Mənə
yarımçıq azadlıq verincə, Bütöv
ölüm ver, İlahi.
22 iyun poeziyamızın həmişəyaşıl
Eldar şamı Eldar Baxışın doğum
günüdür.
Eldar Baxış bütün
varlığı ilə axtardığı bütöv
azadlığı son mənzilində tapdı. “İstərdim
ki, mənim qəbrim mənim şeirim olsun” - dedi Eldar
Baxış. Bir də vəsiyyət etdi ki, baş
daşıma “Azadlıq” sözünü yazarsınız. Belə
də oldu...
Fil dartıb dağıdır,
aslan dağıdır,
Qarışqa üzülə-üzülə
gedir.
Aslanın bir günə getdiyi yolu
Qara qarışqalar yüz ilə
gedir.
Başqalarının yüz ilə
getdiyi yolu Eldar Baxış 49 ilə başa vurdu. Təpədən
dırnağacan şair olan Eldar Baxışın
özündən sonra bitib-tükənməyən söz
ömrü başladı. Necə ki, illər öncə Əkrəm
Əylisli onun barəsində yazırdı: “Eldar
Baxışın şeirləri öz
başlanğıcını Azərbaycan şeirinin
başlandığı yerdən götürür,
mayasını ordan tutub gəlir”.
Xalq şairi Bəxtiyar Vahabzadə
isə “XXI əsr Eldar Baxış əsri olacaq” - deyirdi.
Eldar Baxış keçən əsrdə
doğulub - 1947-ci il iyun ayının 22-də Qubadlı
rayonunun Diləli Müskanlı kəndində. On
yaşında atasını itirsə də, yetimliyin
dadını dada-dada, yıxıla-yıxıla, dura-dura Eldar
bu dünyanı sevdi. Orta məktəbi, daha sonra Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini
bitirdi. Böyük ürəyini əvvəl balacalara
açdı. Azərbaycan radiosunda “Sandıqca”, “Yaşıl
yarpaq”, “Tumurcuq” uşaq verilişlərini Eldar Baxış
yaratdı. “İydə çiçəyi”, “Allı qız,
ballı qız, xallı qız”, “Qara ilə Qaracanın
nağılı” kitabları çap olundu. Böyükləri
də yaddan çıxarmadı Eldar Baxış:
...Yazıq insan, yetim insan
bəlkə duyur elə,
duyur ki, bu dünyaya
gəldiyi gündən
duyur ki, bu dünya
gidi dünyadır -
yaşamağı ölməyindən,
ölməyi yaşamağından
gözəl.
Eldar Baxış şairlər
içində şairlik yükünü ləyaqətlə
daşıyan şairlərdən idi.
Anam deyir ki.
Allah hamının Allahıdır,
-
Yaxşının, pisin,
Əyrinin, düzün,
Namərdin, mərdin...
...Allah hamının
Allahıdır,
Ancaq mən
Hamının şairi ola bilmərəm,
ana!
“Mənə görə
sözü qıpıq olunca, gözü qıpıq olmaq
yaxşıdır” - deyən Eldar Baxış hamının
şairi ola bilməsə də, AZADLIQ şairi oldu.
Milli mənliyimizin beşiyi
başında məğrur dayanan ziyalılarımızdan olan
Eldar Baxış 70 il qolumuzu bağlayan əsarət zəncirlərinə
baxıb
Bu yurdun qızılı,
gümüşü də var,
Altında sərməyə
palazı yoxdur,
- deyirdi. Sadəcə demirdi, həm
də üsyan edirdi. Kölə insan ömründənsə,
özünə qara balıq ömrü arzulayırdı.
Sən məni bir qara adam kimi yox,
Qara balıq kimi öldür
dünyada.
Eldar Baxış qəlbini,
düşüncələrini, arzularını şeirlərinə
köçürürdü:
Bu dünyanın sevincini
götürün,
Dərdinə dəyməyin, dərdi
mənimdir.
Eldar Baxışın bir-birinin
ardınca “Ağ saçların işığı”, “Deyə
bilmədiyim sözlər” kitabları işıq üzü
gördü. “Ölüsücə ərəbcə, dirisicə
rusca” lətifə kitabı isə Eldar Baxışın
gülüş içində həqiqətləri idi.
Nə yazıq ki, həqiqətlərin
hamısı deyildi. Külək kimi, su kimi azad olan Eldar
Baxışın da “Deyə bilmədiyi sözlər”i
vardı.
...Siz ey ürəyimin
başında
dolaşan sözlər,
ürəyimin qanına bulaşan
sözlər,
ağı deyib, ağlaşan
sözlər,
bəsdi ağladınız,
bəsdi sızladınız,
sizin gözünüzün
yaşı
mənim gözümün
yaşıdır,
sizin başınızın
daşı
mənim başımın
daşıdır.
Eldar Baxış poeziyamızın
həmişəyaşıl Eldar şamıdır. Həyatı
boyu heç kimdən, heç nədən zərrəcə
də olsa qorxub-çəkinmədən yazdı. Duyduqlarını
yazdı, düşündüklərini yazdı, istədiklərini
yazdı.
Azadlıq dediyin ayrı şeydi -
Göyün quşuna toxunsa,
Göyün quşu sevinər,
Yerin daşına toxunsa,
Yerin daşı sevinər,
Gözün yaşına toxunsa,
Gözün yaşı sevinər...
Təranə
Vahidqızı
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 13.