Novruz şənlikləri Nyu-Yorka səs salacaq

 

   Fırat Purtaş: «Türk dünyasının necə böyük, zəngin mədəniyyətə malik olduğunu göstərəcəyik»

  

   Türkdilli xalqların mədəniyyətinin tanıdılması və təbliğində mühüm layihələr həyata keçirən TÜRKSOY bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Bu il təşkilat milli bayramımız olan Novruzu Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahının yerləşdiyi Nyu-Yorkda böyük təmtəraqla qeyd edəcək. TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş bizimlə söhbətində qurumun digər layihələrindən də bəhs etdi:

  

   «TÜRKSOY-un 2011-ci ildə ən böyük layihələrindən biri Birləşmiş Millətlər Təşkilatının baş ofisində qeyd ediləcək Novruz bayramıdır. Bildiyiniz kimi, 2009-cu ildə UNESCO Novruzu bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edib. 2010-cu ildə isə Azərbaycan da daxil olmaqla digər türkdilli ölkələrin, Novruzu bayram edən dövlətlərin dəstəyi ilə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü elan etdi. Ötən il TÜRKSOY Parisdə Novruz gününü qeyd etmişdi. Bu il isə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində daha geniş tədbir keçirməyə hazırlaşırıq. Bununla bağlı qurumun baş katibi Düsen Kaseinov BMT-nin baş katibi Ban Ki Moon ilə görüşüb və müzakirələr aparılıb. Mən də bu toplantılar çərçivəsində yanvarın 9-dan 18-ə qədər Nyu-Yorkda görüşlər keçirdim.

   Bayramın qeyd olunması ilə bağlı qurum tərəfindən hazırlıqlar gedir. Bu tədbirlərə BMT-dəki türkdilli ölkələrin daimi təmsilçilikləri dəstək verməkdədirlər. Qeyd edim ki, bu xüsusda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevlə də görüşdüm. O bizə belə bir tədbirin həyata keçirilməsi ilə bağlı gördükləri işlərdən bəhs etdi. TÜRKSOY-un bu təşəbbüsünə görə böyük məmnuniyyət hissi keçirdiyini bildirdi. Novruzda səməni hazırlanması daha çox Azərbaycanda yayılıb. Aqşin Mehdiyev Nyu-Yorkdakı Novruz şənlikləri üçün səmənilərin hazırlanmasını öz üzərlərinə götürdüklərini dedi.

   Yəni demək istəyirəm ki, türkdilli ölkələrin səfirləri bu məsələyə böyük önəm verirlər. Təkcə Azərbaycanın deyil, Türkiyənin, Qazaxıstanın də daimi təmsilçiləri ilə görüşmüşəm. Onlar birgə çalışaraq bu tədbirlə türk dünyasını birləşdirən bayramı, Bahar bayramını Nyu-Yorkda bütün dünyaya tanıtmaq əzmindədirlər. BMT-nin baş ofisində keçiriləcək Novruz tədbirindən savayı, sıravi amerikalıları da dəvət edəcəyimiz ikinci bir tədbiri martın 26-da Nyu-Yorkun mərkəzində, “Times Square” 125 nəfərlik salonda keçirməyi planlaşdırırıq. Bu tədbirdə Nyu-York sakinləri və Amerikadakı türkdilli xalqlarının diaspora nümayəndələrini dəvət edəcəyik.

   Doğrudan da, Amerikada yaşayan türk topluluqlarının arasında gözəl bir dayanışma, əməkdaşlıq var. Buradakı türk dərnəkləri, vəqfləri bir-birləri ilə sıx təmasdadırlar. Onu da deyim ki, ötən il Novruz bayramı Amerikadakı Türkiyə səfirliyində keçirilmişdi. Burada bütün türkdilli ölkələrin səfirlikləri iştirak edirdi. Bu, təbii ki, təmsilçiliklərin öz aralarında olan bir bayram tədbiri idi. Bu il isə Novruzu daha genişmiqyaslı şəkildə qeyd edəcəyik. Çalışacağıq ki, Novruz şənlikləri bütün Nyu-Yorka səs salsın. Tədbirə 10 üzv ölkədən 100 sənətçi dəvət etmişik türk dünyasının necə böyük, zəngin mədəniyyətə malik olduğunu göstərəcəyik.

