«Turizmin
inkişafı: nailiyyətlər, problemlər və perspektivlər»
Konfransda turizmin inkişafıyla bağlı təkliflər
müzakirə olundu
«Turizmə
dəstək» Gənclər Koalisiyası daxili turizmin
inkişaf etdirilməsi və bu sahədə olan problemlərin
aradan qaldırılmasının həlli yollarını
müəyyənləşdirmək məqsədilə layihələr
həyata keçirir. Bu layihələr çərçivəsində
iyunun 22-də “Avropa” otelində «Turizmin inkişafı: nailiyyətlər,
problemlər və perspektivlər» adlı konfrans
keçirildi.
Konfransda turizm şirkətləri,
turizm mütəxəssisləri, QHT-lərdən koalisiyaya
daxil olan təkliflərin məzmunu haqqında
danışılaraq, mövcud problemlərin həlli
yolları müzakirə olundu. Qeyd edək ki, 32 bənddən
ibarət olan təkliflər paketinə Azərbaycana gəlmək
istəyən xarici turistlər üçün biletlərdə
güzəştlərin edilməsi, Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş
müvafiq turist xəritələrinin hazırlanması,
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən turizmin inkişafı
üçün uzunmüddətli və güzəştli
kreditlərin ayrılması və banklar tərəfindən
turizm müəssisələrinə verilən kreditlərin
faiz dərəcələrinin aşağı salınması
məsələlərinə baxılması, turistlərin
Bakıdan Nabran ərazisinə daşınması
üçün yaxın illərdə Nabran qəsəbəsi
yaxınlığında dəniz limanının tikilib istifadəyə
verilməsinin təklif olunması və s. məsələlər
daxildir.
Tədbirdə ilk olaraq
koalisiyanın rəhbəri Ramiz Alıyev
çıxış edərək bildirdi ki, konfransı
keçirməkdə məqsəd turizm sahəsində olan
problemləri üzə çıxarıb, müzakirə etməkdir:
«Ölkəmizdə xüsusilə son illər turizmin
inkişafı göz önündədir. Amma bununla
yanaşı problemlər də mövcuddur ki, hamılıqla
bu problemlərin həllinə
çalışmalıyıq».
Azərbaycanda turizmin
inkişafının ciddi mərhələyə qədəm
qoyduğunu bildirən Mədəniyyət və Turizm Nazirliyinin
Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun
baş məsləhətçisi Vüqar Şıxəmmədov
turizmin Azərbaycan iqtisadiyyatında da öz yerini
tapacağını bildirdi: «2011-ci ilin “Turizm ili» elan
olunması əlbəttə ki, təsadüfi deyil. Tezliklə
bu sahənin Azərbaycan iqtisadiyyatında da öz yerini
tapacağına inanırıq. Artıq yay turizm
mövsümü açıldı. Qiymətlərlə xidmətin
uyğunluğu və digər məsələlərin
araşdırılması üçün Mədəniyyət
və Turizm Nazirliyinin monitorinq komissiyası bölgələrə
yollanır». V.Şıxəmmədov bildirdi ki, ilkin
araşdırmalara görə, bölgələrdəki
istirahət mərkəzlərində bu yay
mövsümündə 10-15% ucuzlaşma müşahidə
olunur. Tikilən mehmanxana və istirahət mərkəzləri
sayəsində qiymətlərin daha da ucuzlaşacağı
gözlənilir.
Daha sonra çıxış edən “Avropa” otelinin baş meneceri Tolqa Akkaş isə Azərbaycanın gözəl təbiətindən danışaraq, ölkəmizin turizm sektorunun tezliklə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi. Əlavə etdi ki, dövlət turizmin inkişafına yardım etdiyindən, bu sahəyə ümidlər daha böyük olmalıdır.
Konfransda turizm təhsili məsələsi də müzakirə olundu. Bakı Dövlət Universitetinin turizm kafedrasının müdiri Həbibə Soltanova çıxış edərək bildirdi ki, əsas həlli vacib məsələlərdən biri turizm mütəxəssislərinin az olmasıdır: «Bu problemin həllinə son zamanlar xüsusilə diqqət ayrılır. Azərbaycanın turizm potensialı nəzərə alınaraq Turizm İnstitutunun yaradılması bu işdə atılan ən önəmli addımlardandır. Ancaq onu da deyim ki, bu sahədəki kadr çatışmazlığını aradan qaldırmaq üçün kolleclər də olmalıdır. Yəni, təkcə ali təhsilli deyil, peşə ixtisaslı kadrlara da ehtiyac böyükdür». H.Soltanova, həmçinin təkcə Nabranda deyil, Azərbaycanın digər turizm bölgələri yaxınlığında dəniz limanının tikilib istifadəyə verilməsinə böyük ehtiyac olduğunu diqqətə çatdırdı.
Millət vəkili Etibar Hüseynov da ölkədə turizm sektorunun inkişafının və bu sahədə xidmətin Avropa standartlarına çatdırılmasının vacibliyini bildirdi, Avropa standartlarının tətbiqi üçün yüksək keyfiyyətli kadrların olmasının mühüm şərt olduğunu dedi. Tədbir təkliflərin müzakirəsi ilə davam etdirildi.
Gülər
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 5.