“Mən
evə qayıdıram” filminin çəkilişləri
başa çatıb
Samir Kərimoğlu: “Film Qarabağda şəhid
olmuş igid şahinlərimizin xatirəsinə həsr olunub”
Gənc
olmasına baxmayaraq filmlərində yeniliyə can atan Samir Kərimoğlunun
bir özəlliyi də qeyri-peşəkar aktyorları filmlərində
baş rollara çəkməsidir. Bu baxımdan kinorejissor
daim yeni sima, yeni obraz axtarışındadır.
Samir Kərimoğlu (Samir Ağakərim
oğlu Kərimov) 1974-cü ildə Bakıda anadan olub. Orta məktəbi
bitirdikdən sonra menecer ixtisası üzrə ali təhsil
alıb. Bir müddət xaricdə yaşayıb, geri
döndükdən sonra kino sənəti ilə məşğul
olmağa başlayıb. “Sirat körpüsü”,
“Qanadlarıma sığal çək”, “Niyyət”, “Onun
ürəyi” filmlərinin müəllifidir. Bu yaxınlarda “Mən
evə qayıdıram” filminin çəkilişlərini bitirib.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
“Salnamə” kinostudiyasında istehsal olunub. Hərbi vətənpərvərlik
mövzusunda çəkilmiş ekran əsərinin ssenari
müəllifi İsmayıl Səfərəliyev,
icraçı prodüseri Nazim Hüseynov, quruluşçu
operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssamı Əziz
Məmmədovdur. Bir çox tanınmış aktyorların
çəkildiyi film yaxın vaxtlarda tamaşaçılara təqdim
ediləcək. Kinorejissor Samir Kərimoğlu ilə söhbətimizə
də yeni filmindən başladıq.
- Yeni filminiz hərbi-vətənpərvərlik
janrında çəkilib. Çəkilişlər necə
keçdi?
- “Mən evə qayıdıram” filmi Qarabağ müharibəsi dövründə rus (sovet) ordusunda xidmət edən, sonra Vətənə qayıdıb ölkəmizin ərazi bütövlüyü uğrunda savaşa qoşulan hərbi təyyarəçimizin qəhrəmanlıq hekayəsindən bəhs edir. Film baş qəhrəman Tərlan Seyidzadənin simasında hərbi təyyarəçilərimizə, Qarabağda şəhid olmuş igid şahinlərimizin xatirəsinə həsr olunub. Ekran əsəri üç dildə - Azərbaycan, rus, ukrayna dilində olacaq. Ona görə də mürəkkəb bir sistemdən - canlı səsyazma sistemindən istifadə olunub. Filmdə xarici aktyorlar da rol aldığından bu sistemdən istifadə qaçılmaz idi. Film triller janrındadır.
- Filmlərinizdə müxtəlif janrlara müraciət edirsiniz. Konkret bir janr üzərində dayanmaq fikriniz varmı?
- Kommersiya və müəllif filmini bir araya gətirmək mənim üslubumdur. Ancaq konkret bir janr üzərində dayanmaq istəmirəm. Buna baxmayaraq dram janrına üstünlük verirəm. Tamaşaçını cəlb etmək üçün kommersiya filminə xas məqamlardan da istifadə edirəm. Hesab edirəm ki, bu gün maraqlı milli filmlərə böyük tələbat var. Bu sahədə boşluğu doldurmaq lazımdır. Hər il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yeni filmlər istehsal olunur. Yeni kinoteatrlar istifadəyə veriləcək. İstər-istəməz tamaşaçı da pul verib öz filmimizə də baxacaq.
- Kinomuzun inkişafında gənclərin rolunu necə qiymətləndirirsiniz?
- Məncə, bu sahədə vəziyyət ümidvericidir. İndi kinematoqrafda bir sıra yeni adlara rast gəlmək olur. Hərənin öz janrı, üslubu var. Bu da Azərbaycan kinosunun inkişafından xəbər verir.
