Milli azlıqların respublika festivalı başa çatdı

 

   Ölkəmizdəki milli-mədəni zənginliyin nümayişi olan festival rəngli görüntülərlə yadda qaldı

  

   Xəbər verdiyimiz kimi, iyunun 14-18-dək Bakıda «Azərbaycan - doğma diyar» devizi altında Milli Azlıqların İncəsənəti III Respublika Festivalı keçirildi. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın müxtəlif bölgələrindən azsaylı xalqların bədii özfəaliyyət kollektivləri iştirak edirdi.

  

   Qeyd edək ki, bu, ölkəmizdəki milli azlıqların incəsənətinə həsr olunmuş üçüncü festival idi. Bundan öncə 2006 və 2008-ci illərdə belə festival keçirilmişdi. Budəfəki festivala Lənkəran, Astara, Masallı, Lerik, Şəki, Balakən, Zaqatala, Qax, Qəbələ, Quba, Qusar, Saatlı, İsmayıllı, Şabran rayonlarından azsaylı xalqların bədii özfəaliyyət kollektivləri qatılmışdı.

   İyunun 17-də Azərbaycan Dövlət Opera və Balet Teatrında «Azərbaycan - doğma diyar» devizi altında Milli Azlıqların İncəsənəti III Respublika Festivalının yekun konserti keçirildi. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə milli azlıqlara göstərilən diqqət və qayğının Azərbaycanın dövlət siyasəti olduğunu vurğuladı. Bu sahədə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırdı.

   Qeyd olundu ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı ilə bağlı reallaşdırdığı layihələr ölkəmizdə yaşayan, dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir istedadlı insanın üzə çıxmasına, tanınmasına böyük təkan verir.

   UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya (20 oktyabr 2005-ci ildə qəbul olunub) uyğun olaraq ölkəmizdəki milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu xalqların milli mədəniyyətlərinin, incəsənətlərinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır: “Belə tədbirlər ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafı üçün mühüm önəm kəsb edir. Burada əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda yaşayan xalqlar mehriban bir ailədir. Artıq üçüncü dəfədir ki, ölkəmizdə milli azlıqların incəsənətinə həsr olunmuş respublika festivalı keçirilir və bu tədbirlər böyük maraq doğurur”.

   Festival çərçivəsində iyunun 16-da keçirilən «Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət» mövzulu dəyirmi masadan bəhs edən nazir tədbirdə maraqlı çıxışların olduğunu, artıq ikinci dəfə milli azlıqların incəsənətinə həsr olunmuş diskin təqdimatının keçirildiyini nəzərə çatdırdı. “Azərbaycanda yaşayan xalqların mahnıları” adlı CD 5 dildə hazırlanıb: “Biz çalışırıq ki, Azərbaycanda yaşayan bütün azsaylı və ya çoxsaylı millətlərin adət-ənənələrini, yaradıcılıq potensialını, mədəni irsini qoruyaq. Festivalın keçirilməsi də dövlətimizin bu sahəyə diqqətinin nümunəsidir».

   Sonra festival iştirakçısı olan incəsənət kollektivlərinin konsert proqramı təqdim olundu. Talış, avar, ləzgi, udin, yəhudi, rus, ukraynalı, tatar və digər xalqların nümayəndələrinin milli geyimlərdə müxtəlif səhnəciklər göstərib rəqs etmələri, şeir demələri böyük maraq və alqışlarla qarşılandı. Rəngli görüntülərlə yadda qalan gecədə Lənkəran şəhər “Nənələr” talış folklor xalq mahnı və rəqs kollektivi, “Suvar” ləzgi mahnı və rəqs ansamblı, Rus Mədəniyyət Mərkəzi, Balakən rayonundakı “Cahan” avar folklor qrupu, Qəbələ rayonu “Cəngi” udin folklor ansamblı və digər kollektivlər çıxış etdi.

   Festivalın qala-konsertində çıxış edən kollektivlər Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olundu.

  

   Təəssüratlar, rəylər...

