Azərbaycanla
Gürcüstan arasında mədəni əlaqələr
müzakirə olunub
İyunun 20-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə səfərdə olan
Gürcüstanın mədəniyyət və abidələrin
mühafizəsi naziri Nikolas Rurua ilə görüşdü.
Qonağı salamlayan Əbülfəs Qarayev ölkələrimiz
arasında mehriban qonşuluq və dostluq əlaqələrinin,
iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığın
dinamik inkişaf etdiyini vurğuladı.
Nazir iki ölkə arasında mədəniyyət
sahəsində həyata keçirilən birgə layihələrdən
danışdı. Bildirdi ki, Azərbaycan və
Gürcüstan mədəniyyət sahəsində bir
çox beynəlxalq sərgi, festival, tədbir və
seminarlarda iştirak edir. Demək olar ki, mədəni həyatımız
birgə inkişaf edir. Həmçinin iki ölkənin incəsənət
sahəsində yaradıcılıq mübadiləsi uğurla
həyata keçirilir.
Əbülfəs Qarayev bu
yaxınlarda Gürcüstan Dövlət Akademik Dram
Teatrının Bakıya və Azərbaycan Dövlət Dram
Teatrının Tbilisiyə qastrol səfəri etdiyini
xatırladaraq teatrlar arasında həyata keçirilən
layihələrin davam edəcəyini bildirdi.
Azərbaycan teatrlarında
gürcü müəlliflərin əsərlərinin səhnələşdirildiyini,
Gürcüstanın incəsənət ustalarının Azərbaycan
Dövlət Opera və Balet Teatrının səhnəsində
dəfələrlə çıxış etdiyini deyən
nazir iki ölkənin kinematoqrafiya əməkdaşlığının,
bu sahədə sənət mübadiləsinin uğurlu
olduğunu qeyd etdi. Gürcü operatorların, aktyorların
Azərbaycan filmlərinin çəkilişində iştirak
etdiyini nəzərə çatdırdı.
Azərbaycanda yaşayan azsaylı
xalqlara göstərilən diqqət və qayğıdan
söz açan Əbülfəs Qarayev Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
bu istiqamətdə həyata keçirilən layihələrdən,
görüləcək işlərdən danışdı. Qeyd
olundu ki, ölkədə milli azlıq və etnik qrupların
mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi,
xalqlar arasında tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi
məqsədi ilə “Azərbaycan - doğma diyar” devizi
altında milli azlıqların incəsənəti
festivalı keçirilir. Bu günlərdə
üçüncü dəfə keçirilən festivalda
ölkəmizdə yaşayan digər xalqların nümayəndələri
ilə yanaşı, gürcülərin də fəal
iştirakı diqqətə çatdırıldı.
Nazir qeyd etdi ki, Azərbaycanda
gürcü teatrı, təlim yalnız gürcü dilində
olan altı orta ümumtəhsil məktəbi fəaliyyət
göstərir. Əbülfəs Qarayev ölkələrimiz
arasında digər sahələrdə olduğu kimi turizm, abidələrin
mühafizəsi sahələrində də əməkdaşlığın
genişləndirilməsinin vacibliyini vurğuladı.
Azərbaycana ilk dəfə gəldiyini,
Bakı ilə tanışlığın onda xoş təəssürat
oyatdığını qeyd edən Nikolas Rurua
Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin
mədəni həyatında fəal iştirakından, onlara
göstərilən diqqət və qayğıdan söz
açdı. Səmimi görüş üçün azərbaycanlı
həmkarına minnətdarlığını bildirən
N.Rurua Bakıdakı görüşlərinin əhəmiyyətini
vurğuladı: “İki qonşu ölkənin mədəni
yaxınlığı və bu istiqamətdə görülən
işlərin daha da genişlənməsi üçün
yeni layihələrin həyata keçirilməsi çox
vacibdir”.
Görüşdən sonra
jurnalistlərin suallarını cavablandıran Gürcüstan
naziri Tbilisidəki Azərbaycan teatrı ilə bağlı məsələyə
də münasibət bildirdi. Qeyd edək ki, teatrın
binasında qaçqınlar məskunlaşdığı
üçün bu sənət ocağı normal fəaliyyət
göstərə bilmir. Gürcü nazir teatrın
binasında məskunlaşan əhalinin
köçürüləcəyini bildirdi: “Məsələ
çox yaxın müddət ərzində həllini tapacaq”.
* * *
Dünən nazir Ə.Qarayev
jurnalistlərə müsahibəsində bildirib ki,
Gürcüstan və Azərbaycan tərəfləri
qarşılıqlı olaraq hər iki ölkənin mədəniyyətlərinə
məxsus tarixi abidələrin siyahısının daha da dəqiqləşdirilməsi,
həmçinin abidələrin mühafizəsi sahəsinə
yenidən baxılması haqqında razılığa gəliblər.
Reyhan
Mədəniyyət.-
2011.- 22 iyun.- S. 3.