“Mədəniyyətimizin və
mədəni incilərimizin
hamisi”
İngilis və ərəb dillərində nəşr
edilmiş kitabın təqdimatı keçirildi
İyunun
22-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin layihəsi ilə Azərbaycanın birinci
xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın mədəniyyət sahəsində
çoxşaxəli və yorulmaz fəaliyyətini əks
etdirən “Mədəniyyətimizin və mədəni incilərimizin
hamisi” kitabının ingilis və ərəb dillərində
çap olunmuş nəşrlərinin təqdimat mərasimi
keçirildi.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev ulu öndər Heydər
Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı
ilə bağlı gördüyü böyük işlərdən
söz açaraq bildirdi ki, bu siyasi xətt hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinin inkişafı, qeyri-maddi mədəni
irsin, o cümlədən muğamın qorunması, təbliği,
onun bəşəriyyətin inciləri siyahısına daxil
edilməsi sahəsində böyük işlər
gördüyü xüsusi vurğuladı. Natiq qeyd etdi ki, Azərbaycan
muğamının, aşıq sənətinin, Novruz
bayramının, Azərbaycan xalçasının UNESCO tərəfindən
Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi
Siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın
həyata keçirdiyi məqsədyönlü işlər
sayəsində reallığa çevrilib. Natiq onun mədəniyyət
və incəsənət sahəsinə göstərdiyi
qayğının bu kitabda geniş əks olunduğunu
söylədi: “Mehriban xanım Əliyeva öz çoxşaxəli
fəaliyyətində mədəniyyətə, mədəni
incilərimizə, incəsənətə, tarixi abidələrə
çox böyük önəm verir. Onun UNESCO və
İSESCO-dakı fəaliyyəti xüsusi ilə təqdirəlayiqdir.
Azərbaycanın birinci xanımının mədəniyyət
və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət
və Turizm Nazirliyinin növbəti layihəsi əsasında
ingilis dilində hazırlanan “Azərbaycan mədəniyyəti
gələcək nəsillərə ərməğandır”
kitabında geniş əksini tapmışdır”.
Təqdimat mərasimində Xalq
yazıçısı Çingiz Abdullayev, millət vəkilləri
Tahir Rzayev, Aydın Mirzəzadə, Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev,
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru,
filologiya elmləri namizədi Aybəniz Kəngərli, “525-ci
qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid çıxış edərək
“Mədəniyyətimizin və mədəni incilərimizin
hamisi” kitabının ingilis və ərəb dillərinə
tərcümə olunaraq çap edilməsini yüksək
qiymətləndirdilər. Bildirdilər ki, sözügedən
kitabın nəşri Azərbaycan mədəniyyətinin
dünyada təbliği istiqamətində həyata
keçirilən növbəti dəyərli layihələrdən
biridir.
8 fəsildən ibarət olan
kitabda Mehriban xanım Əliyevanın 1995-2010-cu illərdə
mədəniyyət sahəsindəki fəaliyyəti əks
olunur.
2011-ci ildə Mədəniyyət
və Turizm Nazirliyinin maliyyə dəstəyi, habelə Azərbaycanın
Suriyadakı səfirliyinin təşkilati dəstəyi ilə
kitab Suriya Ərəb Respublikasında ərəb dilində nəşr
olunmuşdur. Kitabın ərəb dili variantında İslam
Konfransı Təşkilatına üzv dövlətlərlə
mədəniyyət sahəsində əməkdaşlıq, ərəb
dövlətləri ilə ikitərəfli görüşlərdə
Mehriban xanımın iştirakı və mədəni əməkdaşlığın
inkişafında onun fəaliyyəti öz əksini
tapmışdır.
Kitabın tərtibçilərindən
biri, Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliyinin üzvü Əli Eyvazov Mehriban xanım Əliyevanın
Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə
təbliği sahəsində geniş işlər
gördüyünü vurğuladı: “8 fəsildən ibarət
kitabda Mehriban xanımın məqalələri, müsahibələri,
Heydər Əliyev və Azərbaycan Mədəniyyətinin
Dostları fondlarının fəaliyyəti, beynəlxalq aləmdə
respublikamızın təbliği sahəsində apardığı
görüşlər öz əksini tapıb. 798 səhifədən
ibarət olan kitab tirajı hər bir dildə min nüsxədən
artıqdır. Oxucular tərəfindən rəğbətlə
qarşılanan kitabın gələcəkdə də yeni nəşrləri
işıq üzü görəcək. Kitab Azərbaycan mədəniyyətinin
bütün ərəb dünyasında təbliği
üçün böyük imkanlar açacaqdır”.
Hər iki kitabda ön sözün
müəllifi mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev, elmi rəhbəri Sevda Məmmədəliyeva, layihənin
rəhbəri Lalə Kazımova, tərtibçilər isə
Lətifə Məmmədova, Əli Eyvazov və Mayıl Əhmədovdur.
Yeganə
Mədəniyyət.-
2011.- 24 iyun.- S. 3.