Mədəniyyət və
Turizm Nazirliyinin kollegiya iclası keçirildi
İlk yarımilin yekunları
geniş müzakirə olundu
İyunun 29-da Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyində
ilk yarımilin yekunlarına həsr olunmuş geniş kollegiya
iclası keçirildi.
İclasda çıxış edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ilk öncə uzun müddət dövlət qulluğunda səmərəli
fəaliyyət göstərdiyinə görə ölkə
başçısı İlham Əliyev tərəfindən
“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı ilə təltif olunan Mədəniyyət və
Turizm Nazirliyinin bir qrup əməkdaşını təbrik
etdi. Sonra nazir İnvestisiya və texniki proqramlar şöbəsinin
müdiri Ruslan Abduləlimova 60 illik yubileyi münasibətilə
nazirliyin Fəxri fərmanını təqdim edərək,
kollegiyanın gündəliyində müzakirə olunacaq məsələlərlə
bağlı məlumat verdi.
Nazirliyin
icra etdiyi dövlət proqramları yoxsulluğun
azaldılmasına xidmət edir
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin 2011-ci ilin ikinci yarımili
üçün iş planının təsdiq edilməsi ilə
bağlı geniş məruzə edən nazir bildirdi ki,
prezident İlham Əliyevin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə Tədbirlər Planının
(2011- 2015-ci illər)” təsdiq edilməsi haqqında yeni sərəncam
imzalanıb. Ölkənin inkişafını təmin edən
proqramların siyahısına nazirlik tərəfindən icra
olunan proqramlar da daxil edilib. “Burada “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı”, «Azərbaycan
Teatrı 2009- 2019-cu illərdə» Dövlət Proqramı,
“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan
Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın icrası nazirliyin öhdəsinə
düşür. Bütün bunlar Azərbaycan
Respublikasında yoxsulluğun aradan qaldırılması
üçün mübarizədə “Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”nın ayrılmaz
hissəsidir. Bu proqramları biz icra edirik. Artıq indi
yanaşma yoxsulluğun aradan qaldırılması nöqteyi-nəzərindən
baxılmalıdır”.
Nazir qeyd etdi ki, nazirlik tərəfindən
həyata keçirilən dövlət proqramlarının
icrasına yenidən nəzər salınmalı, bütün
müvafiq şöbələr onun icrası ilə
bağlı lazımi arayışlar təqdim etməlidir”. Biz
bilməliyik ki, bu proqramların icrası Azərbaycanda
yoxsulluğun azaldılmasına nə verir. Bu proqrama əsasən
2011-2015-ci illəri əhatə edən tədbirlər
planında mədəniyyət sahəsi ayrıca bənd kimi
qeyd olunur. Burada turizmlə, mədəniyyətlə, tarixi
abidələrin qorunması ilə və xalq tətbiqi sənətinin
qorunması, mədəni turizm obyektlərinin istifadəsi ilə
bağlı, tarix və mədəniyyət obyektlərinin ətrafında
yaşayan icmaların abidələrin qorunması işinə
cəlb olunması və digər bu kimi məsələlər
öz əksini tapır. Bu məsələlərin icrası
ilə bağlı konkret tədbirlər planı
hazırlanmalıdır”.
Mədəniyyət
günləri keçiriləcək
2011-ci ilin növbəti
yarımilində Azərbaycanda bir sıra beynəlxalq tədbirlər
keçiriləcəyinə diqqət çəkən nazir Əbülfəs
Qarayev əvvəlcədən təşkilati işlərə
hazırlıq görülməsinin vacibliyini bildirdi: “Avqustda
müzakirə olunacaq məsələlər növbəti
dörd ayda keçiriləcək beynəlxalq tədbirlərin
hazırlığı ilə bağlı olmalıdır. Növbəti
yarımildə Üzeyir Hacıbəyli musiqi festivalı,
Rostropoviç festivalı, Beynəlxalq caz festivalı
keçiriləcək. Qeyd olunan tədbirlərdən əlavə,
il ərzində müxtəlif ölkələrdə mədəniyyət
günləri olacaq”.
Yay
mövsümünün sonunda turizmin real vəziyyəti təhlil
olunacaq
Kollegiya iclasında “Turizm ili”ndə
görülən işlərə də toxunan Əbülfəs
Qarayev ilk dəfə olaraq Azərbaycanın üç təşkilatının
Dünya Turizm Təşkilatına üzv olmasını əlamətdar
hadisə kimi qiymətləndirdi: “Azərbaycan Turizm
İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və Bakı
Turizm İnformasiya Mərkəzi artıq Dünya Turizm Təşkilatının
tədbirlərində iştirak edə, layihələrə
qoşula bilər. “Turizm ili”ndə əldə olunan bu uğur
çox böyük bir hadisədir”.
Nazir çıxışında
yay mövsümü başa çatdıqdan sonra
görüləcək işlərdən də
danışdı: “Bu zaman daxili turizmin real vəziyyəti təhlil
olunmalıdır. Son vaxtlar turizmin inkişafı ilə
bağlı keçirilən tədbirlər KİV-də
çox geniş müzakirə olunan mövzudur. Biz indi Azərbaycanda
turizmin inkişafı konsepsiyaları haqqında
düşünməliyik. “Turizm ili”nin yekunları ilə
bağlı sənəd 2012-ci ilin əvvəlində kollegiya
iclasında geniş müzakirə olunacaq”.
Kollegiya iclasında İncəsənət
şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan
Dövlət Rəsm Qalereyasının və Sumqayıt,
Qazax, Salyan, Qax Dövlət Rəsm qalereyalarının fəaliyyəti
barədə, Elm, təhsil şöbəsinin müdiri
Yaşar Əliyev Füzuli, Qubadlı, Şuşa, Zəngilan
rayon Uşaq Musiqi və İncəsənət məktəblərində
tədris işinin vəziyyəti barədə, Mədəniyyət
siyasəti şöbəsinin müdiri Fikrət Babayev Azərbaycanın
qeyri-maddi mədəni irs nümunələrinin Dövlət
Reyestrinin hazırlanması barədə, Nəşriyyat,
reklamın təşkili və informasiya şöbəsinin
İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev mədəniyyət
sahəsində reklam işinin təşkili haqqında məruzə
etdilər. Məruzələrdə ilk yarımildə əldə
olunan nailiyyətlər qeyd olundu, nöqsanların həlli
yolları barədə müzakirələr aparıldı.
C.Zərbəliyev
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 3.