“Vüqar niyə qayıtmır?” Sənədli filmi
nümayiş olundu
İyunun 14-də
Azərbaycan Kinematoqrafçılar
İttifaqının kino
zalında gənc rejissor Ələkbər Əliyevin “Vüqar niyə qayıtmır?” sənədli filmi nümayiş olundu.
30 dəqiqəlik film 2010-cu ildə
Atelye Varan Assosiasiyası (Fransa), “Arte” telekanalı
(Almaniya-Fransa), Höte İnstitutu (Almaniya), Fransanın Azərbaycandakı
səfirliyi, “Butafilm”, “Cinecritic” (Azərbaycan) və “Mobilia”
(Gürcüstan) studiyalarının dəstəyi ilə lentə
alınıb.
Nümayişdən öncə
çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin
mədəniyyət və əməkdaşlıq üzrə
attaşesi Lük Aubri filmin Avropada nümayişinin uğurlu
keçdiyini vurğuladı.
Daha sonra filmin rejissoru Ələkbər
Əliyev çıxış etdi. O, filmin bir sıra
festivallarda nümayiş olunduğunu bildirdi: “Film
qloballaşan dünyada qloballaşmaq istəməyən azərbaycanlı
ailə haqqındadır. Səmimi bir film çəkməyə
çalışmışam.”
“Vüqar niyə qayıtmır?”
filminin rejissoru və operatoru Ələkbər Əliyev, səs
rejissoru İmaməddin Həsənov, montajçısı
Mixail Şestovskidir.
Film Kəlbəcərdən məcburi
köçkün düşmüş bir ailənin həyatından
bəhs edir. Ailənin üzvü Vüqar Cümşüdov
uzun illərdir ki, Rusiyada yaşayır. Filmdə ailənin
gündəlik yaşayışı, həyat tərzi
göstərilir.
“Vüqar niyə qayıtmır?”
filmi 2010-cu ildə Tbilisidə beynəlxalq festivalda xüsusi
baxış proqramında nümayiş olunub. 2011-ci ilin
yanvarında Parisin “Musee Du Quai
Branle” muzeyində Avropa premyerası keçirilib. Mayda isə Fransanın
“Cinema / projections a la meo” layihəsində
keçmiş sovet ölkələrinin filmləri
ilə bir sırada Azərbaycanı
təmsil edib.
Reyhan
Mədəniyyət.-
2011.- 17 iyun.- S. 4.