Berlin Filarmoniyasında xatirə
konserti
Berlin Filarmoniyasında Xocalı
faciəsinin 19-cu ildönümünə həsr olunmuş xatirə konserti keçirilib.
Azərbaycanın Almaniyadakı səfirliyinin
təşkil etdiyi xatirə konsertində bu ölkədə fəaliyyət
göstərən diplomatik korpusun rəhbərləri,
jurnalistlər, elmi dairələrin nümayəndələri,
Almaniyada təhsil alan azərbaycanlı tələbələr,
diasporumuzun təmsilçiləri iştirak ediblər. Konsert
barədə məlumatın Berlin Filarmoniyasının rəsmi
saytında yerləşdirilməsi tədbirə marağı
daha da artırıb. 600-dən çox qonağın yer
aldığı konsertdə öncə Xocalı
soyqırımı və “Xocalıya ədalət” beynəlxalq
kampaniyası barədə məlumat verilib.
Sonra Almaniyanın tanınmış
“Berlin Classic Players” kamera orkestri görkəmli Avstriya və
alman bəstəkarları Motsart və Haydnın, eləcə
də Azərbaycan bəstəkarlarının klassik musiqilərini
yüksək məharətlə ifa edib. Həmyerlimiz, Köln
Konservatoriyasının müəllimi, pianoçu Elnarə
İsmayılova tədbir iştirakçılarını Azərbaycan
bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Cövdət
Hacıyevin musiqiləri ilə tanış edib.
Mədəniyyət.- 2011.- 2 mart.-
S. 12.