Faciəvi
taleli insan - Məmməd Həsən Hacınski
Tanınmış memar, inşaatçı, Azərbaycan
Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən
biri olmuş Məmməd Həsən Cəfərqulu oğlu
Hacınski 1875-ci il 3 martda Bakıda anadan olub.
1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirib.
1908-ci ildə Bakı şəhər idarəsində tikinti
şöbəsinə başçılıq edib, şəhərin
baş planının (1898, müəllifi fon der Nonne) layihəsini
təkmilləşdirib. 1909-1910 illərdə Bakı dənizkənarı
parkının salınması (tikintisi 1912-ci ildə başa
çatdırılıb) və dəniz hamamının tikilməsi
M.H.Hacınskinin fəaliyyəti ilə bağlıdır.
1912-ci ildə şəhər idarəsi
M.H.Hacınskinin redaktəsi ilə Bakı küçələrinin
abadlaşması haqqında kitab çap etdirib. O, 1913-cü
ildə qısa müddətə Bakı şəhər idarəsinin
rəisi olub, Şirvanşahlar sarayının qorunması və
bərpasına dair təşəbbüs irəli
sürüb. Həmin təşəbbüsə əsasən
1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və
Ö.Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini
hazırlamaq üçün elmi-tədqiqat işləri
aparıblar.
M.H.Hacınski 1918-ci il mayın 27-də
yaradılan Azərbaycan Milli Şurasının üzvü
olub, Azərbaycanın İstiqlal bəyannaməsinin
altında onun da imzası var. Daha sonra Azərbaycan parlamentinin
üzvü olub, Əlimərdan bəy Topçubaşovun
başçılığı ilə Paris sülh
konfransında (1919-1920) iştirak edən nümayəndə
heyətinin tərkibində yer alıb. 1920-ci il martın 30-da
Xalq Cümhuriyyətinin hökuməti (sayca 5-ci) istefa verdikdə,
parlament yeni hökumətin təşkilini ona
tapşırdı. O isə hökumət kabinetini təşkil
edə bilməyərək hakimiyyət böhranını
daha da dərinləşdirdi, aprelin ortalarında isə
«Müsavat» partiyasından istefa verərək Azərbaycan
kommunistlərinin sırasına qoşuldu.
Xalq Cümhuriyyəti devrildikdən
sonra Hacınski Azərbaycan SSR Ali Xalq Təsərrüfatı
Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində
müxtəlif rəhbər vəzifələrdə
çalışıb. Azərbaycanın başqa görkəmli
ictimai-siyasi xadimləri kimi o da represiyaya məruz qaldı. “Azərbaycan
Milli Mərkəzinin” işi üzrə ittiham olundu,
L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də
Tiflisdə həbs edilərək, ağır işgəncələrə
məruz qaldı. 1931-ci il fevralın 9-da ağır həbsxana
həyatına dözməyərək intihar etdi.
Mədəniyyət.-
2011.- 2 mart.- S. 13.