Xalq nəğməkarı - xalq sənətçisi

 

   Bilmirəm, nədənsə mən lap uşaqlıqdan səsi ürəyimə yatan kişi xanəndələri xarıbülbülə, müğənni xanımlarımızı isə bizim dağların boy çiçəyinə bənzədirdim. Mənim üçün xarıbülbül öz görkəmiylə bağrı al qan edən yanğılı, özü gözə dəyməmiş ətri çəmən boyda olan boy çiçəyi isə məlahətli səsin rəmzi idi.

  

   Elimizin-obamızın ismətli, xanım-xatun qızı Yaqut Abdullayevanı hər dəfə ekranda oxuyan görəndə mən onu Cəbrayılımızın boy çiçəyi adlandırırdım. Respublikanın Əməkdar artisti Yaqut xanımı biz xalq nəğməkarı - xalq sənətçisi kimi tanıyırıq. Yaqut xanım yanar səsli nəğməkardır. Xalqın ürəyindən yoğurulub gələn həmişəyaşar xalq mahnılarının əvəzolunmaz ifaçılarından biridir. Ürəkdən oxuyur. Dədə-baba qaydasınca oxuyur. Onun sənətinə, sənətkarlığına isə mükəmməl dəyəri böyük maestro Niyazi verib: “Yaqut xalq musiqisində öz sözü olan müğənnidir”. Maestro Yaqut xanımın səsini çox sevirdi. Hər dəfə Şuşada təşkil olunan konsertlərə Yaqut xanımı da dəvət edər və deyərdi: “Yaqut xanımın səsində xarıbülbül möcüzəsi var”.

   Bəli, Yaqut səsinin öz sirri, rəngi, hikməti, ahəngi var. Səsində bir qüdrət, həm də bir qəm yükü var. Hüznlüdü, dərdlidi. Səsində torpaq yanğısı, Qarabağ harayı, Vətən həsrəti var. Ürəkləri riqqətə gətirən, qəlbləri ovsunlayan ifası, ifasındakı titrək notlar və xallar, naxışlar ilahi səsin varlığından xəbər verir. Onun rəvan və aydın səsi ney səsinə bənzəyir, ruhlara çilənən səsdir. Ona bəslənən xalq sevgisi də xalq mahnılarına, muğamlarımıza olan məhəbbətdən rişələnir. “Sarı bülbül”, “Üzündə qaradır xalın”, “Yar gəldi”, “Qaragilə”, “Azərbaycan maralı”, “Şuşanın dağları”, “Üçtelli durna”, “Sevgilim”, “Hər yetən gözələ gözəl demərəm”, “Sarı gəlin”, “Bulaq başında”, “Dağlara çən düşəndə”, “Boyun qurbanı”, “İnsaf elə”, “Unuda bilmirəm”, “Sevəydin barı”, “Heydərbabaya salam”, “Ana” və s. mahnıları onun ifasında dinlədikcə ruhumuz təzələnir, xalq mahnıları, xalq mahnıları üstə köklənən bəstələrlə nəfəs alır.

   Yaqut xanımın səsindəki bu cövhəri Cəbrayıl torpağının yetirməsi, mərhum şairimiz Hüseyn Əfəndi öz sözləri ilə daha dolğun və konkret şəkildə mənalandırmışdır: “Yaqut Abdullayevanın səsi çox klassikdir. Elə bil sürgünə göndərilmiş, qətlə yetirilmiş doğmalarımızın ruhu var o səsdə”. Geniş səs diapazonuna malik Yaqut xanımın repertuarında xalq və bəstəkar mahnıları ilə yanaşı muğamlar, təsniflər də əhəmiyyətli yer tutur. Şaqraq, məlahətli səs, uca zəngulə, şirin ləhcə, geniş nəfəs, öz ampluasında ifa tərzi yaddaşlarda iz salır. Yaqut xanımın ustalığı “Şahnaz”, “Qatar”, “Qarabağ şikəstəsi”, “Mirzə Hüseyn segahı”, “Bayatı Qacar”, “Bayatı-kürd”, “Şur” muğamlarının ifasında özünü parlaq şəkildə göstərir.

