“Xocalı soyqırımı” adlı sərgi açılıb

 

   Dekabrın 25-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına Sərgi salonunda “Xocalı soyqırımı” adlı müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət sərginin açılışı oldu. Tədbirdə çıxış edən Rəssamlar Birliyinin sədri Fərhad Xəlilov Xocalı faciəsinə həsr olunmuş müsabiqələrin, sərgilərin vətən uğrunda şəhid olanların və soyqırımına məruz qalmış günahsız qurbanların xatirələrinin anılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyət daşıdığını vurğuladı.  

 

    Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə müxtəlif mədəniyyət müəssisələrində tədbirlərin keçirildiyini qeyd etdi. “Xocalıda baş verən hadisələrin, ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətlərinin təsviri sənət əsərləri vasitəsi ilə əks etdirilməsi Azərbaycan rəssamlarının yaradıcılığında mühüm yer tutur. Bütün bunlar nəzərə alınaraq 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Rəssamlar İttifaqı ilə birlikdə “Xocalı soyqırımı” respublika müsabiqəsi elan edib. Müsabiqəyə 125 əsər təqdim olunub. Artıq ilk tur yekunlaşıb və sərgidə nümayiş olunan 82 əsər qiymətləndirilərək müsabiqənin qalibləri seçiləcək”. Nazir müavini onu da əlavə etdi ki, müsabiqədə qalib əsərlər beynəlxalq sərgilərdə nümayiş olunacaq.

   Qeyd edək ki, müsabiqə rəsm və rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət olmaqla 4 nominasiya üzrə keçirilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birinci yer üçün 2000 manat, ikinci yer üçün 1500 manat, üçüncü yer üçün 1000 manat ayrılıb, 300 manat məbləğində həvəsləndirici mükafat müəyyən edilib. Qaliblər Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək.  

 

    C. Zərbəliyev

 

    Mədəniyyət.- 2011.- 2 mart.- S. 6.