“Öz
məşəlini alovlandır!”
Eurovision-2012
Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı
müsabiqəsindən bir aya yaxın vaxt ötür. Sözsüz
ki, bu müsabiqə Azərbaycanın dünyaya daha geniş
tanıdılması üçün böyük bir fürsət
oldu. Qərb mətbuatı siyasətdən mədəniyyətədək
bir çox mövzuları işıqlandırmaqla ölkəmizi
öz oxucularına tanıtmağa çalışdı. Bu
sırada obyektiv, xoşməramlı materiallarla yanaşı,
qərəzli yazılara da rast gəlindi.
Amma bunlar artıq geridə
qaldı. Azərbaycan
mahnı müsabiqəsinin ev sahibi qismində
istər virtual, istərsə də real olaraq dünya
tamaşaçılarını qəbul etdi, öz qonaqpərvərliyi,
möhtəşəm şounun təşkili ilə
adını “Eurovision” tarixinə yazdırdı. İki həftə ərzində dünyanın
müxtəlif ölkələrindən gəlmiş jurnalistlərlə
bir sırada “Eurovision” həyəcanını
yaşamış şəxs olaraq mən də təəssüratlarımı
oxucularla bölüşmək istərdim.
Təşkilatçılıq
və təhlükəsizlik
Hər şey təşkilatçılıq
və təhlükəsizlikdən başladığından,
öncə bu barədə bir neçə kəlmə.
Doğrusu, hələ müsabiqəyə
hazırlıq mərhələsində daim
düşünürdüm: görəsən, Azərbaycan
dünyanın qarşısına necə çıxacaq? Düzdür, qonaqpərvərliyimiz, ürəyiaçıqlığımız
bizim canımızda, qanımızdadır. Amma “Eurovision” bizim üçün indiyədək
görünməmiş miqyasda böyük tədbir idi.
Azərbaycanı sevənlər kimi, sevməyənlər
də var. Müsabiqə öncəsi cənub qonşumuzda bir
para dairələrin “Eurovision” əleyhinə
çıxışları da buna sübut idi. Odur ki, təşkilatçılıq və təhlükəsizlik
səviyyəsi olduqca böyük önəm kəsb edirdi.
Yeri gəlmişkən, müsabiqəni
izləmək üçün bir çox ölkələrlə
yanaşı, elə İrandan həvəslə təşrif
buyuranlar da az deyildi. Düşünürəm
ki, bu «iradların», «etirazların» arxasında ilk növbədə
Azərbaycanı dünya ictimaiyyəti qarşısında
gözdən salmaq niyyəti dayanırdı və bu cəhdlər
puça çıxdı.
Müsabiqə günlərində
hər hansı xoşagəlməz hadisənin
qarşısını almaq üçün həyata
keçirilən təhlükəsizlik tədbirlərinin
yüksək səviyyəsini Mətbuat Mərkəzində də
hiss etmək olurdu. Beş dəqiqəlik
küçəyə çıxıb geri qayıdanda belə
yenidən təhlükəsizlik xidməti əməkdaşları
tərəfindən diqqətlə yoxlanılaraq içəri
buraxılırdıq.
Təşkilatçılığın
ən yüksək səviyyədə olduğunu isə
müsabiqə iştirakçıları ilə
yanaşı, media təmsilçiləri, tədbirə təşrif
buyurmuş əcnəbi musiqisevərlər, turistlər də
hamılıqla etiraf edirdi.
Mətbuat
Mərkəzi
Öncə qeyd edim
ki, “Eurovision” müsabiqəsində jurnalist qismində ilk dəfə
idi iştirak edirdim. Lakin öncəki illərdə
Moskvada, Osloda, Düsseldorfda yarışmanı
işıqlandıran jurnalist həmkarlarım mənə
müsabiqənin təşkilati işlərindən ətraflı
bəhs etmişdilər. 5000 kv.m sahəyə malik Mətbuat
Mərkəzi müsabiqə tarixində ən geniş və ən
rahat iş şəraiti olan məkan kimi bütün jurnalistlər
tərəfindən qeyd olunurdu.
Milli mətbəximizin nümunələri,
şirniyyatlar, çay və s. gün ərzində jurnalistlərin,
nümayəndə heyəti üzvlərinin ixtiyarında idi.
Bütün bunlar hər kəsin, hətta
dostlarımın da təəccübünə səbəb
olmuşdu. Çünki onlar yuxarıda
adları çəkilən şəhərlərdə
“Eurovision” müsabiqəsini işıqlandırarkən mətbuat
mərkəzlərində yeməyi, suyu belə pulla əldə
edirlərmiş. Yüksək sürətli
internet isə informasiyanı istər yazılı, istərsə
də video şəklində dünyaya operativ olaraq
çatdırmağa yardımçı idi.
