“Qarlı aşırım”dan
“Axırıncı aşırım”a doğru
Həmkarları
dövrün ədəbi əsərlərini yazanda o,
yaddaşımıza çökmüş hisi, pası,
unutqanlıq qalıqlarını bir kənara atıb əsl ədəbiyyat
nümunələri yaratdı
Yazıçı
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın
Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İndi nə
Vedi var, nə Böyük Vedi, nə də Fərman Kərimzadə...
Ancaq Vedinin və vedililərin bol-bol xatirələri, dərdləri,
yaşantıları var. Bir də Fərman Kərimzadənin
yazdıqları...
“Ə, nə hökumət, hansı
hökumət? Mən belə hökumət tanımıram!”.
Bu sözləri “Axırıncı aşırım” filmində
Kərbəlayi İsmayıl deyir. Ancaq bu sözləri sovet
hökumətinin qılıncının tiyəsi də, qəbzəsi
də kəsdiyi 1967-ci ildə yazıçı, 60-cı illər
nəslinin görkəmli nümayəndəsi Fərman Kərimzadə
deyirdi. Qırmızı ilğımın puç və əfsanə
olduğunu yazıçı fəhmi ilə
çoxlarından əvvəl o duymuşdu. “Qarlı
aşırım” romanı ilə aldanmış insan selini
dayandırıb bəylikdən köləliyə
sürüklənən bir xalqa aşırımın o
üzündəki həqiqəti göstərirdi...
İllər keçdi,
ilğım dağıldı, ədəbiyyatımızda və
kinomuzda “Qarlı aşırım” (“Axırıncı
aşırım”) qaldı...
İllər öncə isə Fərman
Kərimzadəni böyük ədəbiyyata gətirən
iki səhifəlik “41 nömrəli ayaqqabı” hekayəsi
olmuşdu. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”,
“Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy
dəvətnaməsi” povestləri böyük uğur qazansa
da, Fərman Kərimzadə Azərbaycan ədəbiyyatında
“Qanlı aşırım”, “Xudafərin körpüsü”,
“Çaldıran döyüşü” kimi tarixi romanların,
“Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin
müəllifi kimi tanındı və sevildi.
Fərman Kərimzadə həyatı
ədəbiyyata gətirdiyindən
yaradıcılığında obrazlar qalereyası da olduqca
real və zəngindir. Ziddiyyətli, koloritli obrazlar, min illərin
o üzündəki tarixi məqamlar və yaşantılar,
xalqın milli və mənəvi yüksəlişi,
uğurlar və məğlubiyyətlər, şərlə
xeyrin amansız mübarizəsi və bütün bunların
fonunda yazıçı şəxsiyyəti. O, sənətkar
kimi də, şəxsiyyət kimi də vaxtdan ucada
dayanmağı bacardı. Çünki həmkarları
dövrün ədəbi əsərlərini yazanda o,
yaddaşımızın üstünə
çökmüş hisi, pası unutqanlıq
qalıqlarını bir kənara atıb əsl ədəbiyyat
nümunələri yaratdı.
Fərman Kərimzadə maraqlı
yazıçı olduğu kimi, həyatda da özünəməxsus
insan idi. Sabir Rüstəmxanlı “Salam Fərman” memuarında
yazır: “Bütün ağlı, insanlığı, mənəvi
gözəlliyi ilə Allah onu xoşbəxt
yaratmışdı. Amma bu xoşbəxtliyin içində kənardan
heç kəsin görmədiyi, duymadığı bir dərd
vardı...”
Doğrudan da, Fərman Kərimzadənin
ədəbi taleyi ilə şəxsi taleyi arasında qəribə
bir oxşarlıq vardı. Əsrlər boyu xalqının
başına gələn dərdlər, faciələr, bəlalar
onun da taleyindən yan keçmədi. XX əsrdə ən
faciəli tarixini yaşayan Vedi və vedililər dəfələrlə
məkrli erməni siyasətinin qurbanı olub, deportasiyaya məruz
qaldı. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli,
el-obası sürgünlərə, səs-küysüz
soyqrımlara düçar oldu. Fərman Kərimzadə də
bu taleyi yaşadı. Ancaq illər keçsə də Vedini
unuda bilmədi. Ağrı dağının
ağrılarını ürəyində daşıdı.
1988-1989-cu illərdə Vedinin qara günləri yenidən başladı.
Bu dəfə dərd batmanla gəldi. Bu dəfə Vedidə
bir nəfər də azərbaycanlı qalmadı.
Fərman Kərimzadə Vətənini
sevirdi. Bu özgə bir sevgi idi. Bəlkə ona görə də
xalqının başına gələn fəlakətlərin
kökünü keçmişdə axtarırdı.
O illərdə Fərman Kərimzadə
Vedibasarın sözə qarışıb qələmlə
döyüşən sərkərdəsi, başındakı
tüstü-dumanı ilə elə bil Ağrı
dağının özü idi. Vedinin adı çəkilən
kimi gözündə yaş gilələnir, dilindənsə
ürəkləri titrədən bayatı qopurdu:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı dağlar?!
Çox az adam
bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadədir.
O, yazıçı
olmamışdan əvvəl rəssam idi. Şair
Musa Yaqubun təbirincə desək, “Fərman rəssam təfəkkürü,
şair zərifliyi ilə nəsrimizə bir şirinlik gətirdi”.
Deyirlər, Fərman
Kərimzadə bahar çağı çiçəkləyən
şaftalı ağacını çox sevərdi. Bəlkə ona görə ki, çiçəkləyən
şaftalı ağacı insanın çəhrayı
arzularına bənzəyir. O, ömrü boyu
ağlı-qaralı dünyadan çəhrayı rəngə
doğru can atdı. Arzuları, əməlləri,
istəkləri şaftalı ağacının çiçəkləri
kimi işıq saçdı. Bir də onu
deyirlər ki, Fərman Kərimzadə haqqını
sağlığında almayan, layiqincə qiymətləndirilməyən
sənətkar taleyi yaşadı. Əslində
yazıçı heç vaxt sənəti müqabilində
təmənna güdmədi. Meyarlar dəyişsə
də, o öz zirvəsində necə varsa, eləcə də
əzəmətli qaldı.
Baharda dünyaya gələn sənətkar
elə baharda da - 1989-cu il mayın 17-də
dünyasını dəyişdi.
Bizə qalan isə əsərləri
və Fərman Kərimzadənin “Qarlı aşırım”
romanı əsasında rejissor Kamil Rüstəmbəyovun
1971-ci ildə elə yazıçının öz ssenarisi əsasında
ekranlaşdırdığı “Axırıncı
aşırım” filmi oldu. O film ki, Azərbaycan kinosunun
şah əsrlərindən biridir.
O, ömrün
aşırımlarını aşa bilməsə də,
tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda
özünəməxsus, təkrarsız Fərman Kərimzadə
kimi qalacaq.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 2 mart.- S. 13.