«Yeni Teatr» II Respublika
festivalı
Bir
həftə ərzində Lənkəran teatrının səhnəsində
sənətsevərlərə 13 teatrın tamaşaları təqdim
olunacaq
İyunun 21-də Lənkəranda “Yeni Teatr” II Respublika
festivalı başlandı. Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümünə həsr olunan festival «Azərbaycan
teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına
uyğun olaraq keçirilir.
Dövlət Proqramında respublika
və beynəlxalq səviyyəli festivalların, konqreslərin,
elmi-praktiki konfransların keçirilməsi nəzərdə
tutulub. Proqramın müvafiq bəndlərinin icrası məqsədilə
Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il iyunun 21-dən
27-dək «Yeni Teatr» II Respublika Festivalı keçirir.
Teatr festivalının
açılışından sonra qonaqlar Lənkəran şəhərində
ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
etdilər. Lənkəran Dram Teatrında keçirilən
açılış mərasimində çıxış
edən mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev son illər Azərbaycan teatrında görülən
işlərdən söz açdı, 138 illik tarixə malik
Azərbaycan teatrının bu gün öz intibahını
yaşadığını vurğuladı. Nazir müavini “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramının müddəalarına müvafiq olaraq ikinci dəfə
keçirilən «Yeni Teatr» respublika festivalının
başlıca məqsədinin regionlarda mədəniyyətin
daha da inkişaf etməsinə təkan vermək, bölgələrdə
fəaliyyət göstərən teatrların
bacarığını bu festival vasitəsi ilə
nümayiş etdirmək, teatrlar arasında
yaradıcılıq əlaqələrini möhkəmləndirmək,
sənət mübadiləsinə şərait yaratmaqdan ibarət
olduğunu bildirdi.
Qeyd edək ki, festivalın Təşkilat
Komitəsinə mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat
komitəsinə nazirliyin İncəsənət şöbəsinin
müdiri Fərəh Əliyeva, şöbənin Teatr
sektorunun müdiri Naidə İsmayılzadə, Teatr sektorunun
baş məsləhətçisi Vəfa Novruzova, Lənkəran
Şəhər Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Vasif Fərzullayev, Lənkəran Dram Teatrının
direktoru İslam Həsənov, Dövlət Teatr Muzeyi
direktorunun müavini Nazim Məmmədov, rejissor Rövnəq Həsənzadə
(AzTV) daxildirlər. Festivalın qonaqları sırasında
Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər
Paşa Nemət, sənətşünaslıq doktoru, professor
Məryəm Əlizadə, sənətşünaslıq
namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli,
Xalq artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının
direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar
Teatrının direktoru Mübariz Həmidov, Teatr Xadimləri
İttifaqının katibi, teatrşünas Kəmalə Cəfərzadə
və başqaları var.
Bir həftə davam edəcək
festivalda respublikanın 13 teatrı - Dövlət Akademik Milli
Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Musiqili Komediya
Teatrı, Gənc Tamaşaçılar Teatrı, Lənkəran
Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram
Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Yuğ
Dövlət Teatrı, Şuşa Dövlət Musiqili Dram
Teatrı, İrəvan Dövlət Azərbaycan Dram
Teatrı, Pantomima Teatrı, Gəncə Dövlət Dram
Teatrı və Bakı Bələdiyyə Teatrı iştirak
edir.
Festival iştirakçıları
Lənkəran Dövlət Dram Teatrının binasında
Dövlət Teatr Muzeyi tərəfindən
hazırlanmış və Azərbaycan teatrının
yaradıcılıq yoluna həsr olunmuş səyyar fotosərgi
ilə tanış oldular.
Festivalın ilk günü öncə
Lənkəran Dövlət Dram Teatrı Qriqori Qorinin
“Herostratı unudun” əsəri əsasında
hazırlanmış tamaşanı təqdim edib. Axşam isə
Azərbaycan Dövlət Rus Dram Teatrı Mirzə Fətəli
Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşasını göstərib.
Bu gün, iyunun 22-də Mingəçevir
Dövlət Dram Teatrı Nodar Dumbadzenin «Mən, nənəm,
İliko və İlarion» əsəri əsasında
tamaşanı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı isə
Tuncer Cücenoğlunun «Ziyarətçi» tamaşasını
təqdim edəcək.
Təranə
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 4.