  

   “Bu festival Azərbaycandakı milli birliyin nümayişidir”

  

   Festivalda iştirak edən incəsənət kollektivlərinin bəzi üzvləri ilə görüşüb təəssüratlarını öyrəndik. Lənkərandan gələn məşhur «Nənələr» ansamblı 1982-ci ildə yaradılıb, ansamblın heyəti 6 qadından ibarətdir. Milli azlıqların incəsənət festivalında artıq ikinci dəfə iştirak edən ansamblın repertuarında «Lolo», «Gəlin gətirəndə», «Xınayaxdı» kimi talış xalq mahnıları ifa edilir. Ansamblın üzvlərindən Gülbəzər Kərimova deyir ki, adət-ənənələrinin, folklor nümunələrinin itməməsi üçün «Nənələr»i hər zaman yaşadırlar: «Üzvlərimizdən biri rəhmətə gedən kimi qohumları onu əvəz edir. Məsələn, qayınanam rəhmətə getdi, onu mən əvəz etdim, anamı isə bacım əvəz edib. Ansamblın qorunub-yaşadılmasında dövlət bizə böyük dəstək verir». Qeyd edək ki, hazırda ansamblın ən yaşlı üzvünün 75 yaşı var. «Nənələr» Lənkəranda keçirilən bütün tədbirlərdə, toylarda, bayramlarda çıxış edirlər.

   Balakən rayonu Qaysa kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən avarlardan ibarət «Cahan» folklor rəqs qrupu isə əsasən gənclərdən ibarətdir. Kəndin icra nümayəndəsi Meysarat Qaysayeva festivalda ikinci dəfə iştirak etdiklərini dedi:

   “Azərbaycan - doğma diyar” devizinin özü ölkəmizdəki bütün millətlərin qardaşlıq şəraitində yaşadığını göstərir. Bu festival Azərbaycandakı milli birliyi əks etdirməklə yanaşı, milli azlıqların mədəniyyəti və incəsənətinin təbliğ olunmasında böyük rol oynayır. Folklor qrupumuz 80-ci illərdən fəaliyyət göstərir. Ənənələrin bir nəsildən digərinə ötürülməsi baxımından kənddə belə bir ansamblın fəaliyyəti bir nümunədir».

   «Cahan» folklor rəqs qrupu festivalda öz maraqlı adət-ənənələrini və məişət tərzlərini əks etdirən «İməcilik» tamaşasını nümayiş etdirdi. Meysarat xanım tamaşanın mövzusunu belə izah etdi: «Balakəndə belə bir adət var ki, uzun vaxt tələb edən çətin işləri birlikdə görürlər. Məsələn, deyirlər ki, bu gün filankəsin həyətində iməcilik var, qızlar, oğlanlar həmin yerə yığışırlar. Məsələn, «Qarğıdalı təmizləmə», «Barama təmizləmə», «Yun didmə» iməciliyi olur. Belə şənliklərdə oğlanlar çalıb-oynayır, qızları rəqsə dəvət edirlər. Burada oğlanlarla qızlar bir-birini bəyənir, analar hətta iməciliyə gəlir ki, oğlanları üçün qız bəyənsinlər”.

  

   «Dövlətimizin bizə göstərdiyi dəstəkdən çox razıyıq»

  

   Festivalda şən mahnıları ilə xüsusi dinamika yaradan Azərbaycan tatar gənclərinin mərkəzi «Yaşlik» (“Cavanlıq”) təşkilatının ansamblı da təmsil olunurdu. 1997-ci ildə yaradılan təşkilatın rəhbəri Diaz Əhmədcanovun sözlərinə görə, ansambl 32 nəfərdən ibarətdir. Kollektivin repertuarında «Sevdim səni», «Çulan» kimi tatar milli rəqsləri ifa edilir: “Biz çox şadıq ki, artıq üçüncü dəfədir ki, milli azlıqların respublika festivalında iştirak edirik. Bunun üçün festivalın təşkilatçılarına minnətdarlığımızı bildirirəm».

   İsmayıllı rayonunun İvanovka kəndinin “Slavyaniçka» ansamblı da uzun müddətdir ki, fəaliyyət göstərir. Ansamblın üzvü Yekaterina Çernyavskaya milli adət-ənənələrinin qorunub saxlanması üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını bildirdi: “Dövlətimizin bizə göstərdiyi dəstəkdən çox razıyıq. Bunun sayəsində milli adət-ənənələrimizi, incəsənətimizi inkişaf etdiririk”.

   Ansamblın üzvləri milli geyimdə qarmonun müşayiəti ilə öz xalq mahnılarını ifa edirlər. Uşaqlardan ibarət ansambl da fəaliyyət göstərir. Yaradıcı kollektivlər müxtəlif bayram tədbirlərində çıxış edirlər.

   Beləliklə, milli azlıqların incəsənətinə həsr olunmuş respublika festivalı başa çatsa da, yaddaqalan təəssüratlar çoxdur. Festivalın iştirakçısı olmuş daha bir neçə kollektiv barədə növbəti sayımızda söhbət açacağıq.

  

 

   Mehparə Sultanova

 

  Mədəniyyət.- 2011.- 22 iyun.- S. 9.