Bakı Kristal Zalı
Müsabiqənin
keçirildiyi bu möhtəşəm arenaya daxil olanda
bütün bunların cəmisi 7-8 aya ərsəyə gəldiyinə,
yaxşı mənada, «şübhələndim». Mənə elə gəldi ki, Bakı Kristal Zalı
və onun ətrafı hazır vəziyyətdə göydən
yerə enib. İyirmi min
tamaşaçı tutan arenada 80 min işıq diodu, 2500-dən
artıq proyektor və Avropada ilk dəfə hərəkətli
işıqlardan istifadə olundu. Məhz
bu səbəbdəndir ki, şou müddətində
işıq effektləri nəinki oradakı
tamaşaçıları, hətta ekran izləyicilərini də
heyrətləndirə bildi.
EuroClub
“Eurovision”nun əsas əyləncə
dolu məkanı olan “EuroClub” Əl Oyunları İdman
Sarayında təşkil olunmuşdu. Sahəsi 2500 kv.m
olan “EuroClub”da nümayəndə heyətləri, akkreditasiya
olunan mətbuat nümayəndələri və fanlar
yarışma müddətində bir neçə
iştirakçı ölkələrin təşkil etdiyi
tanıtım gecəsinə, konsertlərə, DJ-lərin
musiqi proqramlarına, 1-ci, 2-ci yarımfinal və final gecəsindən
sonrakı şənlik mərasimlərinə qatılmaqla
“Eurovision”nun, necə deyərlər, dadını
çıxarmağa çalışdılar. Bu
məkanda həmçinin şounun rəsmi
açılış mərasimi keçirildi. Şounun
aparıcıları Leyla Əliyeva, Nərgiz Berk-Peterson və
Azərbaycana qalibiyyət yaşadan Eldar Qasımov, Nigar Camal
42 ölkə iştirakçılarını
qırmızı xalı üzərində qəbul etdilər.
Qeyd edək ki, Eldar Qasımov bu il həm də
aparıcı qismində çıxış etməklə
öz səmimiyyətini və müsbət enerjisini dünya
tamaşaçıları ilə bir daha paylaşdı.
EuroVillage
“EuroVillage” də
“Eurovision”nun əsas məkanlarından biri kimi şəhər
əhalisinin, qonaqların ixtiyarında idi. Burada müsabiqənin əsas sponsorları və tərəfdaşları
öz məhsullarını, xidmət növlərini
nümayiş etdirir, konsert proqramları təşkil olunurdu.
Bu baxımdan müsabiqənin baş sponsoru olan
“Azercell”in yaratdığı səhnə minlərlə
tamaşaçıya əsl “Eurovision” ab-havası
yaşatdı. Hər gün populyar
müğənnilər, rəqqaslar, “Eurovision” təmsilçiləri,
DJ-lər öz məharətlərini nümayiş etdirirdilər.
Tamaşaçılar burada əylənməklə
yanaşı, həmçinin pulsuz internetdən də
yararlana bilirdi. Bu baxımdan “EuroVillage”də
gecəyə kimi insan əlindən tərpənmək olmurdu.
İştirakçılar
Öncədən
deyim ki, bu yazıda 42 ölkə
iştirakçılarının bəzilərindən bəhs
edəcəyəm. Çünki hər biri haqqında
bir az yazası olsam, necə deyərlər,
ucundan tutub ucuzluğa getmiş olaram. Odur ki, Mətbuat
Mərkəzində jurnalistlərin favoritlərindən
söz açacağam. Mayın 14-də
bu məkana ilk dəfə qədəm qoyandan
iştirakçı ölkələr arasında
İsveçin, daha çox da Rusiyanın adı
hallanırdı. Rusiyanın «Buranovskiye
babuşki»lərinin hər biri, ələlxüsus 77
yaşlı üzvü Nataliya Puqaçova özünü
kifayət qədər sevdirə bilmişdi. Onların məşq vaxtlarında, mətbuat
konfranslarında “iynə atsaydın yerə düşməzdi”.
Hər bir jurnalistin üzündə təbəssüm
var idi və heç kəs onların final gecəsində
uğur qazanacaqlarına şübhə etmirdi. Yüzlərlə jurnalist, elə bəndəniz də
rusiyalı “nənələr”in hər bir hərəkətini
izləyir, hər bir çıxışını
alqışlayırdı. Səbəb məlum
idi. Burada yaş faktoru, sadəlik ön
sıraya keçmişdi. Səs, işıq effektləri
ilə bol olan yarışma bəzən insanı əldən
salanda, onların karına folklor nümunələri
ilə zəngin olan ifaları gəlirdi. “Nənələr”in
sevilməsinin əsas səbəblərindən biri elə bu
oldu.
Təsadüfi deyil
ki, sadəlik “Eurovision-2012”-də daha çox özünü
göstərdi. İsveç təmsilçisi
Lorin də başı açıq, ayağı yalın,
makiyajsız, qara libasdakı çıxışı ilə
milyonların səsini toplamaqla birinci oldu. 28
yaşlı Mərakeş əsilli bu qız elə ilk
gündən öz təmkini, soyuqqanlılığı, qələbə
üçün o qədər də can atmayan birisi kimi digər
iştirakçılardan fərqlənirdi. Bəlkə də yanılıram. Məncə, o əsas favorit olduğunu bildiyindən
özünü artıq qalib kimi təmkinli aparırdı.