   Dinləyici ruhuna hakim kəsilən, öz qaibanəliyi ilə seçilən Yaqut səsi böyük Üzeyir bəyin “Leyli və Məcnun” operasında da öz sözünü deyib. 1982-1986-cı illərdə Opera və Balet Teatrında çalışan Yaqut Abdullayeva “Leyli və Məcnun”, “Gəlin qayası” operalarında baş rolların ifaçısı olub, “Şah İsmayıl”da Ərəbzəngi rolunda çıxış edib. Onun tərəf-müqabili olmuş xalq artistləri Arif Babayev və Canəli Əkbərov hər dəfə söhbət düşəndə Yaqut xanımın Leyli obrazını necə duyğusallıqla, özünəməxsus üslubda təcəssüm etdirməsindən həyəcanla danışırlar. Arif Babayev “Mən ilk dəfə səhnədə insanın aha, amana bürünərək od parçasına döndüyünü gözlərimlə gördüm”, Canəli Əkbərov isə “Mən səhnədə ilk dəfə qürurlu, məğrur, eşqi yolunda dərdlərə, fəlakətlərə, faciələrə ləyaqətlə sinə gələn bir Leyli gördüm” deyir. Məhz bu keyfiyyətlərinə görə Xalq artisti Səkinə İsmayılova “Yaqut Abdullayeva canlı məktəbdir” söyləyir.

   Yaqut Abdullayeva xalq mahnılarının, təsnif və muğamlarımızın təkcə məharətli ifaçısı deyil, həm də gözəl bilicisidir. 30 ildən çoxdur ki, pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müəllimidir, universitetin dosentidir.

   Tələbələrə “muğam və xalq mahnıları” fənnindən dərs deyir. Həm müğənni, həm də pedaqoq kimi sənət zirvələrini sadə təbiəti, işgüzar peşə səriştəsiylə, zəhmətkeşliyi, iradəsi, dözümü, dəyanəti, biliyi sayəsində, ən əsası isə, özünəməxsus ifa tərzi, yüksək tembrə və qəhrəmanlıq ahənginə malik təkrarsız, təravəti heç bir zaman solmayan səsi ilə fəth edib.

   O heç vaxt “çıkıtı-çıkıtı” havasına atılıb-düşən, “üç badam bir qoz” oxuyan, gül vuran müğənnilərdən olmayıb. Sənətə hamar bir yolla da gəlməyib. Özü demişkən, sənətə yanar köz üstə ayaqyalın, yeriyə-yeriyə gəlib. Müğənni olmaq üçün oxumayıb. Bütöv gülzarlıqan oxuyur və oxumasam, ölərəm deyir. Ürəyini kamana, səs tellərini kamanın simlərinə bənzədir. Oxuyanda qəlbimin kamanını çalıram, deyir. Onu dinləyənlərə ürəyinin, qəlbinin harayını çatdırır. Bir sözlə, Yaqut xanım oxuduğu üçün müğənnidir. Səsi özünün əksidir.

   Yaqut Abdullayeva Cəbrayıl şəhərinin Yarəhmədli məhəlləsində fəhlə Babakişi Abdulla oğlunun və evdar qadın Bahar xanımın çoxuşaqlı ailəsində dünyaya göz açıb. Sənətə doğru ilk addımını M.Qorki (indiki akademik M.Mehdizadə) adına 1 saylı şəhər orta məktəbinin 6-cı sinifdə oxuduğu zaman atıb. Həmin dövrdə efir və ekranlarda şaqraq, oynaq nəğmələri ilə ürəklərə yol tapan Zeynəb Xanlarovaya qulaq asan, mahnılarını heyranlıqla dinləyən pioner qız qələm-dəftər götürüb Zeynəb xanımın oxuduqlarını yazar, sözləri əzbərləyib gah yavaş-yavaş zümzümə edər, gah da tənhalığa düşəndə ucadan oxuyardı. Şirin, kövrək səsi, səsindəki lətafət təkcə xəlvətə salıb onu dinləyən böyük bacısı Həqiqətə deyil, özünə də xoş gələrdi. Həqiqət də gözəl səsə malik idi. Əvvəl Cəbrayılda, sonra isə Bakıda tibb təhsili alarkən böyüklərindən gələn xəbərdarlıq hədəsi onun səhnəyə yolunu bağlamışdı. Ancaq özü üçün oxuyurdu. Bacısından xoş sözlər eşidən Yaqut aşkarda da oxumağa başlayır. Onun nəğməsini eşidən-bilən hər kəs - qonum-qonşuları, rəfiqələri, şagird yoldaşları səsini tərif edirlər.

