Qarlı zirvələr

 

   Sənət dünyası

  

   Zamanın ucalığında dayananlar həmişə bütövlüyü, özünəməxsusluğu qoruyub saxlaya biliblər. Bu mənada Nəbi Xəzri bizim o şairlərdəndir ki, onun yaradıcılığı zaman küləyinin əsirliyindən çox uzaqdır. Torpağa bağlılıq, yurd sevgisi, nikbinlik, lirizm, hisslərin dərinliyi onun poeziyasında elə lövbər salıb ki, hər bir əsəri oxucunun ürəyinə, qəlbinə təsir edərək yaddaşına köçüb.

  

   2004-cü ildə Xalq şairinin 80 illik yubileyində Prezident İlham Əliyev ona göndərdiyi təbrik məktubunda bildirirdi: «Sizin yaradıcılığınız dünya, insan və təbiət haqqında dərin fəlsəfi məzmunu, lirizmi, vətəndaşlıq qayəsi və milli koloriti ilə geniş oxucu kütləsinin böyük rəğbətini qazanmışdır. Şeirlərinizə çox sayda musiqi əsərlərinin yaranması sübut edir ki, siz dilimizin poetik imkanlarından ustalıqla bəhrələnmiş, poeziyanın həqiqi nümunələrini yaratmağa tam müvəffəq olmusunuz».

   Elə bu məziyyətlərinə görə də Nəbi Xəzri həmişə oxunan və sevilən şairlərimizdən biri olub. Nəbi Xəzri əsl nəğməkar şair idi. Onun şeirlərinə onlarca musiqi yazılıb. Şairin sözlərindən qanad açmış nəğmələr bu gün dillər əzbəridir. Unudulmaz Şövkət Ələkbərovanın xüsusi məlahət və həzinliklə ifa etdiyi «Dərələr», «Sənin üçün», «Ağ çiçək», «Sən getdin» kimi mahnılar yaddaşlarda yaşayır. Nəbi Xəzrinin nəğmələrini çox müqtədir ifaçılarımız oxuyub, amma Şövkət xanımın adını xüsusi olaraq ona görə çəkirik ki, həmin mahnıların ilahi ifası məhz ona məxsus idi. «Dərələr» nəğməsini eşidəndə unudulmaz müğənnimizin könülləri riqqətə gətirən, bizi kövrəldən səsi - «Segah»ı yadımızdan çıxmır.

  

   Əgər ki yıxılsam, çinar göstərin,

   Mən ona söykənib arana baxım.

   Gözlərim görməsə, Göygölü verin,

   Mən onun gözü ilə cahana baxım.

   Hər yerdə həmişə sənsən gümanım,

   Canım, gözüm mənim, Azərbaycanım!

  

   Könlünü poeziyaya bağlayan gündən Nəbi Xəzri elə əsərlərə imza atıb ki, onlar şairə ancaq rəğbət və şöhrət gətirib. Bu gün unudulmaz şair barəsində keçmiş zamanda danışmaq ağır olsa da, sevinirəm ki, onu şəxsən tanımışam. Hətta yol yoldaşı olmuşuq. Türkiyəyə Məhəmməd Füzulinin yubiley təntənəsinə getmişik. Yadımdadır ki, 1994-cü ildə türkdilli xalqlar arasında Məhəmməd peyğəmbərin (s.ə.s.) Nət yarışması keçirildi. Mükafat alanlar içərisində böyük şairimiz də var idi. Nəbi Xəzri ona çatacaq pul mükafatını PKK terrorundan zərər çəkmiş şəhid ailələrinin fonduna köçürdü. Bu da şairin böyüklüyü idi.

