Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik
yubileyi qeyd edilib
Martın 2-də Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı
Oqtay Sadıqzadənin anadan olmasının 90 illiyinə həsr
edilmiş tədbir keçirilib. Tədbirdə
çıxış edən akademiyanın rektoru, Xalq rəssamı
Ömər Eldarov yubilyarın mənalı ömür yolundan
və zəngin yaradıcılığından
danışıb.
O, qeyd edib ki, Oqtay Sadıqzadə
1921-ci il fevralın 24-də Bakının Novxanı kəndində
dünyaya göz açıb: “Həyatın ağır
sınaqlarından üzüağ çıxan, daim zəhməti
ilə çoxlarına örnək olan bu insan Azərbaycan rəssamlıq
tarixində qalmaq şansını çoxdan qazanmış sənətkarlarımızdandır.
Onun yaratdığı rəsm əsərləri daim öz
orijinallığı ilə seçilib, fərqlənib”.
Natiq vurğulayıb ki, Oqtay Sadıqzadənin zəhməti daim yüksək qiymətləndirilib. O, 1977-ci ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. “Şöhrət” ordenli sənətkar bu günlərdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
Tədbirdə çıxış edən digər natiqlər O.Sadıqzadəni Azərbaycan rəssamlıq məktəbinin ən tanınmış nümayəndələrindən biri kimi dəyərləndirmiş və onunla bağlı səmimi fikirlərini söyləmişlər.
Bütün iştirakçılara minnətdarlığını bildirən yubilyar deyib ki, məni sənətə olan sonsuz sevgim yaşadır. Həyatda çox şey dəyişir, məhdudlaşır, amma insanın daxilindəki sənət sevgisi, sənət eşqi daim onu yaşamağa səsləyir.
Tədbirdə Xalq rəssamının tələbələrinin diplom işlərindən ibarət sərgi açılıb və Oqtay Sadıqzadədən bəhs edən videoçarx nümayiş etdirilib.
Mədəniyyət.- 2011.- 4 mart.-
S. 12.