Çimərlik
turizmi: imkanlar, problemlər, perspektivlər
Dünyanın okean və dəniz sahillərində yerləşən
ölkələrində turizmin inkişafında çimərlik
təsərrüfatının mühüm rol
oynadığı heç kimə sirr deyil. Bunu Türkiyənin,
İspaniyanın, Misirin və s. ölkələrin timsalında
görə bilərik.
Azərbaycanın Rusiya sərhədindən
İran sərhədinədək Xəzər dənizi ilə
825 kilometrlik bir məsafədə əhatələnməsi
ölkəmizdə çimərlik turizminin inkişafı
üçün çox böyük imkanlar yaradır. Mütəxəssislərin
fikrincə, bu imkandan istifadə etməklə ildə çimərlik
turizmindən külli miqdarda gəlir götürmək
mümkün olar. Lakin hələlik bu imkanlardan yetərincə
yararlana bilmirik. Səbəblər isə müxtəlifdir.
Gigiyena və Epidemiologiya Mərkəzi təminat verir
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
hər il olduğu kimi, bu il də çimərlik
mövsümü başlamamışdan öncə Azərbaycanın
çimərliklərində mövcud durumu araşdırmaq məqsədilə
təhlil aparıb. Mərkəzin məlumatında bildirilir
ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran
sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində,
Novxanı və Corat bağlarının sahilboyu ərazilərində
suyun bakterioloji vəziyyəti norma daxilindədir. Qeyd edək
ki, artıq bir neçə ildir Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Abşeron yarımadasının qeyd olunan sahil zonalarında
beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli
çirkab sutəmizləyici qurğu quraşdırıb. Belə
qurğuların quraşdırılmadığı məntəqələrdə
ötən il olduğu kimi (Səbail rayonunun Şıx və
Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində)
bu il də mikrobioloji baxımdan çirklənmə qeydə
alınıb, habelə bağırsaq çöpü
bakteriyalarının miqdarı normadan artıq müəyyən
edilib.
Kanalizasiya
xətti sahildən 400 metr dənizin içərisinə
açılmalıdır
Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov deyir ki, çimərlik zonalarında çirklənmənin bu qədər olmasının başlıca səbəbi bütün bağ evlərinin hamısının kanalizasiyasının sahilə açılmasıdır. Onun sözlərinə görə, kanalizasiya xətti sahildən 400 metr dənizin içərisinə açılmalıdır ki, çirkab sular sahilə gəlməsin, axıb getsin. Amma Bilgəhdə, Novxanıda və digər sahil zonalarında 5-10 metr sahildən aralıda kanalizasiya xətləri dənizə açılır: «Şıx çimərliyində vəziyyət lap pisdir, burada bağırsaq çöplərinin miqdarı normadan dəfələrlə artıqdır. Dənizdə təmiz suda çimmək üçün gərək qayıqla sahildən 1-2 km uzaqlaşasan. Bunu isə turistə təklif etmək təhlükəsizlik baxımından mümkün deyil».
Çimərlik turizminin potensialından cüzi şəkildə
istifadə edilir
Coğrafiya elmləri namizədi,
Bakı Dövlət Universitetinin müəllimi Səkinə
Zülfüqarova isə Azərbaycanda çimərlik
turizminin zəif inkişaf etməsinin səbəbini imkanlardan
lazımınca istifadə olunmamasında görür: “Bir
çimərlik mövsümündə Azərbaycanın Xəzər
sahillərində təxminən 8 milyon adamın istirahəti
üçün imkan var. Amma statistika göstərir ki, Xəzər
çimərliklərindən ildə təxminən yarım
milyon nəfər istifadə edir ki, bu da çox cüzi
göstəricidir”.
Mütəxəssis deyir ki, Xəzər
sahili çimərliklərin ərazisinin özəlləşdirilməsi
də məsələnin digər problemli tərəfidir: “Xəzər
sahili boyu çimərlik əraziləri dövlətə məxsus
olmalı, belə ərazilər çimərlik təsərrüfatı
üçün uzun müddətə icarəyə verilməlidir.
