“Platon demişdir ki...”
Xalq artisti Mustafa Mərdanov milli kinomuzda unudulmaz
obrazları ilə yadda qalıb
Fevralın 28-də Azərbaycanın kino və teatr səhnəsində
maraqlı obrazlar qalereyası yaratmış görkəmli
aktyor, Xalq artisti Mustafa Mərdanovun doğum günü idi.
Mustafa Həşım oğlu Mərdanov
1894-cü il fevralın 28-də Tiflisdə dünyaya göz
açmışdı. Kiçik yaşlarından teatra
böyük maraq göstərmiş, 1910-cu ildən dram dərnəklərində
çıxış etmişdi. Daha sonra (1921-1922) Tiflisdə
Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində
çalışır. Ali təhsil almağı ən
böyük arzusu hesab edən gənc aktyor Moskva Dövlət
Teatr Sənəti İnstitutuna daxil olur. Burada sənətin
sirlərini öyrənən aktyor 1924-cü ildə Bakıya
gəlir və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini
davam etdirir.
Yüksək aktyorluq texnikası,
yumşaq yumor hissi Mustafa Mərdanovun sənəti
üçün çox xarakterik olan cizgilər idi. O, teatr səhnəsinə
gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirdi,
ona yeni rənglər, çalarlar gətirdi.
Mustafa Mərdanov hələ teatrda
işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilməyə
də dəvət alırdı. Çünki onun aktyor
plastikası, sifət cizgiləri, obrazı qavramaq
bacarığı kino aktyoru üçün olduqca vacib amillər
sayılırdı. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin
ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxmışdı. Bir
il sonra
isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə”
(“Əlbəyaxa”) filmi
çıxdı. Aktyor bu
filmdə Abbas rolunda çəkilmişdi.
O dövr üçün
Mustafa Mərdanovun kinoda
ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli oldu. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi
altı komissar”da menşevik rolunu böyük məharətlə
oynamışdı.
Onun qardaşı, kinorejissor
Səməd Mərdanovun
“Kəndlilər” filmi
aktyorun yaradıcılığında
yeni bir hadisə oldu. O, bu filmdə bir-birinə zidd olan iki rolu
- kəndli Təhməz
və menşevik obrazlarını yüksək
sənətkarlıqla yaratmışdı.
Şübhəsiz, böyük sənətkarın
milli kinomuzda ən uğurlu rollarından biri bu gün də
tamaşaçılar tərəfindən
sevilə-sevilə baxılan
“O olmasın, bu olsun” filmindəki
“intelligent” Həsən bəy
obrazıdır. Bu obraz Mustafa Mərdanovun yeni aktyorluq keyfiyyətlərini üzə
çıxardı.
Sonralar “Əhməd haradadır” filmində oynadığı
Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları görkəmli səhnə ustasını
daha da şöhrətləndirdi.
1968-ci ildə çəkilən
“Qanun naminə” filmində böyük ustalıqla ifa etdiyi müstəntiq Murtuzov obrazı aktyorun kinoda son işi oldu. Mustafa Mərdanov həmin il dekabrın
12-də dünyasını dəyişdi.
Mədəniyyət.-
2011.- 2 mart.- S. 13.