   Nəbi Xəzrini dünyanın çox yerində tanıyırdılar. 45-dən artıq ölkədə dəfələrlə kitabı çıxmışdı. Əməkdar mədəniyyət xadimi, bir sıra dövlət mükafatları laureatı Nəbi Xəzri vaxtilə Bolqarıstanın, Monqolustanın, keçmiş Çexoslovakiyanın dövlət mükafatlarına layiq görülmüşdü. Maraqlıdır ki, imzasının altından sahibi olduğu fəxri adların, titulların birini də yazmazdı. Söhbətlərimizin birini indi də yaxşı xatırlayıram: «Adlarla bağlı fərmanları yadigar kimi həmişə saxlayıram. Türkiyədə adımın altında yazırlar: «Azərbaycanın milli şairi». Görürsünüzmü, necə gözəl səslənir. Hər bir sənət sahibi məhz milli olmalıdır.

   Yüzlərlə şeirin, neçə-neçə poemanın müəllifi idi Nəbi Xəzri. Hərdən fikirləşirsən ki, görəsən zamanın diktəsindən irəli gələn əsərlər də yazıbmı? Əgər onların hamısını yenidən çap etdirmək imkanı verilsəydi, Nəbi Xəzrinin imtina etdiyi əsərlər olardımı? Cavabı yaddaşımdan çəkilməyib. «Əlbəttə, sənətkar zamanın övladıdır. Onun yaradıcılıq istiqamətini də zaman təyin edir. Zamanın diktəsi çox dəhşətlidir və bu diktədən qaçmaq qeyri-mümkündür. Qaçmaq istəyənlərin də taleyi 1937-ci ildə bilirsiniz də, necə oldu. Təsəvvürə gətirin ki, həmin dəhşətli ildə mənim bütün qohumlarımı qırıblar. Evin beş oğlundan yeganə mən qalmışam. Balaca olduğumdan mənə toxunmayıblar. Nələri qadağan etmədilər, nələri köksümüzdən qoparmadılar. Bizim nəsil elə tərbiyə olunmuşdu ki, hər şeyə inanırdıq. Zaman nə deyirdi, rəhbər nə tələb edirdi, inanırdıq. Bizim səhvlərin çoxu da o inamdan irəli gəlirdi. Bu, uzağı görməmək deyil. Çox vaxt bəzi ədiblərimizi zamanın səhvlərinə görə qınayanlar da var. Dövr başqa idi. Xalqı heç vaxt zərbə altında qoymaq olmazdı. Yenə də deyirəm: hansı sənətkar öz dövrünün övladı olmayıb? Böyük Nizamidən üzü bəri, fikir verin, bizim heç birimiz o dövrün faciələrini dərindən duya bilməzdik. Duysaq da, qələmə ala bilməzdik. Yadıma bir əhvalat düşdü. 1958-ci ildə mətbuatda «Kiçik təpə» adlı bir poema çap olunmuşdu. Bütün qəzetlər düşdü üstümə: «Nəbi Xəzrinin əsil-nəcabətini yoxlamaq lazımdır. Bəyi bədii əsərin qəhrəmanı edib». Bu çək-çevir 3-4 il çəkdi. O zaman məni az qala xalq düşməni etmişdilər. Mehdi Hüseyn, Mirvarid Dilbazi və Cəlal Məmmədov məni müdafiə etdilər. Yeri gəlmişkən deyim ki, ədəbiyyatımızda Mehdi Hüseynin yeri bu gün də görünür. Çox böyük şəxsiyyət, əsl ədəbiyyat fədaisi idi. 54 yaşında getdi. Amma biz elə bilirdik ki, onun azı 60-70 yaşı var. Nə isə... Xeyli müddət «Kiçik təpə»nin böyük bəlalarını çəkdim. «İdeyasız əsər» yazdığıma görə məni Yazıçılar İttifaqının katibliyindən çıxartdılar. Amma milli etiraz səsi olan o əsər indi də yaşayır».

   Azərbaycan teatrı sənətinin inkişafında Nəbi Xəzri dramaturq kimi fəal iştirak edirdi. O, bir sıra maraqlı tamaşaların müəllifi olub. Milli teatrın səhnəsində uğurla oynanılmış «Torpağa sancılan qılınc», «Əks-səda», «Sən yanmasan», «Mirzə Şəfi Vazeh», «Mənsiz dünya», «Gecə döyülən qapılar», «Burla xatun» və digər səhnə əsərləri tamaşaçı rəğbəti ilə qarşılanmışdır.

