Səma şairinin evində
Girişi İstiqlaliyyət
küçəsi tərəfdən - Əlyazmalar
İnstitutu ilə eyni qapıdan olan Hüseyn Cavidin ev-muzeyi Azərbaycan
Respublikası Milli Elmlər Akademiyasının nəzdində
fəaliyyət göstərən üç muzeydən
biridir.
Muzeyin yerləşdiyi bina
tanınmış milyonçu Hacı Zeynalabdin
Tağıyevin şəxsi təşəbbüsü və
himayəsi ilə memar İ.V.Qoslavskinin layihəsi əsasında
1898-1901-ci illərdə tikilmiş və müsəlman
qadın məktəbi üçün nəzərdə
tutulmuşdu. Məktəb 1918-ci ilədək fəaliyyət
göstərib. 1920-30-cu illərdə burada Darülmüəllimin
(pedaqoji məktəb), 1930-cu ildən sonra Mərkəzi
İcraiyyə Komitəsi, daha sonra Respublika Ali Sovetinin Rəyasət
heyəti, hazırda isə AMEA Füzuli adına Əlyazmalar
İnstitutu yerləşir. Əlyazmalar İnstitutunun ikinci mərtəbəsindən
muzeyin fərdi giriş qapısı var və Cavidin ev-
muzeyinin burada yerləşməsi haqqında məlumat verən
lövhə vurulub: “Böyük şair və mütəfəkkir
Hüseyn Cavidin Vətənə qayıdışı və
yaşadığı mənzildə ev-muzeyinin
açılması Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin təşəbbüsü, cəsarəti
və ardıcıl səyləri ilə gerçəkləşmişdir”.
Hüseyn Cavidin ev-muzeyinin yaradılması haqqında 604
saylı ilk qərar Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
və Nazirlər Soveti tərəfindən 25 noyabr 1981-ci ildə
qəbul edilib. Respublika Mədəniyyət Nazirliyinin 1991-ci
ildə qəbul etdiyi qərarla muzey üçün Azərbaycan
Dövlət Əlyazmalar İnstitutunun yerləşdiyi
binanın birinci mərtəbəsində 5 otaq ayrılır.
Nəhayət, 1995-ci ildə Respublika Nazirlər Kabinetinin qərarı
ilə H.Cavidin ev-muzeyi həmin binanın 3-cü mərtəbəsində
yerləşən və şairin 1920-ci ildən 4 iyun 1937-ci
ilə qədər yaşadığı, əsərlərinin
əksəriyyətini yaratdığı mənzilə
köçürülüb. H.Cavidin ev-muzeyinin
açılışı 2002-ci il oktyabr ayının 24-də,
şairin 120-ci doğum günündə olmuşdur. Muzeyin girəcəyində
heykəltəraş Ömər Eldarovun yaratdığı və
əsli Hüseyn Cavid prospektində Milli Elmlər
Akademiyasının əsas binası ilə üzbəüz
bağda ucalan tuncdan düzəldilmiş “Cavid abidəsi”nin
gipsdən olan kiçik variantı qoyulub. 175 sm.
hündürlüyü və 75 sm. eni olan bürünc rəngli
abidə 60 sm. hündürlüklü möhkəm taxta təməl
üzərindədir.
Muzey 4 otaqdan ibarətdir: “Cavidin
yaradıcılığı”, “Cavidin ömrü”, “Cavidin faciəsi”
və “Cavidin şöhrəti”. “Cavidin
yaradıcılığı” adlandırılan otaqda
adından da bəlli olduğu kimi şairin həyat və
yaradıcılığını əks etdirən fotolar, əlyazmaları
və müxtəlif dillərə tərcümə
olunmuş əsərləri saxlanılır. İkinci otaqda
isə Cavidin ailəsi ilə bağlı fotoşəkillər,
həyat yoldaşı Müşkünaz xanımın portreti,
sandıq, geyim dolabı, tikiş maşını və masa
vardır. Cavidin əsərlərinin qorunub
saxlanılmasında bu masanın əvəzedilməz rolu olub.
Muzeyin direktoru Gülbəniz Babaxanovanın verdiyi məlumata
görə, H.Cavidin evini müsadirə edərkən ailə
üzvləri masanın siyirmələrini qoruyub saxlaya biliblər
və beləliklə siyirmələrdə qalmış əlyazmalar
zaman-zaman günümüzə gəlib
çatmışdır. “Cavidin faciəsi”
adlandırılmış otaq repressiya dövrünü əhatə
edir. Otaqda H.Cavidin həbsi ilə bağlı sənədlər,
onun barmaq izləri, Cavidin əleyhinə yazılmış məqalələr,
həbsdə olduğu müddətdə ailəsinə
yazdığı məktublar qorunub saxlanılır. Burada rəssam
Oqtay Sadıqzadənin repressiyaya həsr olunmuş “Qara
yazı” adlı portret əsəri də diqqət çəkir.
Qeyd edək ki, Hüseyn Cavidin
2012-ci ildə keçiriləcək 130 illik yubileyi ilə
bağlı muzeydə təmir işləri artıq
başlanıb. Muzeyin direktoru Gülbəniz Babaxanova son
dövrlər görülən işlər haqqında məlumat
verərək bildirdi ki, yubiley münasibətilə bir
sıra layihələrin həyata keçirilməsi nəzərdə
tutulub.
H.Cavidin ev-muzeyi həm də Beynəlxalq
Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin
üzvüdür və mütəmadi olaraq öz məqalələri
ilə komitənin Fransada hər ay çap olunan jurnalında
yer alaraq muzeyin beynəlxalq aləmdə təbliği istiqamətində
ciddi işlər görür.
Yeganə
Cansail
Mədəniyyət.-
2011.- 1 iyul.- S. 10.