“Qatarın altına atılan qadın” və ya sənətkarın sonrakı taleyi

 

   Milli Dram Teatrında premyera

  

   Sənət adamlarından bəhs edən tamaşa mövzusu, səhnə yozumu və öz obrazlarını sevə-sevə oynayan aktyorların yüksək peşəkarlığı ilə yadda qaldı.

 

   Yazıçı Afaq Məsud, quruluşçu rejissor, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin birgə yaradıcılıq işi olan “Qatarın altına atılan qadın” tamaşası real həyatın bir parçasıdır. Şöhrət tacını itirmiş aktrisanın son həyat rolu hər kəsi düşündürdü, kədərləndirdi və təəssüfləndirdi.

   Hadisələr son dayanacaqda - dəmir yolu vağzalında baş verir. Bu, sənət ömrünü yaşamış insanların son dayanacağıdır. Buradan nostalji dolu keçmiş həyat işıqlı, gələcək isə qaranlıq görünür. Səhnədən uzaq düşmüş aktrisa, yazdıqları heç kimə lazım olmayan yazıçı bu məkanda qarşılaşır. Hər ikisi geriyə yol olmadığını bilir. Keçmiş, indi və ümidsiz gələcək bir müstəvidə birləşir.

   Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kəmalə Hüseynova Gültəkin Sarabskaya obrazını olduqca inandırıcı, həyati və yüksək peşəkarlıqla oynayır. Bəlkə ona görə ki, bu obrazı Kəmalə Hüseynova çoxdan gözləyirdi: “Çoxdan idi ki, belə bir obraz oynamaq arzusunda idim. Bu, daxilimdəki qadın obrazlarından biridir”.

   Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Cəfər Namiq Kamalın yaratdığı Xasay Dilgir obrazı da həyatını yanlış bir ideologiyaya sərf edən və sonda səhvini anlayan tipik ziyalı obrazlarından biridir. İnandığı bütlər yerə çırpılaraq parça-parça olsa da, Xasay Dilgir həyatının ən ağır anlarında belə ləyaqətini qoruyub saxlamağa çalışır. Bu obraz keçmişini itirmiş bir insanın obrazıdır.

   Cəfər Namiq Kamal yaratdığı obraz barədə belə deyir: “Xasay Dilgir vaxtı ilə dramaturq olub, əsərlər yazıb, lojalarda oturub, çox hörmətli bir adam olub, həyat elə gətirib ki, zamanla ayaqlaşa bilməyib, həyatın dibinə yuvarlanıb”.

   Həyatın dibindən təkrar həyata qayıtmaq üçün isə artıq nə vaxt, nə də nərdivan olur. Xasay Dilgir bunu bildiyi üçün yaddaşını ara-sıra itirir və yaşamaq uğrunda daha mübarizə aparmır.

   Tamaşada tumsatan rolunu Əməkdar artist Hicran Nəsirova, nəzarətçi rolunu Elxan Quliyev, qəzetsatan rolunu Rəşad Bəxtiyarov ifa edirdi. Gənc aktyor Elnar Qarayevin yaratdığı dilənçi obrazı epizodik olsa da, yaddaqalan rollardan biri oldu.

   Xatırladaq ki, tamaşaçıların alqışla qarşıladığı səhnə əsərinin quruluşçu rəssamı Dövlət mükafatı laureatı, Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

  

 

   Təranə Vahidqızı

 

   Mədəniyyət.- 2011.- 22 iyun.- S. 7.