Milli Kitabxanada Xocalı qurbanlarının xatirəsi
anıldı
Fevralın 25-də M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında Xocalı faciəsinin 19-cu
ildönümünə həsr olunmuş tədbir
keçirildi. Tədbirdə “Soyqırımı cinayəti” və
“Xocalı soyqırımı” kitablarının, həmçinin
kitabxananın hazırladığı “Xocalı” adlı
elektron məlumat bazasının da təqdimatı oldu.
Tədbiri giriş sözü ilə
açan kitabxananın direktoru Kərim Tahirov Azərbaycan
xalqının tarixinə qara səhifə kimi
yazılmış Xocalı faciəsinin dəhşətlərindən
bəhs etdi, ermənilərin Xocalıda törətdikləri
qırğını tarixdə bərabəri olmayan faciə
adlandırdı. Qeyd etdi ki, Azərbaycan həqiqətlərinin
dünyaya tanıdılması üçün dövlət
səviyyəsində mühüm tədbirlər həyata
keçirilir, hər il müxtəlif dillərdə yeni nəşrlər
işıq üzü görür.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyev Xocalıda törədilmiş
genosidin heç vaxt Azərbaycan xalqının
yaddaşından silinməyəcəyini vurğuladı: “Ermənistanın
dinc əhaliyə qarşı bu siyasəti Azərbaycan
xalqına qarşı cinayət idi. Həmin gün yüzlərlə
günahsız insan qətlə yetirildi. Bu hadisələr
heç vaxt unudulmayacaq. Bu cinayət faktları bu gün
“Xocalıya ədalət” kampaniyası çərçivəsində
beynəlxalq ictimaiyyətə çatdırılır”.
Xocalı faciəsinin
dünyanın müxtəlif ölkələrində anım
tədbirləri ilə yad edildiyini deyən Vaqif Əliyev bu
mövzuda tarixi araşdırmaların, tədqiqat işlərinin
aparılmasını zəruri hesab etdi. “Azərbaycan beynəlxalq
təşkilatlara üzv olduqdan sonra Xocalı həqiqətləri
dünyaya daha geniş şəkildə tanıdılmağa
başlayıb. Bu işlər davam etdirilməlidir. Bu sahədə
tarixi sənədlər, tarixi faktlar təhlil olunmalı,
kitablar yazılmalı, müxtəlif dillərə tərcümə
olunaraq dünyaya yayılmalıdır”.
Tədbirdə “Xocalı
soyqırımı” kitabının müəllifi, Bakı
Slavyan Universitetinin elmi işçisi, istefada olan polis polkovniki
Sadir Məmmədov və “Soyqırımı cinayəti”
kitabının tərtibçisi Natiq Abdullayev, Xocalı Şəhər
İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev
və başqaları çıxış etdilər. Qeyd
olundu ki, erməni quldurları tərəfindən
xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş
bu qanlı faciə ilə bağlı həqiqətlər gələcək
nəsillərə olduğu kimi
çatdırılmalıdır.
Tədbir
iştirakçıları 200-dən artıq kitab, jurnal, qəzet
materiallarının nümayiş etdirildiyi “Xocalı - şəhid
şəhər” mövzusunda sərgi ilə tanış
oldular. Mərasimdə “Xocalı” adlı elektron məlumat
bazasının da təqdimatı keçirildi. Məlumat
bazasına “Soyqırımı”, “Xocalı rayonu”, “Ermənilər
tərəfindən dağıdılmış abidələr”,
“Xocalı qətliamı”, “Ermənilərdən etiraflar” və
s. bölmələr, eyni zamanda, müxtəlif kitab və məqalələr
yerləşdirilib.
Ceyhun
Mədəniyyət.-
2011.- 2 mart.- S. 6.