İstedadla
zəhmət birləşəndə...
Deyirlər, istedad Allah vergisidir. Bu vergi insanın
düzgün seçimi, zəhməti, iradəsi ilə
üst-üstə düşdükdə isə həmin
istedadın sahibi az vaxt içərisində milyonların
tanıdığı və sevdiyi şəxsə
çevrilir.
Ötən
ay İtaliyada keçirilən Pyetro Arcento adına XIV Beynəlxalq
musiqi müsabiqəsində birinci yeri tutan gənc istedad,
Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin
10-cu sinif şagirdi Günay Ağalarova kimi...
“Daxilimdən
bir səs qalib olacağımı deyirdi...”
İtaliya, Amerika Birləşmiş
Ştatları, Rusiya, İraq, Almaniya, Cənubi Koreya, Niderland,
Türkiyə, Polşa, Sloveniya və başqa ölkələrin
təmsilçilərinin iştirak etdiyi müsabiqəyə,
Günay Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
göndərilmişdi: “Yarışmaya qatılanda birincilik
qazanmağı qarşıma məqsəd qoymuşdum və
onu əldə edəcəyimə də inanırdım. Rəqiblərim
çox güclü idi. Müxtəlif ölkələri təmsil
edən musiqiçilərin ifasını dinlədikcə, elə
bil məqsədimə bir qədər də
yaxınlaşırdım. Daxilimdən bir səs qalib olacağımı
deyirdi. Qalibləri Koreya, İtaliya və Rusiyadan olan peşəkar
musiqiçilərdən ibarət münsiflər heyəti
müəyyən edirdi. Nəticədə münsiflərin rəyi
ilə 95 bal topladım və 16-18 yaşlıların
yarışdığı D kateqoriyası üzrə 1-ci yeri
qazandım».
Hələ uşaq vaxtlarından
pianoda çalmağa böyük həvəsi olduğunu deyən
Günay valideynlərinin onun həkim olmasını istədiklərini
bildirir: «Ona görə də sadəcə marağım
olduğuna görə məni piano üzrə musiqi məktəbinə
qoydular. Bu sənətə marağım olduğu
üçün öz üzərimdə həvəslə işləməyə
başladım. Bu, təkcə valideynlərimin deyil, məktəbdə
müəllimlərimin də diqqətini cəlb etməyə
başladı. İlk dəfə 3-cü sinifdə oxuyanda Qara
Qarayev adına müsabiqəyə qatıldım və ikinci
yeri tutdum. Sonradan diplomlarımın sayı artmağa
başladı. 6-cı sinifdə yenidən həmin müsabiqədə
iştirak etdim və bu dəfə 1-ci yerə layiq
görüldüm. 8-ci sinifdə oxuyarkən
Pianoçuların I Respublika müsabiqəsinə
qoşulmaqla bir daha birincilik qazandım. Xarici ölkələrdə
keçirilən beynəlxalq yarışmalarda da uğurlar
qazanırdım. Ötən il Belarusda keçirilən beynəlxalq
müsabiqədə diplomant oldum. Daha sonra Litvada keçirilən
gənclərin XIX Beynəlxalq musiqi festivalında da uğurla
çıxış etdim».
“Onun
həkim olmasını istəyirdik”
«Nəinki ailəmizdə, heç nəslimizdə də musiqiçi yoxdur. Onu 10 il əvvəl piano sinfinə qoyanda belə uğur qazanacağı ağlıma da gəlməzdi». Bu sözləri Günayın anası Simuzər Ağalarova deyir. İxtisasca ingilis dili müəlliməsi olan Simuzər xanım qızının pianoçu olmasını, ümumiyyətlə, musiqi sənətinə yiyələnməsini istəməyib: “Bu sənət çox məsuliyyətli və çətin sənətdir. İlk vaxtlar onun uğurlarına sevinsək də, gələcəkdə bu sənəti seçməsini istəmirdik. Onun həkim olmasını istəyirdik. Amma görünür, qismət belə imiş”.
S.Ağalarovanın sözlərinə görə, qızının bu yarışmada uğur qazanmasında məktəbin direktoru Rafiq Əzizov və musiqi müəlliməsi Zaretta Çedjemovanın çox böyük zəhməti olub: «Hələ bir neçə il əvvəl Günayı musiqi məktəbindən çıxarmaq istəyirdik. Digər dərslərinə hazırlaşması çətin olurdu. Rafiq müəllim buna imkan vermədi və onun çox istedadlı uşaq olduğunu dedi. İtaliyada keçirilən müsabiqəyə isə bir il idi ki, müəlliməsi ilə birlikdə ciddi hazırlaşırdı».
«İndiyədək əldə
edilən qələbələri başlanğıc hesab edirəm»
Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbinin direktoru, Əməkdar müəllim Rafiq Əzizov da Günayın bu qalibiyyət sevincini ürəkdən paylaşdığını deyir. Onun sözlərinə görə, Günayın ifasını ilk dəfə dinlədiyi gündən onun gələcəkdə tanınmış pianoçu olacağına inanıb: «Günay çox istedadlı və çalışqan qızdır. Onun uğurları məni çox sevindirir. Müəlliməsi də peşəkardır. Bu günə qədər əldə edilən qələbələri mən başlanğıc hesab edirəm. Düşünürəm ki, Günayın uğurları hələ qarşıdadır».
Qeyd edək ki,
Rostropoviçlər adına 21 saylı Musiqi Məktəbi
1968-ci ildən fəaliyyət göstərir. İndiyə qədər
bu musiqi məktəbinin bir çox məzunu müxtəlif
müsabiqə və festivalların qalibi olub. Onların arasında Prezident
təqaüdçüsü olanlar da var.
«Niyyətin
hara, mənzilin ora»
Müəlliməsi
Zaretta Çedjemova da Günayın uğuruna sevinənlər
arasındadır. Onun sözlərinə görə,
yarışmaya hazırlıq dövründə bir müəllimə
kimi sanki Günayın istedadını və
bacarığını təzədən kəşf edib: «Biz
günlərlə məşq edirdik. Amma
Günay bir dəfə də yoruldum demirdi. Çox məsuliyyətli qızdır. Məktəb rəhbərliyi də bizə mənəvi
baxımdan böyük dəstək verib. Bu
dəstək olmasaydı, bəlkə də biz belə bir məsuliyyətli
yarışmaya qatılmağa cəsarət etməzdik.
Amma ətrafımızda olan hər kəsin
köməyi ilə bu müsabiqəyə qoşulduq və
qalib olduq. Mən bu qələbəni
bütün Azərbaycanın qələbəsi sayıram.
Çünki Günay bu mötəbər tədbirdə
Azərbaycanı təmsil edirdi. Bu, Azərbaycan
musiqisinin, incəsənətinin uğurudur. Gələcəkdə də
çalışacağıq ki, daha mötəbər
yarışlarda Azərbaycanı təmsil edək və
uğur qazanaq».
Günay
hazırda müəlliməsi ilə birlikdə Macarıstan səfirliyinin
təşkilatçılığı ilə oktyabrda
Bakıda keçiriləcək Ferens List adına
beynəlxalq müsabiqəyə hazırlaşır. Deyir ki, yenə də birinci yerə iddialıdır.
«Niyyətin hara, mənzilin ora» deyib atalar. Günaya bu yolda uğurlar arzulayırıq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 8.