Yay
turizm mövsümü başlandı
Builki yay turizm mövsümünün
açılışı iyunun 17-də Bakıda, Xəzər
sahilindəki «Ramada» hotelində gerçəkləşdi. Azərbaycanın
turizm sektoru təmsilçilərinin və ölkəmizdə
fəaliyyət göstərən xarici ölkə səfirliklərinin
nümayəndələrinin iştirakı ilə baş tutan
tədbiri mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev açdı.
Nazir yay turizm
mövsümünün bir sıra yeniliklərlə zəngin
olacağını bildirdi: “Bu il Azərbaycanın turizm sektoru
təmsilçiləri üçün olduqca önəmli
bir ildir. 2011-ci il ölkə prezidenti tərəfindən
«Turizm ili» elan olunub. Bununla bağlı müvafiq tədbirlər
görülür, təbliğat kampaniyası aparılır.
Bununla yanaşı, ötən il ölkə
başçısı tərəfindən təsdiq
edilmiş “Turizmin inkişafına dair Dövlət
Proqramı”nın icrası davam edir.
Ötən ilin rəqəmləri göstərir ki, 200 mindən artıq Azərbaycan vətəndaşı yay mövsümü müddətində ölkəmizin bölgələrində istirahət edib. Biz çalışıb vətəndaşlarımıza öz imkanları daxilində dincəlmək üçün şərait yaratmalıyıq. Bu gün Azərbaycanda müxtəlif kateqoriyalı hotellər, motellər, istirahət zonaları var. Statistika göstərir ki, bu obyektlər mövsüm ərzində boş qalmır. Bu il bizi sevindirən faktlardan bir də odur ki, regionlarda fəaliyyət göstərən əsas turizm müəssisələri öz qiymətlərində 8-10 faiz həcmində endirim ediblər. İqtisadi vəziyyətin yaxşılaşdırılması və istirahət mərkəzlərinə daha çox insanın cəlb edilməsi üçün biz ilk növbədə qiymətlərin tənzimlənməsini həyata keçirməliyik».
Hazırda Azərbaycanda 43 hotelin tikintisi davam edir
Nazir bildirdi ki, “Turizm ili” çərçivəsində Bakıda 6 beşulduzlu hotelin açılışı gözlənilir. Hazırda ölkə üzrə ümumilikdə 43 hotel tikilməkdədir: “Yerləşdirmə yerlərinin ildən-ilə artması bir daha sübut edir ki, Azərbaycanda turizm sənayesi cəlbedicidir və sahibkarlar bu sahəyə sərmayə qoymaqda maraqlıdır. Bundan əlavə, Azərbaycan müxtəlif səpkili beynəlxalq tədbirlər, yarışlar, müsabiqələrə ev sahibi etməklə insanları ölkəmizə cəlb edir. Bizim əsas məqsədimiz ölkəmizdə turizm sahəsində yüksək səviyyəli xidmətin tətbiq olunmasına nail olmaqdır. Bunun üçün ölkə prezidentinin göstərişi ilə sentyabrdan Azərbaycan Turizm İnstitutunun nəzdində üç yeni təhsil mərkəzi yaradılacaq. Bu mərkəzlər gənclərə müxtəlif istiqamətlərdə servis hazırlığını öyrədəcək».
Əbülfəs Qarayev gələn il Azərbaycanın «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edəcəyindən danışaraq bildirdi ki, tədbirdə iştirak etmək üçün bir çox Avropa ölkələrinin nümayəndələri Bakıya gələcək: «Biz bu insanların normal qarşılanmasını və yerləşdirilməsini təmin etməyə hazır olmalıyıq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki, bu ilin ilk 5 ayı ərzində ölkəmizə gələn turistlərin sayı artıb. Bunun bir səbəbi də odur ki, Azərbaycana gəlmək üçün viza qaydaları sadələşdirilib. Bu, sözsüz ki, ölkəmizə gələn insanların sayının artmasına müsbət təsir göstərəcək».
