«Skal Bakı»nın toplantısı
maraqlı müzakirələrlə yadda qaldı
Mahir Qəhrəmanov: “Turizm ili”nin əsas hədəfi
turizm infrastrukturu ilə bağlı məsələlərin
öz həllini tapmasıdır”
Fevralın
25-də «Skal İnternational» turizm təşkilatının
Bakı klubunun növbəti, 8-ci toplantısı «Grand Hotel
Europa» mehmanxanasında keçirildi. Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin
inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizm
İnstitutunun prorektoru Eldar Aslanov, ölkəmizdə fəaliyyət
göstərən hotel və turizm şirkətlərinin rəhbərləri
və KİV nümayəndələri iştirak edirdilər.
«Skal Bakı» klubunun prezidenti Ruslan
Quliyev çıxış edərək ötən
toplantıdan keçən müddətdə təşkilatın
iştirak etdiyi tədbirlər barədə məlumat verdi. Qeyd
olundu ki, İstanbulda keçirilən EMİTT turizm sərgisində
qurumun nümayəndələri “Skal İstanbul”un üzvləri
ilə görüşüblər. Görüşdə
Türkiyə skalçıları Azərbaycana dəvət
edilib və il ərzində ATİ-nin 15-20 tələbəsinin
Türkiyədə təcrübə keçməsi barədə
razılıq əldə olunub.
R.Quliyevin sözlərinə
görə, «Skal İnternational» turizm təşkilatı tərəfindən
davamlı turizmin təmin olunması məqsədilə
dünya skalçıları arasında «Ekotourizm award»
müsabiqəsi elan olunub. Aprelin 30-dək quruma bir neçə
layihə təqdim olunmalıdır: «Müsabiqənin əsas
şərti təbiətin, ekoloji mühitin qorunmasına dair
müzakirələrin aparılması və bu sahədə
müxtəlif marşrutların işlənib
hazırlanması, mədəni irsin qorunması,
işgüzar həyat qabiliyyəti və maarifləndirici
meyarlar, innovasiya sistemlərinin tətbiqidir. Qaliblər
Finlandiyanın Turku şəhərində keçiriləcək
72-ci Dünya skal toplantısında
mükafatlandırılacaq. Müsabiqədə turoperatorlar,
şirkətlər, maarifləndirmə proqramı üzrə
çalışanlar, turizm sahəsini işıqlandıran mətbu
orqanlar, saytlar, turizm sahəsinə öz töhfəsini verən
cəmiyyətlər, birliklər iştirak edə bilərlər».
R.Quliyev onu da bildirdi ki, «Skal
Bakı» müxtəlif ölkələrin skal təşkilatları
ilə əməkdaşlığı da genişləndirir:
“2010-cu ildə İsanbulda Roma, Lefkoşa (Şimali Kipr),
Los-Anceles və Paris klubları ilə danışıqlar
aparılıb. Burada əsas məqsəd yenə də Azərbaycanın
turizm baxımından əlverişli ölkə
olmasını dünyaya çatdırmaqdır».
R.Quliyev «Turizm ili» çərçivəsində
rəhbərlik etdiyi qurumun görəcəyi işlər barədə
məlumat verərək dedi ki, 2011-ci il turizm sənayesində
çalışan insanlar üçün böyük hadisələrlə
yadda qalacaq: «Mədəniyyət və Turizm Nazirliyinin və
Azərbaycan Turizm İnstitutunun yaranmasının 5 illiyi qeyd
olundu. Apreldə Bakıda AİTF beynəlxalq turizm və səyahətlər
sərgisinin 10 illiyini qeyd edəcəyik».
Mədəniyyət və Turizm
Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov
bildirdi ki, 2011-ci ilin «Turizm ili» elan olunması ilə
bağlı bu sahədə çalışan müəssisələrin
- assosiasiyaların, şirkətlərin, hotellərin rəhbərlərinin,
habelə mütəxəssislərin təklifləri nəzərə
alınaraq Tədbirlər Planı hazırlanıb: “Turizm
ili”nin əsas hədəfi turizm infrastrukturu ilə
bağlı məsələlərin öz həllini
tapmasıdır. Digər hədəfimiz turizm işinin təşviqidir
ki, bunu daha geniş coğrafiyada, daha böyük auditoriyaya
çatdırmaq lazımdır. Bu il eyni zamanda turizm xidmətlərinin
keyfiyyətini yaxşılaşdırmaq üçün bu
sahədə peşə və ali təhsillə bağlı
tədbirlər həyata keçiriləcək. Azərbaycan
turizminin təşviqi ilə əlaqədar ölkədə
və xaricdə bir çox tədbirlərin keçirilməsi
nəzərdə tutulur. Bütün bunlar Tədbirlər
Planında öz əksini tapıb. Sənəd artıq Nazirlər
Kabinetinə təqdim olunub. İndi müvafiq nazirliklərlə
razılaşdırma mərhələsindədir. Onu da qeyd
edim ki, Tədbirlər Planının əsas hədəflərindən
biri də müalicə turizmi ilə bağlı,
Gürcüstan, Türkiyə, Rusiya və İranla sərhədyanı
turizm əməkdaşlığı məsələləri,
turizm sahəsinə investisiya ilə əlaqədar beynəlxalq
konfransların keçirilməsidir. Bu tədbirlərin
keçirilməsində nazirliyə hotellər və turizm şirkətlərinin
dəstəyi lazımdır”.
Bu il Azərbaycanın müstəqilliyinin
20 ilinin geniş qeyd olunacağını, ölkə
başçısının bununla bağlı xüsusi sərəncam
imzaladığını deyən sektor müdiri Mədəniyyət
və Turizm Nazirliyində də bir neçə layihə
hazırlandığını bildirdi: “Azərbaycan qeyri-maddi
irs nümunələri ilə zəngin bir ölkədir. Müxtəlif
rayonlarda əl sənətkarlığı, muğam, musiqi və
s. festivalların keçirilməsinə turizm şirkətlərini
də cəlb etmək vacibdir. Turizm şirkətləri bu tədbirlərlə
bağlı öz turist məhsullarını hazırlaya bilərlər.
Bu həm də ölkəyə turist cəlbi
baxımından da əhəmiyyətlidir».
M.Qəhrəmanov maraqlı məlumatı
da nəzərə çatdırdı. Bildirdi ki, Mədəniyyət
və Turizm Nazirliyi Şahdağın zirvələrinin birinə
turizm ili ilə bağlı tur təşkil etməyi və həmin
zirvədə lövhə qoymağı nəzərdə
tutur: «Gələcəkdə turizm şirkətləri həmin
marşrutu öz turpaketlərinə daxil edə bilərlər».
«Skal Bakı»nın iclasında
turizm sənayesinə tətbiq olunan vergi qaydaları da
müzakirə olundu. Sonda Turizm İnstitutunun yeni yaradılan
Milli Təlim Mərkəzinin və «Grand Hotel Europa»
mehmanxanasının geniş təqdimatı keçirildi.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 2 mart.- S. 9.