Novruza doğru... Od çərşənbəsi
İlaxır çərşənbələrdən
ikincisi Od çərşənbəsidir. Bu çərşənbə
qədim insanların Günəşə, oda olan müqəddəs
inamından irəli gəlir. Adət-ənənəyə
görə, bu gün insanlar tonqal qalayıb alovun üzərindən
tullanmaqla çətin günlərin bütün
qaranlığını, ağrı-acısını odda
yandırıb işıqlı həyata çıxırlar.
Xalq arasında “üskü çərşənbə”, “adlı çərşənbə” kimi də tanınan od çərşənbəsi əski görüşlərlə bağlı olub. Günəşi, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüşt görüşlərindən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdirirdilər. Belə bir etiqad yaranırdı ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, oxşasalar, təbiət bir o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Üstündən min illər keçməsinə baxmayaraq bu gün də xalqımız Od çərşənbəsini özünəməxsus şəkildə qeyd edir. Od çərşənbəsinin simvolu olan şam istiliyin, işığın qorunub saxlanılması, səadətin rəmzi sayılır. Ona görə də hər kəs od çərşənbəsini bolluq içində şad-xürrəm keçirməyə can atır.
Od çərşənbəsi həm də özünün adət-ənənələri, ayinləri ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin oyanması və nəhayət, əmək mövsümünün başlanması, torpağın əkininə hazırlıq dövrü bu çərşənbədə əksini tapır.
Çərşənbələrin dini dəyərlər baxımından öyrənilməsi zamanı aparılan müşahidələr də eyni zamanda istiliyin insan bədəninin, insan yaşayışının ünsürlərindən biri kimi qəbul edilməsi ənənəsini irəli sürməkdədir. Qədim dini inanclara görə, dünyanın yaranmasında iştirak edən 4 ünsürdən biri oddur. Atmosferin, havanın istiliyi, insan bədənində, ağacın bətnində, torpaqda istilik və nəhayət, bütün bu istiliklərin məcmusu olan odun əldə olunması, qorunub saxlanması və bununla insan həyatının dəyişməsi görüşləri bu çərşənbə etiqadlarında özünü əks etdirir. Türkdilli xalqlarda Ürgen tanrısının yaranması da, təsadüfi deyil ki, günəş, od, atəş anlamı ilə bağlıdır. Bu anlamın arxasında bir tərəfdən əgər zərdüştiliyin təsiri özünü göstərirsə, digər tərəfdən türk xalqlarının özünün inkişafa, tərəqqiyə, insan həyatını yaxşılaşdırmağa olan etiqadları ümumiləşirdi. Nisbətən sonralar zərdüştilik də odun bu müqəddəsliyini saxlayıb. Onunla bağlı ayrı-ayrı ayinlər yaratmış xalqlar da bu ayinləri gündəlik məişətlərində davam etdirməklə yanaşı, eyni zamanda ilin axırıncı çərşənbəsində həyatın oyanması, istiliyin yenidən insanlara qayıtması görüşlərini də qoruyub saxlayıblar, bunu bayram, ayin, mərasim şəklində öz şənliklərinə daxil ediblər.
Bu çərşənbədə daha güclü tonqallar çatılır, daha güclü atəşfəşanlıq keçirilir, tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.
Od həm də
işıqdır. Bahara doğru bir çərşənbə
də yol gəldik. İşıq
da, od da lap yaxındadır...
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 2 mart.- S. 4.