Qoridən gələn qatar

 

   Şəmistan Nəzirlinin sənədli povestinin yeni nəşrinin təqdimatı oldu

  

   26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə tədqiqatçı-publisist Şəmistan Nəzirlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, elm və sənət adamları, Bakı şəhər kitabxanaları direktorlar şurasının üzvləri iştirak ediblər.

  

   Tədbiri giriş sözü ilə açan Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova tədqiqatçının yaradıcılığından danışıb. Qeyd olunub ki, tədqiqatçı-publisist Şəmistan Nəzirli həm Səməd Vurğun yaradıcılığının, həm də hərb tariximizin yorulmaz tədqiqatçısıdır. Müəllif böyük həvəslə görkəmli Azərbaycan şairi ilə bağlı xatirələri toplayaraq müxtəlif mətbuat orqanlarında çap etdirib. Yazıçı-jurnalist hərb tariximizdə layiqli yer tutan, Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu yaradan generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski barədə çoxlu materiallar toplayaraq sanballı tədqiqat əsərləri yazıb. O, ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbov, ilk topoqraf-generalımız İbrahim ağa Vəkilov, general-leytenant Balakişi bəy Ərəblinski barədə dəyərli araşdırmalar aparıb.

   Şair, publisist Bədirxan Başkeçidli çıxışında bildirdi ki, Şəmistan Nəzirli hərb tariximizin məlum olmayan səhifələrini tarixə çevirib, zəngin tədqiqat işləri aparıb. Onun əsərləri bir çox hallarda jurnalistlərin, tədqiqatçıların mötəbər istinad mənbəyinə çevrilib.

   Tədbirdə oxucular Şəmistan Nəzirliyə suallarını ünvanlayıblar. Görüşdə “Qoridən gələn qatar” sənədli povestinin yeni nəşrinin təqdimatı da keçirilib.   

 

 

   Ceyhun

 

   Mədəniyyət.- 2011.- 24 iyun.- S. 4.