- Bəs sizin kinoya gəlişiniz necə, təsadüf oldu, yoxsa əvvəldən bu arzuda idiniz?
- Həm təsadüfdür, həm də uşaqlıq arzum. Mən kinoteatrlarda fransız, italyan filmlərini seyr edərək böyümüşəm. Elə o zamandan “mən rejissor olmaq istəyirəm!” arzusunu bir məqsədə çevirdim.
- Bəs rejissura təhsili almadan film çəkmək çətin olmadı?
- Çətinlik hər işdə olur. Biz indi informasiya, internet dövründə yaşayırıq və mən öz üzərimdə çox işləməyə çalışıram. Kino sahəsində isə təcrübə daha vacib faktordur. Çünki nəzəriyyə təcrübədə sübuta yetirilməlidir.
- Yəqin bu işə başlayanda köməyiniz, dəstəyiniz də oldu?
- Əlbəttə. Mədəniyyət və Turizm Nazirliyinin, kinematoqrafiya şöbəsinin rəhbərliyinin bu işdə mənə böyük köməyi, dəstəyi oldu. Mənə etimad göstərdilər. Mən də bu etimadı doğrultmağa çalışıram.
- Filmləriniz haqda tənqidi fikirləri necə qarşılayırsınız?
- Sağlam tənqidi hər zaman yüksək qiymətləndirirəm və bunu vacib hesab edirəm. Tənqidçi kinonu bilib, şəraiti nəzərə alıb tənqid etməlidir. Kor-koranə tənqidi qəbul etmirəm. Mən öz də filmlərimə tənqidi yanaşıram ki, növbəti işimdə bu və ya digər nöqsana yol verməyim.
- Filmlərinizdən hansının çəkilişi daha çətin oldu?
- İlk filmimin - “Sirat körpüsü”nün çəkilişində daha çox çətinlik hiss etdim. Bu işdə təcrübə, peşəkarlıq çox önəmlidir. Hər növbəti film təcrübə və professionallığa atılan addım deməkdir.
- Bəs ən sevimli filminiz hansıdır?
- Bu suala birmənalı cavab vermək çətindir. “Niyyət” filmini qeyd edə bilərəm. Filmdə texniki problemlər, dramaturji nöqsanlar var, lakin mənəvi tərəfdən mənə yaxındır. Bir də hesab edirəm ki, mənim çəkəcəyim ən yaxşı filmlər hələ qarşıdadır.
- “Onun ürəyi” filmində uşaqlarla işləmək çətin olmadı ki? İlk dəfə idi ki, film-müzikl çəkirdiniz...
- “Sirat körpüsün”də uşaqlarla işləmək təcrübəm var idi. Uşaqların unikal xüsusiyyətləri məni heyran edir. “Onun ürəyi” filmində bir çətin məqam oldu. 80 uşaq heyvan kostyumunda çəkiliş meydançasında idi. Hamısı istidən pörtmüşdü. Uşaqların üzünə baxa bilmirdim. Filmdə kompyuter qrafikasından istifadə olunduğundan texniki problemlərlə üzləşdik. Lakin janr baxımından həm yeni, həm də maraqlı idi. Bəstəkar Vüqar Camalzadə ilə işləmək zövqlü idi. Bir-birimizi yaxşı anlayırdıq.
- Gələcək planlarınız nədir?
- “Dirijor” adlı film çəkmək istəyirəm. Ssenarini Kamran Ağabalayevlə birgə işləyirik. Əgər bəyənilsə, dram janrında, 30 və 60 yaşlı iki musiqiçinin həyatından bəhs edən tammetrajlı film olacaq. Filmdə fərqli yaşda olan insanların tapdığı, söykəndiyi daxili həqiqətlərdən danışılır. Yeri gəlmişkən, filmdə baş rola - yaşlı musiqiçi roluna Xalq artisti Yaşar Nurini çəkməyi planlaşdırıram.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 11.