Cığır yola qovuşur
Yaradıcı gənclik
Çoxəsrlik tarixə malik olan Azərbaycan incəsənətinin
bütün inkişaf mərhələlərində heykəltəraşlıq
sənətinin əhəmiyyətli rolu olub. Təzadlı
zaman axarında adları hələ də naməlum qalan qədim
sənətkarların əsərlərindəki özünəməxsus
bədii - plastik keyfiyyətlər sonrakı mərhələlərdə
heykəltəraşlarımızın müxtəlif nəsilləri
tərəfindən uğurla davam etdirilib. Bu sənət ənənəsini
öz maraqlı axtarışları ilə davam etdirməyə
çalışan gənclərdən biri də Vüqar
Quliyevdir.
Tanınmış tişə
ustası Sahib Quliyevin ailəsində dünyaya göz
açan Vüqar kiçik yaşlarından bu sənətə
maraq göstərib. 2007-ci ildə Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbinin heykəltəraşlıq
bölməsini bitirdikdən sonra təhsilini Dövlət Rəssamlıq
Akademiyasının heykəltəraşlıq fakültəsində
(Xalq rəssamı, akademik Tokay Məmmədovun
emalatxanasında) davam etdirir.
Hələ uşaqlıqdan ətrafında
hər gün gördüyü və atasının
yaratdığı “yaradıcı şərait” onun ürəyində
gələcəkdə heykəltəraş olmaq arzusunu
göyərdib, plastilindən xırda dekorativ fiqurlar düzəltməyə
daha çox meyl edən Vüqarda tədricən gələcəkdə
heykəltəraş olmaq arzusu daha da güclənib. İlk
yaradıcılıq işi altı yaşında olarkən
metaldan hazırladığı “Zürafə” adlı heykəlcik
olub. Onun uşaq təfəkkürünün nəticəsi
olan dekorativ heyvan fiqurları bir müddət sonra
Vüqarı animalistik janrda bir-birindən fərqli dəzgah
heykəltəraşlığı nümunələri
yaratmağa həvəsləndirib.
Gənc tişə ustasının
yaratdığı dekorativ xarakterli heykəltəraşlıq
əsərləri tezliklə müxtəlif sərgi salonlarında
nümayiş olunmağa başladı. 2005-ci ildə
“Xocalı faciəsi”nə həsr olunmuş sərgidə
“Yaralı” adlı plastik nümunəsi maraqlı kompozisiya
kimi sənətsevərlər tərəfindən rəğbətlə
qarşılandı.
Vüqar üçün
yaradıcılıq sahəsində növbəti yaddaqalan
addım Pekin olimpiadasına hazırlıq ərəfəsində
təşkil olunmuş respublika sərgi - müsabiqəsində
iştirak oldu. Həmin yarışmaya təqdim etdiyi “Qələbə
sevinci” adlı əsərinin həvəsləndirici
mükafata layiq görülməsini, heç şübhəsiz
onun böyük uğuru hesab etmək olar.
Gənc sənətçinin
yaradıcılığında Azərbaycanın qədim mədəniyyət
ocaqlarından biri olan Qobustan qayaüstü təsvirlərinə
münasibət xüsusi əhəmiyyət kəsb edir. Qayaüstü
təsvirlərdən aldığı təəssüratlar nəticəsində
Vüqar “Qobustan” adlı silsilə əsərlər
yaradıb. Həmin silsiləyə daxil olan kompozisiyalardan
özünəməxsus plastik həlli ilə seçilən,
at belində intizar çəkən aşiqi təsvir edən
“Qobustan atlısı”, forma-biçim kamilliyi və plastikliyi
ilə seçilən “Qobustanlı qadın”, üzərində
müxtəlif məzmunlu qayaüstü təsvirlər həkk
edilmiş “Qobustan keçisi”, “Qobustan gəmisi” əsərlərini
qeyd etmək olar. Vüqarın bu əsərlərinə nəzər
yetirdikdə onun doğma yurdun tarixinə maraq və
ehtiramının, xalqının qədim milli və mənəvi
keyfiyyətlərini necə dəyərləndirdiyinin bir daha
şahidi oluruq. Yaratdığı obrazların plastik səthinin
təsvirlərlə - xüsusilə Qobustan qayaüstü təsvirləri
ilə örtülməsini onun
yaradıcılığının özünəməxsusluğunu
vurğulayan bədii məziyyət hesab etmək olar.
Gerçəkləşdirdiyi
obrazların bədii həllində daha çox ümumiləşdirilmiş
plastik formalara üstünlük verməsi də
Vüqarın yaradıcılığının səciyyəvi
cəhətlərindəndir. Onun 2008-ci ildə keçirilən
“Türkiyə-Azərbaycan” sərgisi üçün
hazırladığı “Səmazən” (“Səma rəqsi”) əsərinin
özündə ümumiləşdirilmiş ifadəli bədii
biçimlə yanaşı, düşündürücü
fəlsəfi ideya əks etdirməsi sənətsevərlər
tərəfindən böyük maraqla qarşılanıb. 2009-cu
ildə Dövlət Rəssamlıq Akademiyasında
keçirilən “Qılıncoynatma” adlı müsabiqə -
sərgidə “Mübarizə” adlı əsərinin III
mükafata layiq görülməsini Vüqarın son illərdə
qazandığı uğurlardan saymaq olar.
2009-cu ilin fevralında Azərbaycan
Rəssamlar İttifaqının Gənclər bölməsinə
daxil olmaq üçün təşkil olunan sərgidə
Vüqar Quliyevin əhəng daşından hazırlanan və
özünəməxsus lirikası, axıcı plastik həlli
ilə seçilən “Daranan qadın” əsəriylə
çıxış etməsi də sənət
xiridarlarında Rəssamlar İttifaqının kollektivinə
yeni istedadlı gəncin gəldiyinə inamı
artırıb.
Yaratdığı heykəllərin
məzmunundan və təsvir obyektlərinin xarakterindən
asılı olaraq material seçimində həssas olan gənc
heykəltəraşın əsərlərin icrasında
plastika sənətinin yonma və tökmə
texnikasının incəliklərinə daha çox diqqət
yetirdiyinə əmin olmaq olar. Vüqar Quliyevin daha çox
daş və mis materialına üstünlük verməsi və
onlardan istifadə etməklə yadda qalan əsərlər
yaratması da bunun təsdiqidir. Onun “Atlı” (mis,
gümüş, daş), “Ağırlıq qaldıran” (mis,
daş), üzərində milli ornamentlər həkk
olunmuş “Dekorativ keçi” (mis, qızıl, emal, daş),
“Nar şəlaləsi” (qranit) əsərləri bu qəbildəndir.
Hazırda Vüqar “Alim Qasımov”, “Daranan qadın”,
“Çarşablı qadın”, “Tovuz quşu” əsərləri
üzərində çalışır. Bu isə o deməkdir
ki, yaxın vaxtlarda sənətsevərlər onun maraqlı
kompozisiyaları ilə tanış ola biləcəklər.
Vüqar Quliyev hazırda Rəssamlıq
Akademiyasının IV kurs tələbəsidir. O,
yaratdığı əsərlərlə akademiyanın
müəllim və tələbə heyətinin rəğbətini
qazanıb. İnanırıq ki, Vüqarın arxada qalan illərdə
açdığı və axtarışlarla zəngin
yaradıcılıq cığırı onu sənət zirvələrinə
aparan yola qovuşduracaq.
Aslan
Xəlilov,
sənətşünas
Mədəniyyət.-
2011.- 2 mart.- S. 15.