Ustad xanəndə

 

  Tələt Qasımov: “Muğamı qoruyanları Tanrı qorusun”

  

   Azərbaycan ifaçılıq sənətinin zənginliyi ondadır ki, burada hər bir sənətkarın öz yeri, öz dəst-xətti var. Xalq artisti, Prezident təqaüdçüsü Tələt Qasımov da özünəməxsus dəst-xətti olan xanəndələrdəndir.

  

   Bu yerdə sənətkar haqqında görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin dediklərini nəzərinizə çatdırırıq: “Tələt Qasımov xalq musiqisinə dərindən bələd olan, öz oxu tərzini yüksək bədii zövqlə təqdim edən bir xanəndədir. O, oxuduğu muğam, xalq mahnı və təsniflərinə xüsusi bir rəng qatır. Bu musiqi nümunələrinin orijinallığını qoruyub saxlayan Tələt Qasımov onları öz xalları, zəngulələri ilə sanki yeni üslubda təqdim edir. Bu da əsl sənətkara xas olan keyfiyyətdir ki, onu yalnız sənət təcrübəsi olan ustad qazana bilər”.

   Bu doğrudan da, belədir. Tələt Qasımov öz səs tembri, ifa çalarları ilə seçilən xanəndədir. Əsl xanəndə oxusunun ilk avazlarından tanınmalıdır. Bu cəhət də Tələt Qasımovun yaradıcılığı üçün çox səciyyəvidir. Bir halda ki, söz yaradıcılıqdan düşdü, Tələt Qasımovu sənətə gətirən yaradıcılıq yoluna qısa bir nəzər salaq. Onu xanəndəlik sənətinə gətirən yol dini musiqidən başlayır. Qocaman sənətkarımız o illəri belə xatırlayır:

   “Cavan vaxtımda klassik şairlərimizin yazdığı mərsiyyələri çox oxuyardım. Hətta bu məqsədlə məni məclislərə də dəvət edirdilər. Bu mərsiyyələri oxumaqla həm muğam avazlarını, həm də muğam ifaçılığı üçün gərəkli olan klassik poeziya nümunələrini - qəzəl, qəsidə və s. bu kimi janrları mənimsəməyə başladım. Amma bununla yanaşı, mən Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov sənətinin vurğunu idim. Cabbar Qaryağdıoğlundan başlayaraq Keçəçioğlu Məhəmmədə, Seyid Şuşinskiyə və digərlərinə də qulaq asırdım, onlardan bəhrələnirdim. Amma Zülfü bəy və Hacıbaba Hüseynov mənim mənəvi müəllimlərim olub. Onlardan xanəndəlik sənətinin sirlərini öyrənmişəm. Hətta təzə-təzə xanəndəliyə gələndə onlar kimi oxumağa çalışdım. Nəhayət, öz yolumu tapdım. Bunun üçün də daim öz üzərimdə çalışmışam. Çünki sənətə qədəm qoyan hər bir kəs sənətdə öz yolunu tapmalıdır. Əgər belə olmazsa, sənə sənətkar deməzlər. Qoy mənim bu fikrim gənclərimizə də bir tövsiyə olsun”.

   Bax, beləcə ustadlardan öyrənə-öyrənə öz yolunu tutan Tələt Qasımov bu gün özü ustaddır. O, muğamlarımızı, xalq mahnılarımızı, təsnifləri və bəstəkar mahnılarını çox şövqlə və xüsusi ifa tərzi ilə yalnız respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində də əzmlə təbliğ edib. Etiraf etməliyik ki, o dövrün təbliğatı ilə bu gün arasında bir xeyli fərqlər var. Elə ustadla söhbətimizdə o da bu məsələni xüsusi vurğuladı:

   “Bir vaxtlar xalq musiqimizə maraq müəyyən qədər azalmışdı. Biz sənətkarlar da bundan çox mütəəssir olmuşduq. Hətta bəzilərində bir ruh düşkünlüyü yaranmışdı. Amma mən həmişə əmin idim ki, muğam daim yaşayacaq. Çünki bu əbədiyaşar bir sərvətdir. O nə itən, nə də tükənən deyil. Bu gün mənim və mənim kimi düşünənlərin ümidləri doğrulub. Möhtərəm prezidentimiz İlham Əliyev, ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva musiqiyə, incəsənətə xüsusi diqqət və qayğı göstərirlər. Heydər Əliyev Fondunun muğamla bağlı layihələri sayəsində muğamımız dirçəldi, çox qabiliyyətli muğam ifaçıları meydana gəldi. Biz onların simasında gələcəyin layiqli ifaçılarını görürük. Bununla biz sənətkarların da rifahı yaxşılaşıb. Nə deyim, muğamı qoruyanları Tanrı qorusun”.

   Maraqlı düşüncələri ilə bizimlə həmsöhbət olan qocaman xanəndə Tələt Qasımov bu gün muğam sənətinə olan qayğı və diqqətdən ürəkdolusu danışsa da, gənc muğam ifaçılarına tövsiyələrini də söylədi.

   “Muğamat özü dərin bir elmdir. Elə bir elmdir ki, hələ də onu tamam-kamal öyrənə bilən olmayıb. Biz də, bizim ustadlarımız da muğam dəryasından bəzi zərrələri əxz etmişik. Amma, doğrudan da, bu elmi bilmədən muğamı ifa etmək düzgün deyil. Muğam oxumaq yalnız səsin gücünə bağlı deyil. Hər bir muğama uyğun qəzəl seçimi, qəzəllərin düzgün tələffüzü, bunun üçün də əruz vəzninin qayda-qanunlarını və s. bu kimi vacib cəhətləri öyrənmək lazımdır. Əgər belə olmasa, muğam oxuyan tamam-kamal ifaçı kimi yetişə bilməz. O, sənətdə naşı olacaq. Bu sənət də naşılığı sevmir. Çünki hər dövrdə muğam xiridarları olub, bu gün var, sabah da olacaq. Onları aldatmaq olmaz. Bunun üçün də zəhmət çəkərək əsil sənət nümayiş etdirmək lazımdır”.

   Tələt Qasımovun bu tövsiyələrini qələmə aldıqca yadıma ustad Hacıbaba Hüseynovun bu misraları düşdü:

   Ey cavanlar, siz o Tanrı, sizə canım qurban,

   Qoymayın siz, bu muğamatımızı xar olsun.

   Əlbəttə, muğam sənətinə qayğı və diqqətin olduğu bir vaxtda onun ifaçıları böyük məsuliyyət qarşısındadırlar. Odur ki, ustadların tövsiyələrinə əməl etməklə, bu sənətin sirlərini öyrənməklə peşəkar muğam ifaçısı olmaq mümkündür. Həmsöhbət olduğumuz sənətkar da məhz bu mərhələləri keçərək ustad zirvəsinə yüksəlib. İyunun 21-də 78 yaşı tamam olan Tələt Qasımov sənətin və insanlığın zirvəsindən bizləri seyr edir. Tələt Qasımov yaşının bu müdrik çağında da sənət eşqi ilə yaşayır, ürəyi musiqi ilə döyünür. Biz də deyirik ki, ustad, oxuyan ürəyiniz daim var olsun.

  

 

   Səadət Təhmirazqızı,

   musiqişünas

 

   Mədəniyyət.- 2011.- 24 iyun.- S. 12.