Nazirin sözlərinə görə, bu il Azərbaycana gələn turistlərin sayının artması üçün çoxlu əsas var. Aprel ayında “AİTF-2011” Beynəlxalq turizm və səyahətlər sərgisi günlərində Fars körfəzi ölkələrində Mədəniyyət və Turizm Nazirliyinin turizm üzrə rəsmi təmsilçiliyinin açılmasına dair razılaşmalar əldə edildiyini xatırladan nazir bildirdi ki, Azərbaycan Turizm Assosiasiyası da bu işlə fəal məşğuldur: “Bu il ilk dəfə Las-Veqasda keçirilən Dünya Turizm Sammitində iştirak etmişik. Sentyabrda Bakıda Dünya Turizm Təşkilatının seminarları keçiriləcək. Noyabrda isə Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycana gələcək. Qonaqlar burada müxtəlif görüşlər keçirəcək, «Turizm ili»nin gedişatı ilə tanış olacaqlar.
Qarşıda işlərimiz çoxdur. Turizm şirkətlərinin üzərinə çox məsuliyyətli vəzifələr düşür. Onlar Azərbaycan vətəndaşlarına və ölkəmizə gələn xarici turistlərə yüksək səviyyəli xidmətin göstərilməsinə, onların buradan yaxşı təəssüratla qayıtmalarına cavabdehdirlər. Turizmlə maraqlanan bütün insanları gəzməli-görməli, səfalı yerlərimizə, tarixi abidələrimizlə zəngin olan bölgələrimizə, təbii müalicəvi mənbələrdə fəaliyyət göstərən sanatoriyalara dəvət edirəm».
Rəsmi hissədən sonra tədbirdə incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etdilər.
«4 gün qal, 3 gün ödə» və
ya «8 gün qal, 6 gün ödə»...
Yay turizm mövsümünün açılışında bir çox turizm şirkətlərinin və hotellərin nümayəndələri də iştirak edirdilər. Onların yay mövsümünə hazırlığı ilə maraqlandıq. «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, hər il yay turizm mövsümündən əvvəl turizm şirkətləri öz məhsullarının rəqabət qabiliyyətli olmasını təmin etmək üçün bir sıra işlər görürlər: “Bu il turizm sektoru işçiləri üçün xüsusilə əlamətdardır. “Turizm ili” ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyasının tövsiyəsi var ki, turizm şirkətləri qiymətləri münasib və sabit saxlasınlar. Bu məqsədlə müxtəlif hotel və mehmanxanalarla bir sıra aksiyalar həyata keçirməyi qərara almışıq. Bunlardan biri də «4 gün qal, 3 gün ödə», «8 gün qal, 6 gün ödə» kampaniyasıdır. Artıq 10 gündür bu kampaniyaya start verilib. Konkret olaraq Nabranda yerləşən «Palma» istirahət mərkəzində bu aksiya gerçəkləşib və artıq öz effektini də verib. İstirahət mərkəzi rəhbərliyindən aldığımız məlumata görə, həftəsonu üçün yerlər bir neçə həftəlik tamamilə tutulub. Sifarişlərin 40 faizi turizm şirkətləri tərəfindən verilib. Güman edirəm ki, bu qiymət endirimləri turizmin kütləviliyini təmin edəcək və müəyyən bir dövriyyənin formalaşmasına şərait yaradacaq. Hesab edirik ki, bu il həm turizm şirkətləri, həm də mehmanxanalar yüksək gəlir əldə edə biləcəklər».
Şirkət rəhbəri onu da qeyd etdi ki, mövsümdən əvvəl dövri mətbuatda, internet saytlarında, televiziyalarda intensiv olaraq reklamlar yerləşdirilib: “Bunun da effekti böyükdür. Son vaxtlar media ilə turizm şirkətləri arasında yaranmış sıx əməkdaşlıq da təbliğatımızı düzgün qurmağımıza kömək edir».
