Zamanın sınağından keçmiş rəssam - Böyükağa Mirzəzadə

 

   XX əsr Azərbaycan təsviri sənətinin parlaq nümayəndələrindən biri, Xalq rəssamı, Dövlət mükafatı laureatı Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olub. Lakin 1941-ci ildə Böyük vətən müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyib, sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

   

   Əmək fəaliyyətinə Azərbaycan Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə milli rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak edib. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.

   Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə mahir fırça ustası kimi tanınıb. Artıq 1950- ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və əhval-ruhiyyəsini dəqiqliklə əks etdirməyə nail olub. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur. Bu sırada rejissor Şəmsi Bədəlbəylinin, dirijor və bəstəkar Niyazinin və xalçaçı rəssam Lətif Kərimovun portretlərini göstərmək olar.

   Böyükağa Mirzəzadə təsviri sənətin bir çox sahələri ilə - rəngkarlıq, qrafika, monumental divar rəssamlığı, eləcə də heykəltəraşlıqla məşğul olaraq yüksək sənət nümunələri yaradıb. Rəssamın fırçasının məhsulu olan natürmort və mənzərə janrında o cümlədən tematik, tarixi, ədəbi-bədii mövzulu əsərlər çoxluq təşkil edir. Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil edib. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.

   Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib. Onun İ. Əfəndiyevin “Mənim günahım”, Z. Bağırovun “Qayınana”, İ. Kalmanın “Bayadera”, “Milyonçunun dilənçi oğlu” və s. əsərlərin tamaşalarında yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

   Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, digər muzeylərin ekspozisiyalarında nümayiş etdirilir. Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da sənətkarın mühüm xidmətləri olub. Əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilib.

   2007-ci ildə dünyasını dəyişən rəssamın əsərləri onun çoxşaxəli yaradıcılığı barədə sənətsevərlərdə zəngin təəssürat yaradır. Onun rəngləri sanki insanlarla danışır. Bu rənglərin öz musiqisi, ruhu, istisi, soyuğu var. Onlar insanı sanki rəngarəng bir dünyaya aparır...

  

 

   Flora Əliyeva

 

   Mədəniyyət.- 2011.- 2 mart.- S. 15.