi də adlanır. Axı, Məhəmməd peyğəmbər məhz buradan meraca yüksəlmişdi. Fələstini ”Peyğəmbərlər torpağı” adlandırırlar. Çünki bir çox peyğəmbərlər dünyaya burada gözünü açıb, ömür sürüb və burada da dəfn olunub. Fələstin xristian və yəhudilər üçün də müqəddəs yer sayılır. Xristianların ən böyük dini mərkəzləri Qüds, Beytləhm və Nasirə şəhərlərindədir.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 17 iyun.- S. 7.