   Nəbi Xəzrinin poeziyasında olan nikbin ruh onun öz xarakterindən, şair inamından doğurdu. Bütün əsərlərində bir ideya xüsusilə diqqət çəkirdi. İnsan doğulanda anlamalıdır ki, onun bu dünyadan gedəcəyi gün də var. Amma həmişə yaşayan, qalan insanın saf niyyəti və əməlləridir. Əgər insan həqiqətən bir qəhrəman kimi yaşasa, onun çəkdiyi zəhmət hədər getməz. Ömrünün üstünü bir ölümsüzlük alar. Hətta illərin çoxluğu belə onu qocalda bilməz.

  

   Ləpə tək üstümdən keçəcək illər,

   Əbədiyyət - mənim səhərim kimi.

   Əgər qocalsam da Xəzərim qədər,

   Cavan qalacağam Xəzərim kimi.

  

   Nəbi Xəzri həm də fəal ictimai xadim idi. Uzun illər Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə rəhbərlik edib. Dünyanın 120-dən artıq ölkəsi ilə əlaqə saxlanılmasına nail olan bu cəmiyyət fəaliyyət göstərdiyi illər ərzində 40-dan çox xarici ölkədə Azərbaycan mədəniyyəti günləri keçirmişdi.

   Ötən əsrin 90-cı illərindən Türkiyədə fəaliyyət göstərən «Ədəbiyyat, sənət sahiblərinin məslək birliyi» adlı nüfuzlu təşkilat bir neçə il dalbadal «Türk dünyası ədəbiyyatına xidmət» devizi altında mükafatlar verirdi. Birinci dəfə bu şərəfə qırğız yazıçısı Çingiz Aytmatov, ikinci dəfə məşhur tatar şairi Cingi Dağçı, üçüncü dəfə, yəni 1994-cü ildə Azərbaycanın iki böyük şairi - Bəxtiyar Vahabzadə və Nəbi Xəzri layiq olmuşlar.

   Ədəbiyyatşünas alimlərin dediyi kimi, Azərbaycan şeirində Nəbi Xəzri yaradıcılığının öz möhtəşəm yeri var. Öncə onun vətəndaşlığı, xalq, millət təəssübkeşliyi diqqəti çəkirdi. Nəbi Xəzri bütün insanlar üçün ümid qapılarını açıq, bütün ömürləri nur içində arzulayan dünyanı həqiqətən mavi rəngdə görən bir şair idi. O öz oxucuları ilə çox səmimi olardı və bu səmimiyyət də hər kəsə doğma təsir bağışlayırdı. Ona görə də şeirləri dərin-dərin okeanlardan çox dibi görünən bir ovuc bulaq suyunu xatırladır - aydın və şəffaf.

  

   Qarlı bir zirvə olsan,

   Ağ buludun olaram.

   Dərin xəyala dalsan,

   Mən sükutun olaram.

  

   Sevginin ucalığını, büllurluğunu Nəbi Xəzri çox sərrast və dəqiq şəkildə poetik qələmə almağı, bədiiləşdirməyi bacaran şairlərdən idi. Elə pərəstişkarları da bu aydınlığa və hisslərin təbiiliyinə görə Nəbi Xəzrini ürəkdən sevirdilər.

   Doğrudan da onun şeirləri bir əbədiyyət nəğməsidir və hər səhər Günəş kimi yenidən doğulur. İlıq şəfəqləri bütün yurdumuza yayılır, ruhumuza köhnə libasda bir yeni avaz can atır: «Gözlərim görməsə, Göygölü verin»... Və bir də xəyalıma zirvəsi qarlı dağlar gəlir.

  

 

   Flora Xəlilzadə,

   Yazıçı-publisist

 

  Mədəniyyət.- 2011.- 24 iyun.- S. 13.