Bir də onun özü haqqında yaratdığı mif: o,
texnologiyanın, informasiyanın at oynatdığı dönəmdə
bir noutbuku ilə yalnız və yalnız musiqi
proqramlarını və elektron poçtunu izləyir. Yəni dünyada baş verən proseslərdən kənar
bir həyat tərzi sürməklə özünü
bütünlüklə musiqiyə həsr edir. Bəlkə
də dediklərində bir həqiqət var. Amma
maraqlıdır ki, dünyanın gərdişindən xəbərsiz
qız necə ola bilər ki, insan
haqlarından, söz azadlığından
danışsın?! Onun dünyaya baxışı bir yana, ifası, çıxışı şəxsən
bəndənizə xoş təsir bağışladı. Xüsusən də yoqa elementləri ilə bol olan rəqsinin
ifasına heç bir təsir etmədiyini görəndə
buna təəccübümü gizlədə bilmirdim. O,
hər kəsə eyforiya hissini yaşada bildi.
Amma onun
çıxışı birinci olsa da, digər
çıxışları heç də kölgədə
qoymurdu. Məsələn, Albaniya təmsilçisi
hər kəsin xatirində dərin iz buraxdı. Çünki o, əsl sənət nümayiş
etdirdi. Bundan başqa Türkiyə, Serbiya,
Moldova, Rumıniya, Yunanıstan, Kipr, Makedoniya, Böyük
Britaniya təmsilçiləri heç də zəif deyildi.
Dörd dəfə “Qremmi” mükafatına layiq
görülən, dünya şöhrətli Böyük
Britaniya təmsilçisi Engelbert Hamperdinkin
çıxışına baxanda yadıma 2009-cu ildə
Moskva səhnəsində “Eurovision”da Fransanı təmsil edən
Patrisia Kaas düşdü. Bir daha
anladım ki, bu mahnı müsabiqəsində şöhrət,
peşəkarlıq deyil, zövqlər yarışır.
Azərbaycan təmsilçisi
Səbinə Babayeva da ifası ilə birinciliyə layiq idi.
Onun dünya şöhrətli muğam
ustadı Alim Qasımovla çıxışını həyəcansız
izləmək olmurdu.
Türkiyə təmsilçisi
Can Bonomo çıxış edəndə isə
bütün azərbaycanlı jurnalistlər türk həmkarlarına
dəstək oldu. Mahnı ritmik
olduğundan mətbuat nümayəndələri yallı
gedib, Azərbaycan və Türkiyə bayraqlarını
dalğalandırdılar.
Şou
Hələ
yarışma başlamazdan öncə belə qənaətə
gəlmişdim ki, “Eurovision-2012” digər illərdə
keçirilən yarışmalardan çox-çox fərqlənəcək.
Çünki mədəniyyəti, tarixi zəngin
olan, Şərqlə Qərbi birləşdirən bir məmləkətdə
nümayiş olunası çox şey var. Fikrim məni
aldatmadı. Çıxış öncəsi
Bakı Kristal Zal feyerik işıqlandırma vasitəsilə
müxtəlif ölkələrin bayraqlarının rənglərinə
qərq olanda, texnika ilə yanaşı, ideyaya da heyrətimi
gizlədə bilmirdim. Bu fərqlilik həm
də ölkələrə verilən dəyərin nümunəsi
idi. Bundan başqa səhnədə
işıqlandırma effektlərini, yarımfinallarda və
finalda “Natiq” ritm qrupunun, son beş ilin “Eurovision” qaliblərinin,
Alim Qasımovun, Emin Ağalarovun, rəqs ansamblının,
orkestrin qeyri-adi çıxışı insanı sanki
reallıqdan çıxarıb, tamam başqa bir məkana
götürürdü. Yaşı bilinməyən
Qavaldaşının səslənməsi isə şəxsən
məni qəhərləndirdi. Bir daha
anladım ki, əsl sənət nümunəsi
üçün zaman, məkan anlayışı yoxdur.
Hər üç
şouda tanıtım çarxlarının başdan-başa
Azərbaycana həsr olunduğunu görəndə təəccüblənməklə
yanaşı, həm də yaxşı mənada
lovğalandım. Çünki ölkəmin
hər qarışı, milli-mədəni nümunələri
insana böyük qürur hissi bəxş edir. Düşmən qonşumuzun yarışmadan imtina
etdiyinin səbəbi isə mənə sonda aydın oldu.
Bu heç də təhlükəsizliklə
bağlı deyildi. Paxıllıq, əsrlərdən
bəri yığılıb qalmış kin idi.
Çünki səsvermə müddətində ölkənin
qiymət balını açıqlayan aparıcı heç
vaxt ürəklə «Hello Azerbaijan, hello Baku!»
deyib, Azərbaycanla salamlaşmağa üzü olmayacaqdı.
Bu isə Azərbaycanın istər siyasi, istərsə
də mədəni qələbəsi sayıla bilər.
Ülviyyə Heydərova
Mədəniyyət.-
2012.- 20 iyun.- S. 13.