Buludlu səmanın ulduzları

 

   Azərbaycanın musiqi sənətində hələ öz sözünü deməmiş, səsi kifayət qədər dinləyici kütləsinə çatmamış istedadlı müğənnilər arasında elələri var ki, onların səsini, ifasını yalnız albom-disklərdən eşitmək mümkündür. Haqqında söhbət açacağımız müğənnilərdən biri də Dəyanət Əşrəf oğlu Məmmədovdur.

  

   Dəyanət Məmmədovun diskə yenicə yazdırdığı mahnıları heyranlıqla dinlədikdən sonra onunla görüşüb söhbət etmək və haqqında yazmaq qərarına gəldim. Axtarıb-arayıb onu tapdım. Görüşüb xeyli söhbət etdik. Arzularından, yaradıcılıq planlarından, səhhətində yaranmış problemlərdən söhbət açdı.

   Dəyanət Əşrəf oğlu Məmmədov əslən Füzuli rayonundan olsa da, 1973-cü ildə Beyləqan rayonunda dünyaya göz açıb. Hələ uşaqlıq illərindən atası Əşrəf müəllim, anası Fatma xanım Dəyanətin musiqiyə olan marağını, musiqi duyumunu hiss edərək, onun musiqi tərbiyəsi ilə yaxından məşğul olublar. Dəyanət Beyləqanda orta məktəbi bitirdikdən sonra özünün və valideynlərinin arzusu ilə sənədlərini Azərbaycan Dövlət Musiqi Akademiyasının “solo-oxuma” şöbəsinə verir. Qabiliyyət imtahanı zamanı respublikanın görkəmli musiqi xadimləri - Xuraman Qasımova, Fərhad Bədəlbəyli və Ağakərim Kərimov Dəyanətin səsini, ifaçılıq qabiliyyətini yüksək qiymətləndirirlər. 1996-cı ildə Musiqi Akademiyasına qəbul olunduqdan sonra peşəkar müğənnilərdən sənətin sirlərini öyrənən Dəyanət 2000-ci ildə Musiqi Akademiyasını müvəffəqiyyətlə bitirir. Bir müddət Rusiyanın Surqut şəhərində öz peşəsi üzrə fəaliyyət göstərir. Orada “Azərbaycanlıların birliyi” cəmiyyəti adından konsertlər verir və sonra yenidən vətənə dönür. Dəyanətin səsini dinləyən və musiqi duyumu olan hər kəs bu şirin, məlahətli səsin sehrinə düşür. Bu ecazkar səsi dinlədikdən sonra onun oxuduğu mahnının təsirindən ayrıla bilmirsən.

   Təəssüf ki, Dəyanətin ürəkləri oxşayan, qəlbləri fəth edən səsi, mahnıları, geniş dinləyici kütləsinə çatmır. Efir məkanımız çox vaxt özlərini reklam edən həvəskar müğənnilərə meydan verərək hələ formalaşmamış şou-biznes qanunları ilə işləyir. Dəyanət kimi istedadlı müğənnilər isə kənarda qalır. Bununla belə Dəyanət hazırda yeni mahnı albomu üzərində işləyir. Repertuarında Azərbaycan xalq mahnıları ilə yanaşı, klassik bəstəkarların əsərləri, dünya xalqlarının musiqisi - rus, türk, ispan mahnıları əsas yer tutur. Ümid edirik ki, Dəyanət Məmmədov kimi istedadlar musiqisevərlər tərəfindən daha yaxından tanınacaq, tanındıqca seviləcək. Dəyanətin ən böyük arzularından biri də pedaqoji fəaliyyətlə məşğul olmaq, sənətin sirlərini uşaqlara öyrətməkdir.

  

 

   Elmin İdrisli,

   Azərbaycan Jurnalistlər Birliyinin

   üzvü, Füzuli rayonu

 

   Mədəniyyət.- 2011.-24 iyun.- S. 12.