Hərb tariximizin yorulmaz tədqiqatçısı
Şəmistan Nəzirli. Bu imzanı yəqin ki,
çoxları, xüsusən də Azərbaycan hərb
tarixini izləyənlər tanıyır. İstedadlı
yazıçı, yorulmaz tədqiqatçı-jurnalist Azərbaycan
hərb tarixini yaradanların sırasında özünəməxsus
yer tutur.
Keçmiş SSRİ məkanında
az arxiv tapılar ki, Şəmistan Nəzirli onun tozlu,
neçə-neçə sirr saxlayan saysız-hesabsız
qovluqlarını vərəqləməsin. Bakıda, Moskvada,
Sankt-Peterburqda, Tiflisdə və digər şəhərlərdə
aylarla axtarışlar apararaq hərb tariximizin bir çox
simalarını, unudulmuş, unutdurulmuş generalların
adlarını, həyat və fəaliyyətlərini üzə
çıxarıb. Onun bu mövzuda yazdığı hər
bir əsər tariximizin səhifələrinə işıq
salır.
Şəmistan Nəzirli imzası
“Vurğun keçib bu yerlərdən” adlı publisistik xatirələr
toplusu ilə tanınıb. Müəllif böyük məhəbbət
və həvəslə görkəmli Azərbaycan şairi ilə
bağlı xatirələri toplayaraq müxtəlif mətbuat
orqanlarında çap etdirib. Yazıçı-jurnalist hərb
tariximizdə layiqli yer tutan, Azərbaycan Xalq Cümhuriyyətinin
ordusunu yaradan generallar Səməd bəy Mehmandarov, Əliağa
Şıxlinski, onun həyat yoldaşı, ilk azərbaycanlı
hərbi şəfqət bacısı Nigar xanım barədə
çoxlu materiallar toplayaraq sanballı tədqiqat əsərləri
yazıb. O, ilk hərbi təyyarəçimiz Fərrux
ağa Qayıbov, ilk topoqraf-generalımız İbrahim ağa
Vəkilov, general-leytenant Balakişi bəy Ərəblinski barədə
dəyərli araşdırmalar aparıb.
Şəmistan Nəzirli öz
araşdırmalarına ilk növbədə hər bir tədqiqatçının
üz tutduğu ünvandan - kitabxanalardan başlayır. Onun
müraciət etdiyi kitabxanalardan biri də Səbail rayon MKS-in
Mərkəzi Kitabxanasıdır (keçmiş M.Qorki
adına Mərkəzi Səyyar Kitabxana Fondu).
Şəmistan Nəzirli zəhmətkeş
bir tədqiqatçı olmaqla yanaşı, həm də
gözəl insan və zəhmətsevər oxucudur. Onun bu
müsbət xüsusiyyətləri və daim yaradıcı
axtarışları biz kitabxanaçıların da diqqətindən
yayınmır. Kitabxanamızın fondunda onun qələminə
məxsus bir çox kitablar var: “Qarabağ döyüşləri”,
“Güllələnmiş Azərbaycan generalları”, “General Əliağa
Şıxlinski ömrü“, “Yaddaşlarda yaşayan
Vurğun”, “Vurğun keçib bu yerlərdən”, “Qacarlar”, “Qəribə
talelər” və s. Bu kitabların hər vərəqində
xalqımızın hərb tarixindən səhifələr, sərkərdə
oğullarımızın döyüş və ömür
yolu, Azərbaycan hərb tarixinin geniş ictimaiyyətə bəlli
olmayan məqamları öz əksini tapıb.
Ş.Nəzirli hələ tələbəlik
illərindən maraqlandığı, tarixini tədqiq etdiyi
Qori və Qazax seminariyaları haqqında “Qoridən gələn
qatar” sənədli povestinin yeni nəşrini kitabxanamıza təqdim
edib. Bu əsər müəllifin öz oxucularına
böyük töhfəsidir.
Şəbnəm Babaşova,
Səbail
rayon MKS-nin metodisti
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 15.