O qanlı-qadalı günləri unutmaq olmaz

 

   1941-1945-ci illər müharibəsi sovet dövründə Böyük Vətən müharibəsi adlanırdı. Müharibəyə qədər ölkədəki vəziyyət barədə çox yazılıb, filmlər çəkilib. Bu kinolentlərə baxarkən yaxınlaşmaqda olan tufanı hiss edirsən.

  

   Artıq iki il idi (1939) ki, II Dünya müharibəsi başlamışdı, onun əks-sədası Sovet İttifaqının hər yerində eşidilməkdə idi. Hətta görkəmli Ukrayna kinorejissoru A.Dovjenko 1935-ci ildə “Aeroqrad” bədii filmini çəkəndən sonra yazmışdı: “Əgər desəm ki, bir neçə ildən sonra bizdə müharibə ola bilər, burada heç bir hərbi sirr açmış olmaram”.

   Hələlik isə müharibənin yan keçdiyi Sovet İttifaqında, o cümlədən Azərbaycanda insanlar öz qayğıları ilə yaşayır, ancaq səksəkəli həyat onların nigarançılığını artırırdı. Kino işçiləri də yeni filmlər üzərində işləməklə yanaşı, şəhər və kəndlərdə kinoteatrların, klubların tikilib istifadəyə verilməsi üçün çalışırdılar. “Bakinski raboçi” qəzetində dərc olunmuş “Kolxozların kinolaşdırılması» məqaləsindən məlum olur ki, Azərbaycan Kinolaşdırma İdarəsi 1941-ci ildə respublikanın rayonlarında daimi və səyyar kinoteatrların şəbəkəsini əhəmiyyətli dərəcədə artırırdı. Ən iri 18 kənddə uyğunlaşdırılmış binalarda kinoteatrlar açılacaqdı. 1941-ci il üçün planlaşdırılmış 42 min 230 seansdan kənd rayonlarında 20 min seans verilməli idi. Bu kinofilmlərə 2 milyona qədər tamaşaçının baxması nəzərdə tutulmuşdu.

   O dövrdə kinostudiya işçiləri iki istiqamətdə işləyirdilər. Onlar xalqımızın dinc həyatı ilə bağlı hadisələri, eyni zamanda, müharibə təhlükəsinə qarşı respublikada görülən tədbirləri lentə alırdılar. 1940-cı ildə çəkilmiş «Hava həyəcanı siqnalı ilə», «Hava hücumundan müdafiə» və «Bakı hazırdır» filmləri əhalinin müharibə zamanı özünümüdafiəyə hazırlamasından, bu sahədə dövlət tərəfindən görülən tədbirlərdən danışır.

   «Hava həyəcanı siqnalı ilə» sənədli filmində müharibə şəraitində hava həyəcanı zamanı hərbi hava müdafiəsinə hazırlıq təlimləri, təlimlərin yoxlanılması, Bakıdakı keçmiş 1 May və Poluxin küçələrindəki evlərin özünümüdafiə qruplarının işi, sərhədlərimizin gecə-gündüz qorunması öz əksini tapıb. Bundan başqa burada neftçilərin övladlarının siyasi dərs keçmələri, ailələrdə atıcılığı, qızlarımızın təyyarə sürməyi öyrənmələri barədə də söhbət açılır. Burada oyun səhnələrinə də yer ayrılıb.

   ... Səmada düşmən təyyarələri görünür. Şəhərdə hava həyəcanı siqnalı eşidilir. Camaat qaçıb zirzəmilərdə gizlənir. Əleyhqaz geyinmiş adamlar onlara tapşırılan vəzifələrini dəqiqliklə yerinə yetirirlər. Düşmən təyyarəsindən atılan “bomba”nın törətdiyi yanğın söndürülür. Hava həyəcanı qurtarır.

   Bundan sonra gənc idmançıların paradı, hərbi parad göstərilir. Hərbi texnika nümayiş etdirilir. Müəlliflər tamaşaçılara demək istəyirlər ki, əgər sabah müharibə başlayarsa, biz düşməni hər an əzməyə hazırıq. Bu reportaj-filmin rejissoru M.Mustafayev, operatoru L.Koretskidir.

   «Hava hücumundan müdafiə» sənədli filmində isə M.Mustafayev həm rejissor, həm də operator kimi iştirak edir. Filmin adından göründüyü kimi, burada müharibə şəraitində Bakının hava hücumundan müdafiəsinin təşkilindən danışılır, əyani şəkildə bu müdafiənin necə təşkil olunması nümayiş etdirilir.