   7-ci sinifdə oxuyanda Yaqut məktəbin özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri idi. Səs-sorağı rayon mədəniyyət şöbəsinə də gedib çıxmışdı. Tez-tez gəlib onu məktəbdən konsertlərə aparırdılar. Adını rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Çinar” mahnı və rəqs ansamblının solisti kimi təqdim edirdilər. Hər dəfə gözəl və gur səsiylə tamaşaçıların alqışlarını qazanırdı. Xan Şuşinski, Qulu Əsgərov, Zeynəb Xanlarova kimi ustad xanəndələrin oxuduqları muğam parçalarını, xalq mahnılarını olduğu kimi təqlid edirdi. Bilmədiklərini isə Cəbrayılda məşhur tarzən kimi tanınan Nəriman Vəliyevdən (məşhur filoloq Kamil Vəli Nərimanoğlunun atası) öyrənirdi. Səriştəsini artırırdı.

   Yaqut Abdullayevanın bir müğənni kimi respublika səviyyəsində tanınması isə 1971-ci ilə təsadüf edir. 17 yaşlı qız Cəbrayıl rayon Mədəniyyət evinin “Çinar” ansamblının solisti kimi ilk dəfə televiziyada çıxış edir. “Ay bülbüllər” xalq mahnısını oxuyur. Qarabuğdayı, uzun saçlı qız ifa etdiyi bu xalq mahnısıyla, məlahətli, xoş nəfəsli, şirin ləhcəli, ruh oxşayan səsiylə sevilir, adı dillərə düşür. Şöhrəti hər yana yayılır. Rayona qayıtmağıyla Opera və Balet Teatrından -səhnəmizin Ərəbzəngisi, Xalq artisti Gülxar Həsənovadan ona məktub gəlir. Gülxar xanım televiziyada ona qulaq asdığını, səsini bəyəndiyini yazır və Yaqut xanımı Opera və Balet Teatrında işləməyə dəvət edirdi. Abdullayevlər ailəsində mübahisə, Yaqutun müğənni olub-olmaması ilə bağlı söz-söhbət də bu dəvətdən sonra öz kulminasiya nöqtəsinə çatır. Atası və dəli-dolu qardaşları olmaz, deyirlər. Yaqut isə döyülsə də, qardaşlarının hədəsindən üşənsə də səsinin ardına düşmək istəyindən əl çəkmək fikrində deyildi. Ailədə yeganə müdafiəçisi anası Bahar xanım idi. Bu dava-dalaşla da orta təhsilini müvəffəqiyyətlə başa vuran Yaqutu ali təhsil almaq üçün Bakıya aparan olmur. Rayon mədəniyyət şöbəsi isə onu əldən buraxmaq istəmir. İxtisas təhsili olmasa da, Mədəniyyət evində bədii rəhbər vəzifəsinə təyin edirlər. Əsas işi isə yenə də solist kimi fəaliyyət göstərmək olur. Ancaq iş yerini itirməmək üçün mədəni-maarif işçisi kimi ixtisas təhsili almaq zərurəti gündəlikdən düşmür.