Azərbaycanın hazırda maliyyə imkanlarının
artdığı bir dövrdə Xəzərin çimərliklərini
dövlət səviyyəsində Avropa standartlarına cavab
verən bir səviyyədə yenidən qurmaq olar. Bunun
üçün Xəzər dənizinin çimərlik sahələrinin
dəqiq qeydiyyatı aparılmalı, birinci, ikinci,
üçüncü növbədə onlardan necə istifadə
məsələləri dəqiqləşdirilməlidir».
Sahilboyu hotellərin məsələyə
münasibəti
Bakının Şıx qəsəbəsi ərazisində yerləşən «Ramada» hotelinin satış üzrə meneceri Səbinə Yusibova Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Şıx çimərliyinin çirkli elan edilməsinin onların müştərilərinin sayına təsir etmədiyini bildirir. Onun sözlərinə görə, çimərliyin hotelin ərazisinə düşən hissəsinə sutəmizləyici qurğular quraşdırılıb: «Buna görə də bizim ərazidə su təmizdir və normalara cavab verir. Hotelimizin müştəriləri heç vaxt suyun çirkli olmasından narazılıq etməyiblər. Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlığı digər ərazilərə aiddir. Bizə sadəcə dənizdə çimmək üçün gələnlər də çoxdur».
Nabran bölgəsində çimərlik
məsələsinə kompleks yanaşılmalıdır
Nabranda Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən «Xəzər» turbazasının direktoru Fayis Məmmədovun Azərbaycanda çimərlik turizminin lazımi səviyyədə inkişaf etməməsinə münasibəti də maraq doğurur. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin 90 faizi mədəni, ekoloji, idman turizmi həvəskarlarıdır. Çimərlik turizminə gələnlərin sayı çox cüzidir. Çünki bizdə bu turizm növünə lazımi diqqət yetirilmir: «Hazırda Nabran bölgəsinin çimərliklərində bir nəfər də olsun xarici turist tapmaq mümkün deyil. Çünki ekoloji baxımdan vəziyyət çox ağırdır. Çirkab suları dənizə axıdılır. Normal kanalizasiya sistemi yoxdur. Bu gün Nabran çimərliklərini bir tərəfdən fərdi müəssisələrdən atılan tullantılar, ikinci tərəfdən heyvanlar çirkləndirir, dənizin kənarında yol da bərbad vəziyyətdədir».
F.Məmmədov çimərliklərdə mövcud vəziyyəti aradan qaldırmaq üçün hər turbazanın qarşısındakı çimərlik sahəsinin sənədləşdirilib həmin turbazalara verilməsini təklif edir: «Bundan sonra istirahət mərkəzləri öz çimərliklərini qaydaya salacaqlar. Şərait yaradılsa, kənardan gələn insanlar da həmin çimərliklərdən istifadə edərlər».
Həmsöhbətimiz deyir ki, çimərlik məsələsinə kompleks yanaşılmalıdır: “İlk növbədə ümumi kanalizasiya sistemi qurulmalıdır. Sonrakı mərhələlərdə isə həmin ərazilərdə bir neçə sutəmizləyici qurğular yerləşdirilməlidir. Bundan sonra bütün məsələlər öz həllini tapacaq. 1998-ci ildə İran körfəzi ərazisindəki Kiş adasında olarkən gecə qayıqla dənizə gəzintiyə çıxmışdıq. Lampa işığında dənizin dibində mərcanlar görsənirdi. Soruşdum, neçə metr dərinlikdədir, dedilər ki, 10-12 metr. Dənizin suyu görün nə qədər şəffaf idi. Çimərlik turizmini yüksək səviyyədə inkişaf etdirməyin ən birinci şərti dənizdə bu təmizliyi təmin etməkdir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 9.