   Bu cəhətdən «Bakı hazırdır!» sənədli filmi daha çox diqqəti cəlb edir. Rejissor Ə.Həsənovun filmində təsvir olunan hadisələri üç operator - M.Dadaşov, V.Yeremeyev və F.Novitski lentə alıblar.

   ...1940-cı ilin payız günlərinin birində Bakıda hava həyəcanı siqnalı verildi. Bir neçə dəqiqə ərzində şəhərin küçələrindən əl-ayaq çəkildi. Xüsusi hazırlanmış adamlar əhalini yerbəyer edəndən sonra hava hücumundan müdafiə məşqlərinə başladılar. Küçələrdə süni şəkildə yaradılmış dağıntılar, yanğın, su kəmərinin partladılması - bütün bunların qısa müddətdə aradan qaldırılması, yaralılara təcili kömək göstərilməsi tamaşaçılarda nikbin əhval-ruhiyyə oyadır.

   Sovetlər ölkəsinin başı gündəlik işlərə qarışıb. Əhali Hitler Almaniyasının SSRİ-yə hücum edə biləcəyi xəbərinə inanmaq istəmir. Narahatçılıq arxayınçılıqla, arxayınçılıq narahatçılıqla əvəz olunur. Bakının neft mədənlərində mancanaqlar aram-aram qalxıb enir, neftçilər ölkəyə bol neft vermək üçün gecəli-gündüzlü çalışır, həyat öz axarı ilə davam edir.

   1940-cı ilin yayında Şahbuz rayonunda kolxozçular inşaatçılarla birgə dağların arasından dəmir yolunun çəkilişinə başladılar. Gur axan çayın üstündən körpü salındı, dağın içindən tunel qazıldı, nəhayət 1941-ci il fevralın 18-də dəmir yolunda ilk qatar göründü. Beləliklə də, Azərbaycanın paytaxtı Bakı ilə ən ucqar guşələr arasında nəqliyyat əlaqəsi yarandı. Rejissor-operator V.Yeremeyev və operator K.Xəlilov «Qayalardan yol» kinoreportajını bu möhtəşəm tikintidə çalışan kolxozçuların fədakar əməyinə həsr ediblər.

   Müharibədən əvvəl çəkilmiş daha bir sənədli film diqqəti çəkir. Bu, rejissor Ə.Həsənovun lentə aldığı «Bir may Bakısı» filmidir. Operatorlar qrupunun çəkdiyi bu filmdə Bakıda 1 May - Zəhmətkeşlərin həmrəyliyi günü və əmək bayramının qeyd olunmasından danışılır. «Bir May Bakısı» filmi ekranlara buraxılandan bir ay sonra Hitler Almaniyası Sovet İttifaqına hücum edəcək, uzun sürən Böyük Vətən müharibəsi başlayacaqdı.

   Müharibə ərəfəsində Sovet İttifaqının bütün kinostudiyalarında tarixi, tarixi-bioqrafik, tarixi-inqilabi filmlərin istehsalına xüsusi diqqət yetirilirdi. Əvvəlki illərdə olduğu kimi, 39-40-cı illərdə də Bakı kinostudiyasının yaradıcılıq planında əsas yeri neft mövzusu tuturdu: rejissorlardan İ.Tartakovski «Qazmada rejim», V.Yeremeyev «Neft və pambıq respublikasında», M.Mustafayev «Yeni həyat vadisi» filmlərini lentə almışdılar.

   1940-cı ildə neft mövzusunda bir bədii film - «Yeni horizont» çəkilib ekranlara buraxılmışdı. Rejissorlardan A.Quliyev və Q.Braginskinin quruluş verdikləri film Bakı neftçilərinin həyatına, onların yeni neft yataqları kəşf etmək uğrunda apardıqları mübarizəyə həsr olunub.

   Müharibə ərəfəsində daha iki bədii filmin çəkilişləri aparılırdı. Birincisi «Ayna», ikincisi «Səbuhi» idi. «Ayna» filminin ssenarisini Ə.Məmmədxanlı yazmışdı. Filmin quruluşçu rejissorları H.Seyidzadə və N.Bədəlov idi.

   Müharibə başlanarkən rejissorlardan R.Təhmasib və A.Beknazarovun birgə çəkdikləri «Səbuhi» tarixi-bioqrafik filminin istehsalı başa çatmaq üzrə idi. Bu filmin çəkilişi təsadüfi deyildi. Yuxarıda dediyimiz kimi, Bakıda və digər studiyalarda vətənpərvərlik, xalqlar dostluğu mövzusunda filmlərin istehsalına xüsusi diqqət yetirilirdi. Məqsəd aydın idi: əgər müharibə başlayarsa, faşizmə ideoloji zərbə endirmək, sovet xalqının sıx birliyinə nail olmaq, bu birliyə xələl gətirə biləcək düşmən səylərini dağıtmaq!