«Avropa» hoteli Azərbaycanın xaricdə təbliğinə
xüsusi önəm verir
«Avropa» hoteli də mövsümə hazırdır. Hotelin baş meneceri Tolqa Akkaş bu mövsümdə tətbiq ediləcək yeniliklər barədə danışdı: “Hovuzun ətrafını xüsusi olaraq yay mövsümü üçün hazırlamışıq. Bunu yalnız hotelimizin qonaqları üçün deyil, həm də Bakı sakinləri üçün nəzərdə tutmuşuq. Azərbaycanın turizm potensialının xaricdə təbliğini həyata keçirmək üçün əməkdaşlıq etdiyimiz xarici turizm şirkətlərinin internet saytlarında müxtəlif reklam məlumatları yerləşdirmişik. Eyni zamanda hotelimizdə qiymətlərdə müəyyən endirimlər etmişik. Bu endirimlər həm əməkdaşlıq etdiyimiz xarici şirkətlər, həm də yerli turizm şirkətləri üçündür. Bu səbəbdən də bizim 2011-ci ildən gözləntilərimiz böyükdür».
«Ramada»dan yüksək servis vədi
Qeyd edək ki, yay turizm mövsümünün açılışının keçirildiyi “Ramada” hoteli Bakıda fəaliyyət göstərən yeganə beşulduzlu hoteldir ki, müştərilərinə bütün xidmətlərdən istifadə etməklə bərabər, dənizdə çimmək imkanı da verir. Beynəlxalq şəbəkə hotelləri sisteminə daxil olan “Ramada Bakı”da qonaqların istirahəti və dincəlməsi üçün hər bir şərait mövcuddur. Dumduru su ilə doldurulmuş çarhovuzu, açıq havada müxtəlif pivəxana və barları, yüksək zövqlə dizayn edilmiş və Avropa standartlarına uyğun xidmət səviyyəsi olan qonaq evləri «Ramada»ya xüsusi gözəllik verir. Burada turistlərin ailəvi dincəlməsi üçün də hər cür şərait var. Uşaqların əyləncəsi üçün nəzərdə tutulan karusellər, yelləncəklər, kiçik oyun meydançaları bütün gün ərzində ailəvi istirahətə gələnlərin ixtiyarındadır.
Həm xarici, həm də yerli turistlərin özünə istirahət məkanı seçdiyi hotelin menyusunda isə Azərbaycan mətbəxinin əksər yeməkləri yer alıb. Buraya süfrəmizin şahı olan plovdan tutmuş müxtəlif milli yeməklər - kabablar, yüksək peşəkarlıqla hazırlanmış soyuq salatlar, cürbəcür meyvələr daxildir. Bununla bərabər, hoteldə müştərilərə Türkiyə və Avropa mətbəxinin nümunələri də təklif edilir. Bəlkə elə buna görədir ki, burada qiymətlər çox bahadır, yəni hər kəsin cibinə uyğun deyil.
Satış üzrə menecer Səbinə Yusibova bunu hotelin dəniz sahilində yerləşməsi ilə izah etdi. Onun sözlərinə görə, «Ramada»da builki yay mövsümü ərəfəsində bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Hotelin baş meneceri və mətbuat əlaqələndiricisi Türkiyədən dəvət edilib. Onlar hotelçilik sahəsində təcrübəli mütəxəssislərdir: ”Türkiyədə turizm sahəsində servis böyük önəm kəsb edir. Biz də kadr dəyişikliklərindən sonra servis istiqamətində bir sıra yeniliklər tətbiq etdik».
Qeyd edək ki, «Turizm ili» ilə bağlı hoteldə qiymət endirimləri olsa da, bu, fərdi turistlərə aid deyil. Güzəştlər yalnız qrup şəklində və uzun müddətə gələnlər üçün tətbiq edilir.
Fəxriyyə Abdullayeva
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 9.