Mədəniyyət və
Turizm Nazirliyi regionlarda monitorinq keçirir
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən respublikanın bir neçə
bölgəsində fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının
20-dən etibarən monitorinqlər başlayıb. Nazirliyin
Turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanovun
sözlərinə görə, monitorinqin məqsədi yay
turizm mövsümünün başlanması ilə
bağlı bölgələrdə fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə
hazırlıq səviyyəsinin yoxlanması və göstəriləcək
turist xidmətləri qiymətlərinin
araşdırılmasından ibarətdir. Monitorinqin birinci mərhələsi
iyunun 20-dən 25-dək ölkəmizin şimal-qərb regionu
üzrə Qax, Şəki, Qəbələ,
İsmayıllı və Şamaxı rayonlarını əhatə
edir.
Monitorinqlərdə Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının
nümayəndələri, İqtisadi İnkişaf Nazirliyinin
Şəki-Zaqatala regional bölgəsinin əməkdaşı
və rayon mədəniyyət və turizm şöbələrinin
rəhbərləri iştirak edirlər. İyunun 22-dək
Qax və Şəki rayonlarındakı 30 obyektə
baxış keçirilib. M.Qəhrəmanovun sözlərinə
görə, bu obyektlərdən lisenziyasız fəaliyyət
göstərənlər də var: «Həmin obyektlərin
sahiblərinə ən qısa müddətdə Mədəniyyət
və Turizm Nazirliyinin lisenziyasını almaq tövsiyə
olunub. Ümumilikdə isə nəticələr qənaətbəxşdir.
Əsas turizm müəssisələri öz qiymətlərində
endirimlər ediblər».
Monitorinqlərin sonrakı mərhələsi
Şimal və Cənub zonalarında fəaliyyət göstərən
turizm obyektlərində keçiriləcək.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 9.