   Novruzla bağlı Azərbaycandan muğam ifaçıları sənətçiləri də dəvət etmişik. Novruza aid rəqslər ifa olunacaq, mahnılar oxunacaq. Məqsədimiz ilk növbədə türk topluluqlarını bir araya gətirmək, onları bir-birlərinə tanıtmaqdır. Keçmiş Sovet İttifaqının türkdilli respublikalarının müstəqillik əldə etməsindən 20 il keçir. Bu zaman kəsiyində bir-birimizi yaxından tanımaq imkanı əldə etdik.

   - Türkdilli xalqların öz aralarında bir-birlərini tanımalarından əlavə, dünyaya tanınma, təqdimat prosesi necə gedir?

   - İndi TÜRKSOY-un yeni vəzifəsi ortaq türk dilimizi dünyaya tanıtmaqdır. Məsələn, istəyirik ki, Azərbaycan mədəniyyəti deyəndə, bir amerikalı sadəcə bunun Azərbaycandan ibarət olmadığını, bunun içərisində Türkiyənin, Qazaxıstanın və bir sözlə bütün türk dünyasının olduğunu öyrənsin. Bu sahədə görüləcək çox işlər var. Yəni mədəniyyət türk dünyasının malik olduğu ən zəngin xəzinə, mirasdır. Bu sahədə qədər çox görsək də, yenə azdır. İmkanlarımız çox yaxşıdır ən önəmli zənginliyimiz yetişmiş insan potensialıdır, sənətçilərimiz, ziyalılarımızdır. Öz növbəmizdə bunların səviyyəsinin daha da artırılması lazımdır. Bütün bunların ərsəyə gəlməsi üçünsə bir büdcə lazımdır. Yəni qurumun büdcəsi çox olsa, daha çox və keyfiyyətli işlər ortaya qoya bilərik. Biz buna çalışırıq.

   - Fırat bəy, son vaxtlar TÜRKSOY türk ədəbiyyatına, mədəniyyətinə dair kitabların çapı, onların yayılması istiqamətində də işlər görür. Maraqlıdır, bu sahədə prioritetləriniz nədən ibarətdir?

   - Biz ilk növbədə çalışırıq ki, milli dillərini inkişaf etdirmək imkanı olmayan, qəzet jurnalları, nəşriyyatları və s. olmayan, dilini itirmə təhlükəsi ilə üz-üzə qalan azsaylı türk toplumları ilə bağlı kitabların çap olunub yayılmasına üstünlük verək. Məsələn, “Mamaydastanı noqay türklərinin qəhrəmanlıq eposudur. Noqay türkcəsiQafqazda danışılan bir türk dilidir. Amma getdikcə bu dil yoxa çıxır. Çünki yeni nəsil nə “Mamay”ı tanıyır, nə də öz dillərini bilir. Biz noqay türklərinin, xüsusilə gəncliyin marağını çəkən bir kitab çap etmək istədik. Yakutiya, Sibir, Xakas türkləri ilə bağlı materiallar əldə edib kitab çap etmişik. TÜRKSOY-a üzv ölkələrin ədəbiyyatlarının qarşılıqlı tərcüməsi ilə bağlı daha geniş işlər görmək niyyətindəyik. Məsələn, Məhtumqulu Fəraqinin kitabını Azərbaycan dilində yayımladıq ki, siz bu böyük türkmən ədibinin yaradıcılığı ilı daha yaxından tanış olasınız. Hazırda bu sahədə qarşılıqlı tərcümə sahəsində mütəxəssislərin yetişməsi üçün proqram hazırlayırıq. Onlar 3 ay ərzində həm dil kursu keçəcək, həm də ədəbiyyatçılar ilə görüş keçirəcəklər.

 

 

    Mehparə

 

    Mədəniyyət.- 2011.- 2 mart.- S. 5.