Azərbaycan - doğma diyar

 

   Milli Azlıqların İncəsənəti III Respublika Festivalı

  

   Festival çərçivəsində “Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət» mövzusunda dəyirmi masa keçirildi

  

   Xəbər verdiyimiz kimi, iyunun 14-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycan - doğma diyar» devizi altında Milli Azlıqların İncəsənəti III Respublika Festivalına start verilib. Festivalda Lənkəran, Astara, Masallı, Lerik, Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayonlarından azsaylı xalqların bədii özfəaliyyət kollektivləri iştirak edir. İyunun 16-da festivalın rəsmi açılış mərasimi keçirildi.

  

   Dünən festival çərçivəsində həmçinin Muzey Mərkəzində “Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda dəyirmi masa və «Azərbaycanda yaşayan xalqların mahnıları» diskinin təqdimatı oldu. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dəyirmi masada «Azərbaycan dövlətinin milli siyasəti, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq» mövzusunda məruzə ilə çıxış etdi. Nazir bildirdi ki, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

   Qeyd olundu ki, UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyi də bu istiqamətdə müxtəlif layihələr, tədbirlər keçirir: “Biz çalışırıq ki, Azərbaycanda yaşayan bütün azsaylı və ya çoxsaylı millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini qoruyaq. Eyni zamanda bütün bunlar gələcək nəsillərə çatdırılmalıdır. Biz artıq üçüncü dəfədir ki, azsaylı xalqların böyük mədəniyyət festivalını keçiririk. Eyni zamanda, artıq ikinci dəfədir ki, milli azlıqların incəsənətinə həsr olunmuş disk hazırlanıb. “Azərbaycanda yaşayan xalqların mahnıları” adlı CD 5 dildə hazırlanıb. Birinci dəfə biz belə bir diski 2008-ci ildə hazırladıq və Avropa Şurasında təqdim etdik. Milli azlıqların incəsənətinin qorunmasına və inkişafına belə bir önəm verilməsi baxımından Azərbaycan dünyaya nümunədir”.

   Azərbaycan dövlətinin mədəniyyətlərarası dialoqa xüsusi önəm verdiyini vurğulayan nazir bildirdi ki, bütün dünya Azərbaycanın bu sahədə imkan və təcrübəsindən danışır: “Dövlət başçısı İlham Əliyev tərəfindən də dəfələrlə qeyd edilib ki, Azərbaycan mədəniyyəti təkcə azərbaycanlıların yaratdığı mədəniyyətdən ibarət deyil. Bu mədəniyyət həm də Azərbaycanda yaşayan qeyri-xalqların yaradıcı insanlarının yaratdığı mədəniyyətdir».

   Nazir Azərbaycanın dünyadakı qloballaşma prosesində iştirakından da bəhs etdi: «Dünya qloballaşır, yeni tendensiyalar meydana çıxır. Lakin biz bu prosesə öz mədəniyyətimizi, dərin tarixi köklərimizi qorumaq şərti ilə qoşulmalıyıq».

   Nazir qeyd etdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı sahəsində aparılan genişmiqyaslı iş bütün rayonlarda yaradıcı imkanların realizə olunmasına, o cümlədən milli azlıqların incəsənətinin inkişafına şərait yaradır: “Bütün rayonlarda tarix-diyarşünaslıq muzeyləri var. Azərbaycanda milli azlıqların teatrları fəaliyyət göstərir. Bu ənənəni dünyaya çatdırmaq üçün metodologiya olmalıdır. Hazırladığımız disklər də bu məqsədə xidmət edir”.

   Sonra Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin Milli azlıqlar və dini qurumlarla iş sektorunun müdiri Müzəffər Talıblı «Azərbaycanda milli azlıqların qorunması, onların dil və mədəniyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlər» mövzusunda məruzə ilə çıxış etdi. O, son illər ərzində azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən görülən işlərdən danışdı. Qeyd olundu ki, 2009-cu il əhalinin siyahıya alınmasına görə ölkə əhalisinin 8,4 faizini milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri təşkil edir. Respublikamız insan haqları və milli azlıqların müdafiəsi ilə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Milli azlıqların məsələləri ilə məşğul olan 50-dək qeyri-hökumət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir. Etnik icmaların dilində 15-dən çox qəzet və jurnal nəşr olunur, milli azlıqların sıx yaşadığı 5 bölgədə yerli teleradio kanalları fəaliyyət göstərir. Həmçinin rus dilində 30-dan çox qəzet və 15 jurnal çap olunur, gündəlik radio və televiziya verilişləri yayımlanır.

   Sonra «Musiqi dünyası» jurnalının baş redaktoru, professor Tariyel Məmmədov «Azərbaycanda yaşayan xalqların mahnıları» CD diskini təqdimat etdi. 42 mahnıdan ibarət olan disk 5 dildə - Azərbaycan, ingilis, rus, fransız və alman dillərində hazırlanıb. Burada rus, ləzgi, ingiloy, talış və digər milli azlıqların mahnıları özünə yer alıb.

   Təqdimatdan sonra digər tədbir iştirakçılarının məruzələri dinlənildi. Milli Məclisin deputatı Yevda Abramov “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti Azərbaycan xalqının sərvətidir” mövzusunda çıxış etdi. Deputat Azərbaycanın milli azlıqlara hörmət baxımından dünyaya nümunə olduğunu vurğuladı: “Yəhudilərin yaşadığı Qubadakı Qırmızı qəsəbəni UNESCO-nun maddi-irs siyahısına salmaq üçün sənədləri hazırlayırıq. Azərbaycanda nə qədər sinaqoqlar tikilir, tədbirlər keçirilir. Bütün bunlar milli azlıqlara göstərilən hörmətin nümunəsidir”.

   AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Arzumanlı “Müstəqil Azərbaycan Respublikasında azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar (ictimai-siyasi və sosial durum)”, Milli Məclisin deputatı Mixail Zabelin “Tolerantlıq və millətlərarası həmrəylik müstəqil Azərbaycan dövlətinin əsas uğurudur”, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, professor Tahir Əmiraslanov «Azərbaycanda yaşayan xalqların mətbəx mədəniyyətinin ümumi və fərqli cəhətləri» mövzusunda məruzə ilə çıxış etdilər. Dəyirmi masada həmçinin Azərbaycanda bolqar icmasının nümayəndəsi, “Samur” mədəniyyət mərkəzinin rəhbəri və digərləri çıxış etdi.

 

   * * *

 

   Qeyd edək ki, milli azlıqların incəsənət festivalına qatılmış kollektivlər bu gün Dövlət Opera və Balet Teatrında geniş konsert proqramı ilə çıxış edəcəklər.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 17 iyun.- S. 2.