   Film böyük Azərbaycan maarifçisi, milli dramaturgiyanın banisi, filosof Mirzə Fətəli Axundovun həyat və fəaliyyətindən bəhs edir. Burada Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilib. Filmin məhz müharibə başlayandan sonra ekranlara buraxılması xalqlar dostluğu istiqamətində öz müsbət təbliğati işini gördü.

   22 iyun 1941-ci il. Səhər saat 4-də faşist Almaniyası hücum etməmək haqqında müqaviləni pozaraq, Sovet İttifaqına qarşı elan olunmamış müharibəyə başladı.

   Hitler Sovet İttifaqına qarşı «ildırım sürətli müharibə» planını həyata keçirmək üçün çox güclü hərbi-iqtisadi potensial yaratmışdı. Faşist Almaniyası SSRİ-ni məhv etməklə dünya ağalığına sahib olmaq məqsədini güdürdü. Sovet İttifaqının ərazisinə 190 diviziya, quru qoşunlarının 83 faizi, 5 hava donanmasından dördü yeridilmişdi. Düşmən təxminən bir ay ərzində Sovet İttifaqının ərazisinə müxtəlif istiqamətlərdən 300-600 km soxulmuşdu. Vəziyyət son dərəcə ağır idi.

   Belə bir vaxtda bütün idarə və təşkilatlar, o cümlədən kinematoqrafiya müəssisələri müharibənin qanunlarına tabe etdirildi. Müharibənin başladığı ilk günlərdə Azərbaycan xalqı da ümumi düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Əvvəlcə 18 min nəfər könüllü olaraq cəbhəyə getdi. Bunun ardınca 40 min gənc cəbhəyə getmək üçün ərizə ilə hərbi komissarlıqlara müraciət etdi. Az bir vaxtda 190 min nəfərə yaxın adam xalq qoşunu dəstələrinə yazıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik hava hücumundan müdafiə dəstələri yaradıldı. 1941-1942-ci illərdə respublikada 1 milyon nəfər hərbi təlim proqramını öyrəndi.

   Müharibə bütün ölkənin dinc həyatını pozdu, xalqın əvvəlki adi həyat tərzini dəyişdi. Hər bir kəs, bütün xalq başa düşürdü ki, irəlidə onu böyük və ağır sınaqlar, çətinliklər, məhrumiyyətlər gözləyir. Böyük Vətən müharibəsinin başlanması ilə Azərbaycan kino işçiləri öz işlərini müharibənin tələbləri əsasında yenidən qurmalı oldular. Azərbaycan kinosu yeni dövr - sərt hərbi illərə qədəm qoydu.

   1941-ci ildə kinostudiyanın planında bir neçə bədii filmin istehsalı nəzərdə tutulmuşdu: «Arşın mal alan» musiqili və «Qalanın alınması» komediyaları, «Görüş» bədii filmi, Bakı kommunasının başçısı, daşnak-bolşevik S.Şaumyan haqqında ayrıca tarixi-inqilabi bədii film, «Vur, toxmağım» animasiya və bir neçə sənədli film. Lakin müharibə ilə əlaqədar Bakı kinostudiyasının planları təcili dəyişdirildi. Xalqın mənəvi qüvvəsini səfərbər etmək, vətənpərvərlik təbliğatını gücləndirmək ədəbiyyat və incəsənət, o cümlədən kinematoqrafiya sahəsində çalışan sənətkarların əsas vəzifəsinə çevrildi.

   Müharibənin ilk günlərindən başlayaraq kinematoqrafçıların bir hissəsi cəbhəyə yollandı, kimi vuruşmağa, kimi də ön cəbhədə çəkilişlər aparmağa. Digərləri isə arxa cəbhədə gecə-gündüz işləyərək operativ kinomateriallar hazırlayırdılar.

   1418 gün davam edən müharibənin qanlı-qadalı hadisələri, xalqımızın igid oğul və qızları, onların ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlar haqqında onlarla bədii və sənədli film, min metrlərlə kinoxronika çəkilib. Bu gün həmin kinokadrlara həyəcansız baxmaq olmur. Çünki o qanlı-qadalı günləri unutmaq mümkün deyil.

  

 

   Aydın Kazımzadə,

   Əməkdar incəsənət xadimi

 

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 

  Mədəniyyət.- 2011.- 22 iyun.- S. 10.