   Nəhayət, son qərar verilir. 1973-cü ilin yayında ağbirçək vaxtında belə öz gənclik təravətini özündə saxlayan, gülərüzlü, çöhrəsindən nur yağan Bahar ana qızını yanına salıb Bakıya üz tutur. İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmaq, qiyabi təhsil almaq istəyi baş tutsa da, sənət imtahanı zamanı səsinə qulaq asan vokal kafedrasının müdiri Rahilə Cabbarova onu bu yoldan daşındırır. Yaqut Abdullayeva elə ilk gündən əyani şöbəyə keçməklə bərabər fakültəsini də dəyişir, vokalist olur. İfaçılıq sənətinin sirlərini bu məbəddə öyrənir. Tələbəlik illərində tez-tez televiziyada çıxışlar edir. “Ahu kimi” mahnısını oxuyarkən onu dinləməsindən ehtizaza gələn Əhsən Dadaşov elə 1973-cü ildən Yaqut xanımı rəhbərlik etdiyi “Xatirə” xalq çalğı alətləri ansamblının solisti sırasına qəbul edir. Beləliklə, o gündən Yaqut xanım böyük səhnəyə ilk addımını atmış olur. Qulu Əsgərov, Nəriman Əliyev, Gülxar Həsənova kimi istedadlı sənətkarlarımızdan xalq musiqimizin, muğamlarımızın sirlərini öyrənir. Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov kimi sənət adamlarının tövsiyələrini eşidir. Musiqi dünyamızın korifeyləri Şövkət Ələkbərova, maestro Niyazi ilə birgə çıxışlar edir. Onlardan dəyərli məsləhətlər alır. Özünə və səsinə hörmət edən, öz yolu olan sənətkar kimi püxtələşir. Kimisə təkrarlamır, öz avazı, bənzərsiz səsiylə özü olur.

   Bir çox xalq sənətçilərimiz haqqında uğurlu yazılar müəllifi kimi tanınan Flora Xəlilzadə Yaqut xanımın səsini Vətənin özünə bənzədir. Deyir ki, Yaqut Abdullayeva mənim üçün əlim yetməz, ünüm çatmaz Vətən deməkdir. İnsan doğulduğu yerin, torpağın özüdür, öz tutumu boyda o torpağın bir parçasıdır. Yaqut xanım da özüylə, səsiylə obaları sökülmüş, xanimanları yerlə bir edilmiş, yollarını ot basmış, ocağı sönmüş Cəbrayıl ellərinin, Cəbrayıl torpağının qabartısıdır. O səs Vətən həsrətini bir an belə mürgüləməyə qoymayan, Vətən göynərtisinin qaysağını qoparan səsdir. Səsindəki yanğıları, sızıntıları yalnız azad ediləcək Vətən torpağı azalda bilər. Yaqut xanım böyük ürəyinin harayı, xiffətli, kövrək səsi ilə kədəri yoğurub nəfəsinə hopdurur. Qəlbinin səsiylə ovqatımıza nikbin bir ab-hava aşılayır, özümüzü anlamağa səsləyir.

   Bu gün Yaqut xanım musiqi mədəniyyətimizin tanınmış nümayəndələrindən, xalq mahnılarımızın ustad ifaçılarından biri kimi tanınır. 40 ilə yaxındır ki, professional səhnədədir. Bu müddətdə keçmiş Sovet İttifaqının respublikaları ilə yanaşı, bir sıra xarici ölkələrdə - Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, qardaş Türkiyə və s. dövlətlərdə Azərbaycan mədəniyyətini və musiqisini yüksək səviyyədə təmsil edib. Azərbaycan Televiziyasının fondunda Yaqut xanımın bir neçə solo konsertinin, radioda isə ifa etdiyi 150-dən artıq xalq mahnısının, təsnif və muğamın lent yazıları saxlanır. 1973-cü ildən məşhur tarzən, Xalq artisti Əhsən Dadaşovun adını daşıyan xalq çalğı alətləri ansamblının solistidir. 2005-ci ildə səsinə, sənətinə hörmət edən pərəstişkarları tərəfindən diski buraxılıb. Bu gün Yaqut xanım ömrünün müdrik çağını yaşayır. Ona möhkəm cansağlığı, daha böyük yaradıcılıq uğurları arzulayırıq.

   P.S. İyunun 22-də doğum gününü qeyd edən Yaqut xanım Abdullayevanın həyat və sənət dünyası ilə daha yaxından tanış olmaq istəyən sənətsevərlərə, onun pərəstişkarlarına tövsiyə edərdim ki, yazıçı-jurnalist Flora Xəlilzadənin Yaqut xanımın yaradıcılığından bəhs edən “Dağları tərpədən fəryad” kitabını və istedadlı jurnalist Laura Cəbrayıllının “Unutmaq çətindir, gözəlim, səni...” yazısını əldə edib oxusunlar.

  

 

   Əlisahib Əroğul,

   yazıçı-publisist

 

   Mədəniyyət.- 2011.- 22 iyun.- S. 13.