Kitabxanaçılarımız beynəlxalq konfransdan qayıdıblar
Azərbaycan
kitabxanaçıları iyunun 4-dən 12-dək Ukrayna
Respublikasının Krım vilayətinin Sudak şəhərində
keçirilən “Kitabxanalar və informasiya resursları
müasir elm, mədəniyyət, təhsil və biznes aləmində”
XVIII Beynəlxalq kitabxana konfransında iştirak ediblər. Konfransda
Azərbaycanın kitabxana-informasiya sahəsini Mədəniyyət
və Turizm Nazirliyi, Prezident Kitabxanasının
kitabxanaçıları təmsil ediblər.
Konfransda təbrik sözü ilə “Krım-2011” Beynəlxalq Kitabxana Konfransının təşkilat komitəsinin sədri, Rusiya Dövlət Elmi-Texniki Kitabxanasının baş direktoru Y.L.Şrayberq, “İnformasiya hamı üçün” UNESCO Proqramının Rusiya Komitəsinin sədri E.İ.Kuzmin, Ukrayna prezidentinin Krım Muxtar Respublikasında daimi nümayəndəsi V.Q.Yasuba, Ukraynanın mədəniyyət naziri M.A.Kulinyak, Krım Muxtar Respublikasının Nazirlər Sovetinin sədri V.Q.Jartı, Moskva şəhər Mədəniyyət Departamentinin sədr müavini O.V.Qrişina və başqaları çıxış edərək XXI əsrdə informasiya cəmiyyətinin formalaşmasında, habelə cəmiyyətin artan informasiya tələbatının ödənilməsində kitabxanaların rolu haqqında danışıblar.
Konfransda “Kitabxana və cəmiyyətin elektron informasiyası, informasiya əsrinin yeni onilliyində bizi nə gözləyir?”, “Gənc kitabxana mütəxəssisləri, yeni nəsil-yeni baxış”, “Uşaq və yeniyetmələrdə qiraətlə bağlı çətinliklər”, “Elektron kataloq və Elektron kitabxanaların yaradılması üzrə Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin tədris dərsləri” mövzularında seminar, “dəyirmi masa”, sərgi və təqdimatlar maraqla qarşılanıb.
Azərbaycanlı mütəxəssislər konfrans çərçivəsində türk ozan poeziyasının nümayəndəsi Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi ilə əlaqədar İ.Qasprinski adına Krım tatar kitabxanasının “Şair doğulmuşam mən...” mövzusunda keçirildiyi tədbirdə iştirak ediblər. Tədbirdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov ölkəmizdə aşıq sənətinə və onun inkişafına göstərilən dövlət qayğısından, 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Luvr şəhərində Azərbaycan aşıqlarının təşkil etdiyi konsertdən, aşıq sənətinin tanınmış nümayəndələrinin yaradıcılıqları barədə geniş məruzə ilə çıxış edib.
C.Cabbarlı adına respublika gənclər kitabxanasının veb saytı və kitabxananın
nəzdində yaradılmış Rusiyanın İctimai
Hüquqi İnformasiya
Mərkəzi, habelə kitabxanada keçirilən tədbirlərə
dair slaydlar göstərilib.
Kitabxana ilə İ.Qaspirinski adına Krım tatar
kitabxanası arasında
birgə layihələrin icrası barədə razılıq
əldə edilib.
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 5.